“Mənə fiziki təsir göstərdilər və əlimdən tutub zorla protokola imza atdırdılar”
Bu gün Apellyasiya Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Ruslan Nəsirlinin şikayəti üzrə məhkəmə prosesi keçirilib. Ruslan Nəsirlinin vəkili Fəxrəddin Mehdiyevin verdiyi məlumata görə, müvəkkili saxlanma zamanı qanun pozuntusu ilə üzləşib və fiziki, psixoloji təzyiqlərə məruz qalıb.

Ruslan Nəsirli də çıxışı zamanı bildirib ki, ona qarşı irəli sürülən ittihamlarla eazı deyil: “Mənə qarşı irəli sürülən ittihamda bildirilir ki, guya mən 53 saylı məktəbin qarşısında kimisə vurmaq istəmişəm. Deyilən ərazidə müşahidə kameraları var. Əgər doğurdan da mən həmin ərazidə olmuşamsa, hansısa xuliqanlıq etmişəmsə bunu faktlarla sübuta yetirsinlər. Onu da qeyd edim ki, mən haqqımda irəli sürülən ittihamlara könüllü imza atmamışam. İdmançı görkəmli 2 şəxs mənə fiziki təzyiq göstərdi və əlimdən tutaraq zorla imza atdırdılar. Eyni zamanda məni 6 saat ac-susuz saxladılar. Mən heç bir qanun pozuntusuna yol verməmişəm və peşman olacağım addım atmamışam”.
Daha sonra hakim Vüqar Məmmədov bütün proseslərdə olduğu kimi, ənənəyə sadiq qalaraq Yasamal Rayon Məhkəməsinin qərarını qüvvədə saxladı.

Onu da qeyd edək ki, məhkəmə açıq keçirilməsinə baxmayaraq zalda olan insanlar hakimin göstərişi ilə məhkəmə zalından çıxarıldı. Buna səbəb kimi zalda olan şəxslərdən birinin telefonuna zəng gəlməsi göstərildi. Halbuki, həmin şəxsin cəbhəçilərə heç bir aidiyyatı yox idi. Yəni, hakim bəhanə gətirərək, heç bir əsas olmadan məhkəmə iştirakçılarını bayıra çıxardı.
Xatırladaq ki, Ruslan Nəsirli “facebook”da “Ali baş komandan cavab ver!” eventi yaratdığına görə həbs olunub. Üç gün Ruslan Nəsirlinin həbsi barədə rəsmi qurumlar heç bir açıqlama verməyib. Bu da həmin müddətdə onun işgəncəyə məruz qalması ehtimallarını artırır.
Ruslan Nəsirli xırda xuliqanlıq və polisə tabe olmamaq maddələrilə təqsirli bilinirək Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 sutka azadlıqdan məhrum edilib.
İnformasiya şöbəsi


