Elxan Şahinoğlu: «Hesab edirəm ki, əvvəlki razılaşmaya olaraq «nurçu»larla mübarizə davam edəcək»
Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan yeni seçiləcək baş nazirin qarşısında 3 şərt qoyub. Həmin 3 şərt “paralel dövlət”lə mübarizə aparmaq, PKK ilə problemi həll etmək və 2015-ci ildə keçiriləcək seçkilərdə Ədalət və Inkişaf Partiyasının güclü şəkildə təmsil etməkdir.
Ərdoğan bildirib ki, yeni baş nazirin əsas işi “paralel dövlət”lə mübarizə aparmaqdır: “Bu mübarizə artıq ”Dövlət qərarı” halına gəlib və yeni baş nazir bu məsələdə qərarlı olmalıdır”.ÿ
Daha sonra Ərdoğan bildirib ki, 2015-ci ildə keçiriləcək parlament seçkilərində yeni baş nazir Ədalət və Inkişaf Partiyasını yaxşı təmsil etməlidir. Çünki AKP-nin yeni konstitusiyanın qəbulu üçün parlamentdə 330 deputatı olmalıdır.ÿ
Əslində, Ərdoğanın prezident seçiləndən sonra da Gülən şəbəkəsi ilə mübarizəni gücləndirəcəyi gözlənilən idi.
Bildiyimiz kimi Ərdoğan “nurçu”larla mübarizə məsələsində Azərbaycan hakimiyyəti ilə də razılığa gəlmişdi. Hətta Sonuncu Bakı səfərində Ərdoğan Ilham Əliyevə “nurçu dosyesi” də təqdim edib. Rəsmi mətbuat isə, bunu təkzib etmədi. Eyni zamanda sonrakı mərhələdə Azərbaycanda “nurçu əməliyyatı” başladı və müəyyən nəticələri də oldu.
Ancaq, bəzi ekspertlər hesab edir ki, son dövrlər AKP hökuməti ilə Azərbaycan hakimiyyəti arasında müəyyən soyuqluq yaranıb.
Qeyd edək ki, Ərdoğanın çıxışı zamanı Qarabağın adını çəkməməsi, hökumətyönlü mətbuatda son günlər Ərdoğan əleyhinə materialların dərc olunmasını da ikitərəfli münasibətlərin korlanması kimi qiymətləndirilir. Hətta Azərbaycanda keçirilən seçkilərdə Ərdoğan məğlub oldu, seçki qutusundan Ihsanoğlunun adı çıxdı. Təbii ki, burda hansısa təzyiqdən və saxtakarlıqdan danışmaq olmaz. Hər kəs öz iradəsi ilə səs verir. Amma bu səsvermə də təsdiqlədi ki, Azərbaycanda yaşayan Türkiyəli iş adamları əsasən anti-Ərdoğan mövqeyindən çıxış edirlər. Eyni zamanda bu adamlar Azərbaycan hakimiyyətinin müxtəlif kəsimləri ilə isti münasibətdədilər. Yəni, bu faktın özü də Ərdoğanla münasibətlərin korlanmasına səbəb olan amil kimi qiymətləndirilir.
Bəs, bundan sonra Azərbaycan hakimiyyətii “nurçu” savaşına davam edəcəkmi?
Siyasi ekspert Elxan Şahinoğlu hesab edir ki, Ərdoğanla münasibətlər əvvəlki axarında davam edir və bundan sonra da “nurçu” razılaşması yerinə yetiriləcək: “Əvvəla qeyd edim ki, Ərdoğan çıxışı zamanı Qarabağın adını çəkməsə də, rəsmi Ankara bu istiqamətdə qətiyyətli siyasətini davam etdirir. Hətta son atəşkəs pozulması zamanı yaralanan əsgərlər Türkiyəyə müalicəyə göndərildi və Türkiyə rəsmiləri də əsgərlərimizi ziyarət etdi. Azərbaycanda keçirilən səsvermədə Ərdoğanın qalib gəlməməsi isə, həqiqətən də narahatlıq doğura bilər. Bu ondan xəbər verir ki, Gülən şəbəkəsi hələ də Azərbaycanda güclüdür və Ərdoğanın siyasətini qəbul etmirlər. Bu baxımdan ola bilər ki, Ərdoğanın müəyyən narahatlığı var və prezident seçkilərindən sonra Azərbaycana səfəri zamanı bu məsələ müzakirə olunacaq”.
Ekspert onu da əlavə etdi ki, rəsmi Bakı əvvəlki razılaşmanı yerinə yetirib: “Azərbaycanda ”nurçu”ların vəzifədən azad edilməsi, Gülənə məxsus təhsil müəssisələrinin qapadılması ciddi addım idi. Hesab edirəm ki, bundan sonra da eyni siyasət davam edəcək. Düşünürəm ki, Ərdoğanın prezident kimi ilk səfəri də Azərbaycana olacaq”.
Akif


