Murad Ədilovu Kürdaxanıya göndərdilər

11 avqustda Sabirabadda həbs olunaraq dünənə qədər “Bantotdel”də saxlanılan AXCP üzvü Murad Ədilov Kürdəxanı təxcridxanasına köçürülüb. Ədilovun vəkili Yalçın Imanov bu hadisədə, yəni Muradın indi Kürdəxanıya köçürülməsini qanun pozuntusu olduğunu iddia edir. O deyir: “Murad Ədilov haqqında həbs qətimkan tədbiri avqustun 13-də Nərimanov Rayon Məhkəməsində seçilib.

Həmin qərarda Murad Ədilovun saxlanma yeri kimi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı istintaq təcridxanası göstərilib. Bu qərar 13 avqustda günün birinci yarısında qəbul olunub. AR CPM 157.3 maddəsinin tələbinə əsasən, məhkəmə qərarı ilə həbs olunmuş şəxs müvəqqəti saxlanma yerində 24 saatdan artıq saxlana bilməz və bu müddət bitənə qədər istintaq təcridxanasına köçürülməlidir. Ancaq əldə etdiyimiz məlumata görə, Murad Ədilov avqustun 15-də səhər saatlarında Bakı istintaq təcridxanasa köçürülüb. Bu isə kobud qanun pozuntusudur. Bu bir daha Murad Ədilovun saxlanılarkən ona təzyiqlərin göstərilməsi ilə bağlı şübhələri gücləndirir”.

Xatırladaq ki, Murad Ədilovun “Bandotdel”də saxlanıldığı gün bəlli olandan vəkil Yalçın Imanovla müqavilə bağlansa da, ona Muradla görüşə icazə verilməyib. Muradın qardaşı Natiq Güləhmədoğlunun iddiasına görə, qardaşı saxlanılarkən və Sabirabad polis şöbəsindəykən ölümcül mənəvi və fiziki işgəncələrə məruz qoyulub. Eyni vəziyyətin “Bandotdel”də də yaşanması barədə o hələ məlumatsızdır. N.Güləhmədoğlu hesab edir ki, qardaşının vəkillərlə təmasına imkan verilməməsinin özü də həm Murada, həm də onun ailəsinə işgəncədir.

Yada salaq ki, bu günə qədər hələ də Muradın vəkili Yalçın Imanova onunla görüşməyə imkan yaradılmır. Murad Ədilovun müdafiə hüquqlarının pozulması və işgəncə faktı ilə bağlı şikayətlər də edilib.

 

azadlıq.info