“Qarabağı pul ilə qaytarmaq söhbəti gülüncdür”

«Ermənistan Qarabağı satışa çıxara bilməz, bununla bağlı xəbərlər sadəcə olaraq spekulyasiyadır»

Vəfa Quluzadə: «Qərblə qarşıdurmada Rusiya güclənəcəksə, Azərbaycanın durumu pisləşəcək»

Istər Soçi görüşü ərəfəsində, istərsə də görüşdən sonra Azərbaycanın işğal altında olan ərazilərinin azad olunması ilə bağlı maraqlı mülahizələr səslənməkdədir. Onlardan biri işğal altındakı ərazilərin müəyyən maliyyə vəsaitinin müqabilində geri qaytarılmasıdır. Mövzu ilə bağlı müxtəlif rəqəmlər səslənməkdədir. “Yeni Müsavat” qəzetinin dünənki sayında dərc olunan məqalədə vurğulanır ki, Ermənistana işğal altında olan əraziləri geri qaytarması üçün 10 milyard vəsait təklif olunub. Problemin bu formada həlli nə dərəcədə mümkündür? Politoloq Vəfa Quluzadə ilə söhbətimizdə bu və başqa suallara aydınlıq gətirməyə çalışdıq:

– Ermənistan Moskvanın icazəsi olmadan heç bir addım ata bilməzlər. Ona görə bu mövzuda yayılan bütün xəbərlər sadəcə olaraq spekulyasiyadır. Birincisi onu qeyd edək ki, Ermənistan Qarabağı satışa çıxara bilməz. Çünki Qarabağı yalnız Rusiya satışa çıxara bilər. Qarabağı və onun ətrafındakı yeddi rayonu Rusiya işğal edib. Ona görə biz torpaqları pul ilə Ermənistandan ala bilmərik. Moskvanın isə bizim təklif etdiyimiz milyardrlara hələlik heç bir ehtiyacı yoxdur. Rusiyanın təbii sərvətlərdən qazandığı vəsait hələ ona bir müddət ayaqda durmağa imkan verə bilər. Rusiya milyardları itirsə də onun yerinə də vəsait hələlik gəlməkdədir. Əgər proses yalnız Ermənistanın iradəsindən asılı olsaydı o zaman biz çoxdan Yerevanla razılığa gələrdik.

“Paris görüşü nəticə verə bilər”

– Soçi görüşünün tələsik formada keçirilməsi təsadüfi sayılmır. Bəzi məlumatlara görə, Putin Obama ilə Ollandın bir müddət sonra görüş təşəbbüsü ilə çıxış edəcəyini bildiyindən belə bir addım atıb. ABŞ-ın Karnegi Beynəlxalq Sülh Fondunun təhlilçisi Tomas de Vaal bildirib ki, payızda Əliyev və Sarkisyanın yenidən görüşü gözlənilir.ÿParisdə keçirilməsi planlaşdırılan BMT Baş Assambleyasının iclası çərçivəsində nəzərdə tutulan görüş Obama və Ollandın təşəbbüsü ilə baş tutacaq…

– Düşünürəm ki, bu cür fərziyyələr həqiqətə uyğundur. Soçi görüşü həqiqətən də gözlənilməz və tələsik oldu. Çünki Putin tamamilə Qarabağ məsələsini gündəmdən çıxarmışdı və bu proseslə məşğul olmurdu. Vaxtı ilə Medvedevin təşəbbüsü ilə dövlət başçıları biraraya gəlsə də, sonradan bu cür addımlar atılmamışdı. Amma gözlənilmədən atəşkəs xəttində gərginlik artaraq, müharibə səviyyəsinə gəldi. Daha sonra Soçi görüşü baş tutdu və bu görüşün heç bir real nəticəsi olmadı. Soçi görüşündə olduqca xırda məsələlər müzakirə olundu. Tərəflər əsrlərin dəyişdirilməsinə dair razılıq əldə etdilər. Vaxtı ilə Fransa prezidenti Şirakın təşəbbüsü ilə də oxşar addım atılmışdı. Mətbuatda bu böyük uğur kimi göstərildi. Amma bu böyük uğur deyildi. Bu bir humanitar addım idi və Şirak sağolsun ki, belə bir təşəbbüsə imza atmışdı. Amma problemin həlli istiqamətində Rusiyanın dirənişi üzündən heç bir irəliləyişə nail olunmadı. Hazırda da oxşar vəziyyətdir. Rusiyanın Qarabağ problemini həll etmək üçün heç bir niyyəti yoxdur. Amma Rusiya Qarabağ probleminin həllində ABŞ və Fransanın aktivləşməsindən çox narahatdır. Bu səbəbdən də Soçi görüşü baş tutub. Amma Parisdə nəticə əldə oluna bilər. Çünki Ermənistan Rusiyadan kənarlaşdıqca onunla danışıqlar aparmaq daha asan olacaq. Qərb Ermənistanı əmin etməyə çalışır ki, problemin həlli istiaqəmtində real addım atsa onu Azərbaycan tərəfindən heç bir təhlükə gözləmir. Qərb Ermənistanın arxasından Rusiyanın çəkilməsinə çalışır. Qərb situasiyadan narazı, Rusiya isə ABŞ və Fransanın aktivliyindən narahatdır.

– Amerika Xarici Siyasət Şurasının baş tədqiqatçısı Stefen Blankın Qarabağda baş verənlərlə bağlı maraqlı fikirləri var. O, hesab edir ki, Rusiyanın regionda sülhdə marağı yoxdur. Hərbi insidentlərin yenidən baş qaldırması ehtimalının kifayət qədər yüksək olduğunu deyən Blank vurğulayıb ki, Rusiya müxtəlif növ səbəblərdən, yaxud bilərəkdən bu insidenti başlada bilər. Ona görə Blank hesab edir ki, ABŞ Azərbaycanın təhlükəsizlik maraqlarını ciddi qəbul etməlidir…

– Eyni fikirləri mən illər boyudur deyirəm. Münaqişənin hələ də həll olunmamasında Qərbin əlbətdəki məsuliyyəti var. Eyni zamanda Qarabağ böhranını yaradanın da məhz Rusiya olduğunu hazırda nüfuzlu ekspertlər etiraf edirlər. Gözlənilən odur ki, Qarabağ problemi tədricən Rusiyanın nəzarətindən çıxacaq. Qərb Azərbaycanın dəstəklənməsi istiqamətində real addımlar atacaq. Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin fonunda keçmiş sovet ölkələrinə dəstəyi də artıracaq. Qərb Ukraynada geri çəkilmək niyyətində deyil. Ukrayna cəbhəsindəki ən böyük nəticə Rusiyanın zəifləməsi olacaq. Çünki Rusiya geri çəkilə bilmir. Geri çəkilmək Putin üçün böyük məğlubiyyətdir. Azərbaycanın durumu Rusiyadan asılıdır. Qərblə qarşıdurmada Rusiya güclənəcəksə, Azərbaycanın durumu pisləşəcək. Yox Rusiya zəifləyəcəksə, o zaman biz Qərbin köməkliyi ilə problemi həll edəcəyik.

Xəyal