ABŞ-ın ATƏT-dəki missiya rəhbərindən rəsmi Bakıya ciddi çağırışlar
“Təqibləri dayandırmağa, həbs olunanları azadlığa buraxmağa, bank hesablarına qoyulan həbsləri aradan qaldırmağa çağırırıq”
ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Harri Robbinson qurumun Daimi Şurasının avqustun 14-də Vyanada keçirilən iclasında Azərbaycandakı həbslərlə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“Biz Azərbaycan hökumətini vətəndaş cəmiyyəti fəallarının təqibini dayandırmağa, həbs olunanları azadlığa buraxmağa, təşkilatların və fiziki şəxslərin bank hesablarına qoyulan həbsləri aradan qaldırmağa çağırırıq.
Biz məşhur hüquq müdafiəçisi Leyla Yunusu və onun əri Arif Yunusu insani hisləri rəhbər tutaraq, dərhal azad etməyə çağırırıq. Onların hər ikisi ciddi xəstəliklərdən əziyyət çəkir.
Onlardan başqa, son həftələr ərzində tanınmış vəkil İntiqam Əliyev, İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov kimi QHT fəalları həbs olunub, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov isə həbs təhlükəsi ilə üz-üzədir.
Bunlar bizi narahat edən olduqca çoxsaylı faktlardan sadəcə, bir neçəsidir.
Biz Azərbaycan hökumətini qanunun aliliyi prinsipinə və insan haqlarına hörmət etməyə, vətəndaş cəmiyyətinə qarşı təqibi dayandırmağa çağırırıq.
Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyət imkanları getdikcə daha çox məhdudlaşdırılır. Bu, ABŞ-ın bir neçə tərəfdaşı da daxil olmaqla, vətəndaş cəmiyyəti təşkilatlarının geniş dairəsi üçün ciddi sıxıntılar doğurmaqdadır.
Biz Azərbaycan hakimiyyətini vətəndaşların hüquqlarını təmin etməyə, onların öz fikirlərini ifadə etməsinin qarşısını almamağa, eyni zamanda insan haqları sahəsində beynəlxalq öhdəliklərinə əməl etməyə səsləyirik. Bu, azərbayvcanlıların ölkədə davamlı sabitlik naminə bütün imkanlarından yararlanmasına müsbət təsir göstərərdi.
ABŞ-ın ən yaxın müttəfiqləri qanunun aliliyini, insan haqlarını qoruyan və ədaləti təmin edən demokratik ölkələrdir. Bu, həm də rifah və sabitlik arzulayan bütün ölkələr üçün zəruridir”.
azadliq.info