vp-qazet

“İlham Əliyev özünü Putinə oxşadır”

“Vaşinqton Post” Azərbaycandakı həbslərdən yazdı: “İndi Sovet dövrü deyil”

“O, düşünür ki, Ukrayna dünyanın başını qarışdırıb, bundan istifadə edə bilər”

Dünyanın ən nüfuzlu nəşrlərindən biri sayılan ABŞ-ın “The Washington Post” qəzeti Azərbaycandakı repressiyalar, o cümlədən hüquq müdafiəçilərinin həbsindən bəhs edən məqalə dərc edib. “Azərbaycan tanınmış hüquq müdafiəçilərini absurd ittihamlarla təqib edir” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:

***

Müxalif fikrə dözümsüz olan avtokrat ətrafda casuslar və satqınlar görməyə başlayırsa, bu o deməkdir ki, sayıq olmağın vaxtıdır. Neftlə zəngin, lakin azadlıqlara həsrət olan keçmiş sovet ölkəsi Azərbaycanda məhz bu vaxtdır. Ilham Əliyev rejimi ölkədə ən açıq danışan tənqidçilərdən biri olan hüquq müdafiəçisi Leyla Yunusu və onun həyat yoldaşı, tarixçi Arif Yunusu həbs edib. Onlara qarşı dövlətə xəyanət, dələduzluq, vergidən yayınma və qanunsuz sahibkarlıq fəaliyyətilə məşğul olmaq kimi ittihamlar irəli sürülüb.

Xanım Yunus hüquq-müdafiə təşkilatı olan Sülh və Demokratiya Institutunun direktorudur. O, siyasi məhbusların hüquqlarını müdafiə etməklə yanaşı, Dağlıq Qarabağa görə uzun müddətdir davam edən düşmənçiliyin aradan qalxması üçün Azərbaycanla Ermənistan arasında körpü salmaq cəhdlərinin önündə dururdu. O, Azərbaycan və Ermənistan ziyalıları arasında etimad qurulmasını, mübadiləni təşkil edirdi. Görünür, ona qarşı absurd casus ittihamına da bu bəhanədən əsas kimi istifadə olunub. Hökumət onun rəhbərlik etdiyi təşkilatı rəsmi qeydiyyata almaqdan imtina edib. Bu da təşkilata qarşı davam edən özbaşına, kaprizli təqiblər üçün imkan yaradır.

Leyla Yunus və onun həyat yoldaşı aprelin 28-də Bakıda hava limanında saxlanılıb və onların ölkədən çıxmasına qadağa qoyulub. Onların pasportları müsadirə olunub. Onlar dəfələrlə dindirilib. Lakin onlar pasportları geri qaytarılana qədər istintaqla əməkdaşlıqdan imtina ediblər. Iyulun 30-da Leyla Yunus konfransa gedərkən saxlanılıb. Həmin gün onun həyat yoldaşına qarşı da ittiham elan olunub və barəsində ev dustaqlığı qərarı çıxarılıb. Lakin avqustun 5-də təcridxanaya xanımının yanına sovqat apararkən o da həbs olunub.

Uzun illərdir ki, Leyla Yunus Azərbaycanda insan haqlarının pozulmasından uca səslə danışır. Ölkəni dəmir yumruqla idarə edən Ilham Əliyev sanki Rusiya prezidenti Vladimir Putini təqlid edir, getdikcə “yivləri daha bərk sıxaraq”, ölkədəki tənqidçiləri həbs etməklə, qanunvericiliyi sərtləşdirməklə vətəndaş cəmiyyətinin mövcudluğu üçün lazım olan məkanı daraldır. Digər hüquq müdafiəçisi Rəsul Cəfərov da bugünlərdə həbs olunub. Ümumiyyətlə, son aylarda onlarla adam siyasi motivlərlə həbsxanaya göndərilib.

Ola bilsin, Ilham Əliyev düşünür ki, Ukraynada baş verən böhran dünya ictimaiyyətinin başını qarışdırıb və bu fürsətdən istifadə edərək tənqidçilərinin ağzını yummaqla doğru addım atır. Lakin indi sovet dövrü deyil. Belə qeyri-sivil davranışı gizlətmək olmur. Həbslər beynəlxalq hüquq-müdafiə qrupları və digər təşkilatlar tərəfindən sərt etirazla qarşılanıb. Xanım Yunus həbsxanadan rejimə ünvanlanan açıq məktub yazıb: “Siz mənim sözümün qarşısında dayana bilmədiniz. Buna zorakılıqla cavab verdiniz”.

Azərbaycan Avropanın aparıcı insan haqları təşkilatı olan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi bir vaxtda Ilham Əliyevin bütün bu repressiyalara necə yol verir – bunu anlamaq mümkün deyil. Əliyev xaricdən ona hörmət edilməsini gözləyir. Ancaq onun əməlləri pislənməlidir. Leyla və Arif Yunuslar dərhal azad olunmalıdır. Əgər azad edilməsələr, Avropa Şurasından soruşmaq lazımdır ki, insan haqlarının əsas prinsiplərinə və qanunun aliliyinə hörmət etməyənlərin sədrliyilə nə vaxta qədər dözəcək?

Siyasət şöbəsi