Avqustun 13-də Sumqayıt şəhərində 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.
Sumqayıt Şəhər Polis İdarəsində ananın izahatı alınıb. Uşağı oğurlanan ailənin yaşadığı ünvana baş çəkən Teleqraf.com-un əməkdaşları ailə haqqında bir sıra məlumatlar əldə edib.
Bildirilir ki, Aysel Əhmədova oğurlanan körpəsini dünyaya gətirmək üçün teleaparıcı Elgiz Əkbərin ANS kanalında yayımlana “Adam içində” verilişindən kömək istəyib. Verilişə çıxan qadın uşağını dünyaya gətirmək üçün doğum evindən pul istədiklərini deyib. O da maddi imkanı olmadığından bu verilişə müraciət edib.
Həmin verilişin sayəsində qadına müəyyən maddi yardım göstərilib. Aysel Əhmədovanın qonşularından əldə edilən məlumata görə, baş verən hadisədən sonra aparıcı Elgiz Əkbər 2 aylıq körpənin oğurlanması faktı ilə bağlı istintaqa çağrılaraq, dindirilib.
Xatırladaq ki, 2 aylıq körpəni oğurlayan qadının görüntüləri təhlükəsizlik kameralarına düşüb. Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Elgiz Əkbər bildirib ki, bu xəbəri eşidəndə hədsiz dərəcədə üzülüb. Onun sözlərinə görə, hadisə ilə bağlı polislər ANS televiziyasına müraciət edib: “İstintaqçılar uşağı oğurlayanı tapmaq üçün “Adam İçində” verilişinin video-yazısına baxmaq istədiklərini bildirdilər. Həqiqətən Aysel Əhmədova bir müddət öncə köməksiz vəziyyətdə bizim verilişə müraciət etmişdi. Biz əlimizdən gələni etdik ki, onun hüquqları bərpa olunsun. Qadının aliment problemi də vardı. Həyat yoldaşından ayrıldığı üçün aliment tələb edirdi. Bu məsələlərdə ona yardımçı olduq. Həmin xanım verilişimizə gələndə 8 aylıq hamilə idi. Sonra onu doğum evinə göndərdik, həkimlərin təmənnasız köməyi nəticəsində ana oldu. Çox təəssüf edirəm ki, bir dələduz qadın uşağı oğurlayıb. Biz indi onu aydınlaşdırırıq”. Teleaparıcı bildirib ki, uşağı oğurlayan qadın da verilişə gəlibmiş: “Uşağı oğurlayan həmin qadın da tamaşaçı qismində bizim verilişə gəlib. Çox böyük ehtimalla həmin qadın uşaq alverçisidi. Həmin qadın iki gün verilişə gəlib, amma içəriyə daxil olmayıb. ANS televiziyasının tələblərinə uyğun olaraq onların şəxsiyyət vəsiqəsi götürülür və qeydiyyat aparılır. Qadının əvvəldən belə bir fikirinin olduğu hiss olunur. Bilib ki, şəxsiyyət vəsiqəsi qeydiyyata alınacaq, bu baxımdan içəri girməyib. Aysel Əhmədova hələ hamilə olan dövrdə həmin oğru qadın onun qarşısnı kəsirmiş. Əlimizdən gələn köməkliyi edəcəyik ki, körpə tapılsın. Ümid edirəm ki, o, sağ-salamatdır”.