“Stratfor” Soçi görüşünün sirrini açdı

Vəfa Quluzadə: «Rusiyanın Azərbaycanı təsir altına almaq üçün atdığı addımlar bir səmərə verməyəcək»

ABŞ-ın nüfuzlu beyin mərkəzi “Stratfor” avqustun 10-da baş tutan Soçi görüşü və Rusiyanın Qafqaz üzərindəki oyunları ilə bağlı maraqlı məqalə dərc edib. “Stratfor”a görə, hazırda Rusiyanın əsas hədəfi Azərbaycan üzərində təsir imkanlarının saxlamaqdır. Moskvanın eyni zamanda Azərbaycan və Ermənistan üzərindəki dominant mövqeyini saxlamaq üçün separatçı Dağlıq Qarabağ bölgəsindən istifadə etdiyi də aşkardır.

Mərkəzin ekspertləri onu da vurğulayırlar ki, Rusiya Azərbaycanı ələ almaq üçün səylərini genişləndirib.  «Azərbaycan Rusiyanın heç bir hərbi qüvvəsi olmayan yeganə Qafqaz ölkəsidir. Lakin Bakı getdikdə enerji və regional xarici siyasətində Moskvanın maraqlarını nəzərə almağa başlayıb. Ukrayna böhranından sonra isə Azərbaycanın enerjisinin əhəmiyyəti artıb. Məhz buna görə, Rusiya Azərbaycanı ələ almaq və Qərbə meyillənmək addımlarının qarşısını almaq istiqamətində səylərini genişləndirib. Birincisi, Rusiyanın neft nəhəngi Rosneftlə ARDNŞ arasında yeni müqavilələrlə Azərbaycanın enerji sektorunda əlaqələrini gücləndirib. İkincisi, Bakıya silah satışını artırıb. O cümlədən, təhlükəsizlik məsələləri üzrə böyük əməkdaşlıq variantları araşdırılır. Nəhayət, Rusiya 1988-1994-cü ildə baş verən separatçı müharibə ilə itirilən Dağlıq Qarabağ və ətraf rayonların bir neçəsini Azərbaycana qaytarmaq istiqamətində diplomatik fəaliyyətə başlayıb. Ərazilərini bərpası Azərbaycan üçün əsas strategiya olaraq qalır və bu, Moskva təsirini onun üzərində artırır», deyə məqalədə vurğulanır. 

Bundan başqa Rusiyanın diqqəti təkcə Azərbaycana deyil, Ermənistana da yönəlib. Məqalədə vurğulanır ki, Ermənistan enerji naziri bəyan edib ki, Rusiya Ermənistanda 4,9 milyard hesabına inşa ediləcək atom elektrik stansiyasının 35 faizini maliyyələşdirə bilər. Həmçinin, Dağlıq Qarabağla bağlı görüşdən sonra Sərkisyan bildirib ki, Ermənistan bu il imzalanacaq sazişlə Avrasiya İqtisadi Birliyinə qoşulacaq. Bu, isə heç şübhəsiz Azərbaycana silah satışının fonunda diqqət çəkəndir: «Bu addımlar göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsində əvəzolunmaz hakim statusunu qorumaqla hər iki tərəflə sıx əlaqələrini saxlamayaraq vəziyyəti idarə etmək niyyətindədir». 

ABŞ-ın əsas beyin mərkəzlərindən biri sayılan “Stratfor”un bu mövqeyi maraq kəsb edir. Təhlillərin məhz Soçi görüşündən sonraya təsadüf etməsi də təsadüfi deyil. Digər ekspertlər də vurğulayırlar ki, hazırda Rusiya əlində olan bütün imkanları səfərbər edərək Azərbaycanı təsiri altına almağa çalışır.

Politoloq Vəfa Quluzadə hesab edir ki, “Stratfor”un analizləri reallıqla səsləşir. Həqiqətən də Rusiyanın Azərbaycanı ələ almaq üçün bir çox metodlardan istifadə etdiyini deyən V.Quluzadə bildirdi ki, bu metodlardan ən yararlısı silah satışıdır: «Silah alan ölkə istər-istəməz silah satan ölkədən asılı vəziyyətə düşür. Çünki həmin silaha qulluq etmək, onu ehtiyat hissələri ilə təchiz etmək gərəkdir. Bu baxımdan Azərbaycandan müəyyən asılılığı var. Amma Azərbaycan təkcə Rusiyadan silah almır. Bu isə doğru yanaşmadır. Azərbaycan hazırda Pakistandan, İsraildən də silah alır».

Rusiyanın Azərbaycanı təsir altına almaq üçün atdığı addımların bir səmərə verəcəyinə inanmayan V.Quluzadə düşünür ki, çünki Rusiya hazırda özü gərgin durumdadır. Amma V.Quluzadə hesab edir ki, Rusiyanın son təşəbbüslərində sevindirici məqamlar da var. «Baş verənlər göstərir ki, Rusiya artıq 20-ci illərdə olduğu kimi Azərbaycanı güc, qoşun yolu ilə ram etməyə çalışmır. Artıq rusiya bu istiqamətdə iqtisadi gücündən, diplomatik imkanlarından istifadə edir. Bu addımlar isə Rusiya zəif olduğundan bir nəticə verməyəcək», deyə V.Quluzadə vurğuladı.

Xəyal