Bacı-qardaş kirayə qaldığı evi sahibinə təhvil vermir; bu barədə məhkəmə qətnaməsi kağız üzərində qalıb
Bakının Suraxanı rayonu, Əmircan qəsəbə sakini Elmira Heybətova “Azadlıq”a göndərdiyi şikayət məktubunda mülkiyyət hüququnun tapdanmasından bəhs edir:
“Əmircan qəsəbəsində I.Məmmədov küçəsi ev 10, mənzil 20 ünvanındakı iki otağın mülkiyyət hüququ mənə məxsusdur. Mənzilimin otaqlarından birini kirayə verdiyim Ovçu və Türkan Şahmuradov bacı-qardaşları mənə qaytarmır. Onlar özlərini Zəngilandan məcburi köçkün kimi qələmə verirlər. Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsindən aldığım məktubda isə bu şəxslərin məcburi köçkün olmadığı bildirilir.
Suraxanı rayon məhkəməsi 30 sentyabr 2013-cü il tarixli qətnaməsilə otağımın boşaldılıb mənə təhvil verilməsi barədə qərar çıxarıb. Qətnamə qüvvəyə minərək icraya yönəldilib. Suraxanı rayon icra şöbəsinin böyük icra məmuru Əkrəm Əliyev qətnamənin icrasına başlamaq haqqında qərar çıxarıb, lakin bu iş heç bir səbəb göstərilmədən reallaşmır. Düşünürəm ki, mənim rüşvət verməməyim də bu məsələdə rol oynayır. Icra məmurunun hərəkətləri barədə iddia ərizəsilə müraciət etdiyim 2 saylı Bakı Inzibati-Iqtisad məhkəməsinin hakimi Xaliq Imanov ədalətsiz qərar çıxararaq iddiamı təmin etmədi.
Suraxanı rayon məhkəməsinin evin boşaldılıb mənə təhvil verilməsi barədə qətnaməsini həm Bakı Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmə qüvvədə saxlasa da, bu günə qədər qərar icra olunmadan kağız üzərində qalıb. Şahmuradovlar məcburi köçkün adı altında uzun illərdir kommunal təminatdan pulsuz istifadə edir. “Qaçqınkom” bu şəxslərin məcburi köçkün olmadığını bildirdiyi halda, Suraxanı Rayon Icra Hakimiyyətinin başçısı Ilqar Abbasov və onun 1-ci müavini Hüseyn Həsənovun himayədarlığıyla Şahmuradovlar məcburi köçkünlük barədə saxta arayış əsasında qaz, su və işıqdan istifadə edirlər. Bu şəxslər və onları himayə edənlər barədə araşdırmalar aparılmasını və şikayətimin təmin edilməsini xahiş edirəm”.
Sosial şöbə