Susun və varisləriniz üçün arqument hazırlayın!

Bir neçə aydır ki, Azərbaycan israrla stalinizm epoxasına qayıdır. Azərbaycan hakimiyyəti bütün dünyanın, bütün mütərəqqi bəşəriyyətin gözləri qarşısında ölkədəki alternativ fikir daşıyıcılarına divan tutur, onları bir-bir şərləyərək həbsxanalara doldurur. İndi hər kəs «sabah da mənim qapımı döyəcəklər» əhvalı ilə yaşayır. Qapısı döyülənlər qorxmur. Azadlığını və vicdanını qoruya bilmiş seyrək mətbuat vahidlərində, 37-lərdə olmayan sosial şəbəkələrdə siyasi fəalların, gənclərin təpkisi aşkar görünür. Amma qapısı döyülməyənlər qorxur. Stalinizm zamanında da belə idi…

Stalin zamanında mətbuat bu kütləvi həbsləri və edamları «xalq düşmənlərinə ölüm» ritorikası ilə başlayır, sovet xalqının beş iliik planlardakı uğurları ilə bağlı yalanları insanların qarşısına tullayır, Sovet quruculuğuna qarşı çıxanları Vətənə xəyanətdə ittiham edirdi. Bizim günlərin mətbuatı da hakimiyyətin Vətənpərvərlik siyasəti ilə qürrələnir, diversant ovlayır, hansısa rayonları-kəndləri ermənilərdən alıb azərbaycanlılara verir və bu siyasətə dəstək verməyənləri xalq düşmənləri adlandırır.

Bizim günlərdə stalinizm geniş müzakirə edilir. Sovet ədəbiyyatının və ictimaiyyətşünaslığının bizə sırıdığı bütləri qırmaq istəyənlərlə bu bütlərin qorunub saxlanmasından ləzzət alanlar arasında arqument müharibəsi gedir. Bu arqumentlərdən ən geniş yayılanı da «o dövrün reallığını dəyərləndirmək» çağırışıdır. Deyirlər ki, stalinizm o günlərdə heç kimə aman vermir, hamını basqı altında saxlayır və hər kəsi qorxudurdu. Olayların bu tərəfi stalinizmlə üst-üstə düşür.

Stalinizm zamanında gedən proseslərin ssenarisi bütün sovetləşmiş xalqların və təbii ki, o cümlədən, azərbaycanlıların elitasını silib- süpürüb atmaq, məhv etmək və yeni, totalitarizmin təranələrini ütüləyən müti elita yetişdirmək idi. İndi də belədir.

Əliyevçi avtoritar idarəetmə başqa cür düşünənləri, millətin real və potensial elitasını, yüksək təhsil görmüş iddialı gəncliyi yox etmək, əvəzində totailatirizmin ruhuna xələl gətirmək iddiasında və imkanında olmayan saxta bir elita yetişdirmək istəyir. Məsələnin bu tərəfi də, fərqli deyil.

Stalinizmin əzdiyi, sındırdığı, məhv edilən 37 qurbanlarına danos yazmaqla onların ölümünü sürətləndirən və amansızlaşdıran sovet ziyalılarını indi də dəstəkləyənlərin Azərbaycan ziyalılarına, jurnalistlərinə, hüquq müdafiəçilərinə, vəkillərinə, siyasilərinə divan tutanlara danos yazmadıqlarını kimsə iddia edə bilməz. Hətta danos yazmasalar belə, onların susqunluğu bu anlama gəlir və bunun adı qiyabi danosdur.

Hanı Azərbaycanın ziyalıları? Ölkədəki bu dibsizliyi görüb susmaq onların iddia etdiyi ziyalı adına, heçmi xələl gətirmir? Ad çəkə də bilərəm, çəkməyə də bilərəm. Zatən, hər kəs bu sualların kimlərə ünvanlandığını yaxşı bilir. Ziyalının mövcudluğu onun ölkədəki ədalətsizliklərə münasibəti ilə də yox, birmənalı şəkildə etirazı ilə bağlıdır. Bu etiraz yoxdursa, deməli, o, ziyalı deyil. Amma Azərbaycanda bir Ziyalılar Birliyi vardı. Orada toplaşanlar özlərinin siyasi birlik olmadıqlarını iddia etdiklərinə görə, həm də o təşkilat bir siyasi kampaniya ilə başlayıb bitməməli və davam etməli idi. Hanı o birlik? Hansı yaramazlıq bitirdi o Birliyin ömrünü?

Maksimalist deyiləm və o adamların siyasətdə iştirakını vacib saymıram. Amma axı, bu, siyasət deyil. Aşkar görünür ki, rejimin məqsədi, sadəcə olaraq, «narahat» insanları qorxutmaq deyil, həm də lap yüksək keyfiyyətli dəri ayaqqabı qədər «rahat» insanları bir daha, təkrar-təkrar qorxutmaqdır. Bu qorxu, sadəcə, bir rejimin ömrünü uzatmaq üçün gərək deyil, həm də bir millətin simasını, mənasını, mahiyyətini dəyişmək üçündür. O ziyalılar aid olduqları millətin simasının bir siyasi rejim tərəfindən dəyişdirilməsinə bu qədərmi rahat şəkildə baxa bilirlər? İçlərindən heçmi etiraz etmək, hayqırmaq, «bu vəhşiliyi durdurun!» deyə bağırmaq gəlmir?

«Azadlıq» qəzetinin və «Azərbaycan Saatı»nın əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilovun yaşadığı Sabirabaddakı o kənd evinə bilirsinizmi, nə qədər silahlı polis basqın edib, cənab ziyalılar? 100 nəfər! Bu əməliyyatda 100 nəfər silahlı iştirak edib, eşidirsinizmi? Yoxsa, karsınız? Həm də, çox əla bilirdilər ki, o evdə kim var və o evə 3 nəfər də gedə, heç kim getməyə də bilərdi. Çünki o evdə bir nəfər də olsun, cinayətkar yox idi. O evdə xəstə bir qadın, hamilə bir gəlin vardı. Amma 100 nəfərlik bir ordu gedib! Çünki Azərbaycan ziyalılarının sındırıldığını, səsini çıxara bilməyəcəyini dəqiq hesablayırlar. Bu 100 nəfərlik dəstə ilə onlar kəndbəkənd gəzər, xoşlarına gəlməyən hər bir nəfəri mühasirəyə alıb götürər, işgəncə verər, şərləyər! Çünki siz yoxsunuz!

Buraxın Muradı. O, bir kişidir. Əsl kişi olduğunu da sübut etməkdədir. Bəs, Leyla xanım? Minlərlə insanın hüquqlarını qoruyan, bütün həyatı azərbaycanlıların hüquqları uğrunda mübarizəyə həsr edilmiş bir qadının şərlənərək həbs edilməsinə qarşı cınqırınızı da çıxarmırsınız! Bəlkə, adını Azərbaycan ziyalısı qoyanlar da bir neçə Heydərçi klaviaturaya qoşulub onun şəcərəsində erməni izi axtaracaqlar?!

Sizin üçün 37-ci ildir və 50 il sonra sizin varisləriniz sizə qarşı yönələn itihamlara cavab olaraq «Əliyev dövrünün gercəklikləri başqa cür idi» deyəcəklər. Siz 50 il sonrakı varisləriniz üçün bu arqumenti hazırlayırsınız və bütöv bir millətin sındırılması prosesini gözünüzü belə qırpmadan, müticəsinə izləyirsiniz. Çünki sizə ev lazımdır, təqaüd lazımdır, mükafat lazımdır, övladlarınıza rüşvət ala biləcəyi və korrupsiya təşkilatçılığı sahəsində təminatlı iş lazımdır, maşın lazımdır, bağ lazımdır…, zəhrimar lazımdır! Millətə isə heç nə lazım deyil və ümumiyyətlə, bu millət deyəsən, heç kimə lazım deyil!

Susun və cəhənnəmə susun! Tarix boyu millətin üzünü susmayanlar ağardıb. Lap beş nəfər olsalar belə. Susduğunuz qədər, siz də bu millətə gərək deyilsiniz, özünzün gərək ola biləcəyiniz ünvanı axtarın!