İntiqam Əliyevin həbsi kimləri müdafiəsiz qoydu?

Hüquq müdafiəçisinin həbsinin bir səbəbi də 71 şikayəti Avropa Məhkəməsinə çıxarması olub

Müzəffər Baxışov: «Intiqam Əliyevin həbsi bir daha sübut etdi ki, Azərbaycan hüquq dövləti deyil»

Azərbaycanda 37-ci il ab-havası davam edir. Vəziyyət o həddə çatıb ki, insanları hüququnu qoruyan şəxslər də qondarma ittihamlarla həbs olunur. Son olaraq tanınmış hüquqşünas Intiqam Əliyev həbs olundu və onun ofisindəki vacib sənədlər müsadirə olundu. Bu sənədlər Azərbaycan hakimiyyətinin qanunsuz əməlləri ilə bağlı Avropa Məhkəməsinə təqdim olunancaq siyahılardı. Eyni zamanda Avropa Məhkəməsində onlarla iş var ki, birbaşa Intiqam Əliyevin nəzarətindədir.

Bugünlərdə mətbuata müsahibəsində Milli Şura sədri Cəmil Həsənli də Intiqam Əliyevin həbsinə münasibət bildirdi və maraqlı faktlar göstərdi: “Onun həbsinin bir səbəbi budur ki, öz mövqeyi var. O, siyasi məhbus siyahısının müəyyən edilməsində önəmli insanlardandır. Digər vacib məsələ Avropa Məhkəməsinə edilən şikayətlərdir. 2010-cu il parlament seçkiləriylə bağlı şikayətlər onun tərəfindən Avropa Məhkəməsinə çıxarılıb. 71 şikayətin 51-nin təmin olunma mərhələsidir. Əgər təmin olunsa parlament qeyri-legitim sayılır. Hökumət də bunun qarşısını almaq ilk növbədə həmin 51 nəfərin yarıdan çoxunun vəkilini sıradan çıxarır. Həmçinin hökumət şikayət edənlərlə danışıqlar aparır, onlara bildirilir ki, sizin hüquqlarınızın pozulduğunu qəbul edirik və sizə kompensasiya veririk. Amma şikayətinizi geri götürün”.

Göründüyü kimi hakimiyyət Intiqam Əliyevi sıradan çıxarmaqla parlamentin qeyri-legitimliyinin qarşısını almaq istəyir. Hakimiyyət çalışır ki, 2015-cil il parlament seçkilərinə qədər bu məsələnin hüquqi qiyməti verilməsin. Təbii ki, 51 millət vəkilinin qeyri-qanuni seçilməsinin təsdiqi, parlamentin əsl vəziyyətini üzə çıxarır. Ona görə də Intiqam Əliyevi və digərlərini həbs etməklə bu prosesi ləngitmək istəyirlər. Daha dəqiq desək hakimiyyət öz ifşasından yaxa qurtarmaq üçün Intiqam Əliyevi həbs etməyə qərar verdi. 

Bəs, belə olan təqdirdə Avropa Məhkəməsindəki işlərin taleyi necə olacaq. Buna hansı reaksiyalar veriləcək?

Tanınmış hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Intiqam Əliyevin həbsi Azərbaycanın hüquqi dövlət olmadığını bir daha təsdiq etdi: “Intiqam Əliyevə hansı ittihamın verilməsindən asılı olmayaraq, bu həbsi qanunsuz hesab edirəm. Bu bir daha sübut etdi ki, Azərbaycanda hüquq mühafizə orqanları sifariş əsasında fəaliyyət göstərir. Azərbaycanda istənilən adamı, istənilən ittihamla həbs etmək mümkündür. Birmənalı qəbul etmək lazımdır ki, Azərbaycan hüquq dövləti deyil və bu ölkədə insanlar əqidələrinə, vicdanlı fəaliyyətlərinə görə həbs edilir. Intiqam Əliyevin həbsi tamamilə qanunsuzdur və mən bunu qətiyyətlə pisləyirəm”.

Ekspert onu da bildirdi ki, Intiqam Əliyevin icraatında olan işləri davam etdirmək mümkündür: “Azərbaycanda siyasi fəaliyyətinə görə həbs olunan şəxslərin, seçki pozuntularına yol vermiş insanların işləri ilə bağlı şikayətlərin hazırlanmasında və Avropa Məhkəməsinə təqdim edilməsində Intiqam Əliyevin böyük əməyi var. Indi də onun icratında işlər var. Kommunikasiyasına başlanmış işlərlə bağlı Intiqam Əliyev Avropa Məhkəməsi ilə yazışmalar apara bilmirsə, prosedur qaydalarına görə həmin işlər üzrə Avropa Məhkəməsinin dəftərxanasına məlumat verilməlidir. Və bu işlər Intiqam Əliyevlə deyil, digər şəxslərlə davam etdirilməlidir. Yəni, bu boşluğu aradan qaldırmaq mümkündür və Avropa Məhkəməsini xəbərdar etmək zərurəti yaranıb”.

Akif