
İranın düşdüyü ağır iqtisadi vəziyyət onu Rusiyaya fikir vermədən Avropa Birliyilə qaz satışı məsələsində əməkdaşlığa vadar edir
Tehran “Nabucco” kəməri vasitəsilə Avropaya qaz ixrac etməyə hazır olduğunu bəyan edib. Iranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əli Məcidi bildirib ki, artıq iki Avropa ölkəsi bu məsələ ilə bağlı Irana müraciət edib. Onun sözlərinə görə, bu yaxınlarda Irana Avropadan iki ölkənin nümayəndə heyəti səfər edib və onlar Iran qazının Avropaya ixracatı ilə bağlı danışıqlar aparıblar. Məcidi qeyd edib ki, Iran qazının ixracatı Türkiyə, Iraq, Suriya, Qafqaz və Qara dəniz vasitəsilə reallaşa bilər.
Rusiya mediası Əli Məcidinin açıqlamasını “Iran Avropaya qaz ixracında Rusiyanı sıxışdırır” başlığı altında yayıb. Hazırda Rusiyanın “Qazprom” şirkəti Avropanın qaza tələbatının təxminən 1/3-ni təmin edir. Ukrayna-Rusiya qaz savaşı yenidən baş qaldırdıqdan sonra Avropa Komissiyası yenidən rus qazından asılılığı azaltmaq məsələsini gündəmə gətirib.ÿIyunun ortalarında Avropa Birliyinin energetika üzrə komissarı Günter Ottinger bildirmişdi ki, Avropa Birliyi ölkələrinə yeni qaz tədarükçüsü Iran ola bilər. Xatırladaq ki,ÿIranın qaz ehtiyatları ilə Rusiyanınkı eyni miqdardadır. Hər iki ölkə dünyanın ən iri, təxminən 34 trilyon kubmetr qaz ehtiyatına sahibdir.
Beləliklə, Iran Avropa Birliyi üçün siyasi alternativ ola bilər, çünki Rusiyanın əsas ticari tərəfdaş kimi etibarlılığı şübhə altına düşüb.ÿRusiyalı analitik Andrey Kazansev “Vedomosti” nəşrinə bildirib ki, Iran Rusiya-Amerika konfliktindən Qərbin sanksiyalarından xilas olmaq üçün yararlanmağa çalışır. Onun fikrincə, ABŞ istər ki, Iran nefti sayəsində neftin qiymətləri düşsün və Rusiyaya zərbə dəysin.
Görəsən, Iranın bu ideyasının reallaşması Rusiyaya nə vəd edir?
Məsələni şərh edən siyasi ekspert Rahim Hacıyev deyir ki, Rusiyanın son hadisələrdən sonra beynəlxalq və Avropadakı təhlükəsizlik sistemi üçün nə qədər böyük təhlükə törətdiyi bir daha üzə çıxdı. Ekspertin sözlərinə görə, Avropa dövlətləri alternativ enerji mənbələrinə çıxış imkanlarına ciddi diqqət etməyə başlayıb: “Onlar başqa marşrutlar vasitəsilə Rusiyadan kənar enerji mənbələrinə çıxış üçün ciddi planlar qururlar. Bu, əlbəttə ki, Rusiya üçün yaxşı heç nə vəd etmir. Yaranmış vəziyyət Rusiyanı çox ciddi şəkildə narahat edib. Çünki Avropa başqa mənbələrə çıxış üçün ciddi səylər göstərməkdədir”.
Rahim Hacıyev onu da qeyd edir ki, Iranın Avropa bazarına girməsi Rusiyanı bərk əndişələndirir. Çünki Iran dünyanın ən böyük qaz ehtiyatı olan ölkələrindən biri kimi yetərincə potensiala malikdir. O, dünya qaz satışı bazarında Rusiyaya kifayət qədər alternativ ola bilər. Iranın bu mövqedən çıxış etməsi uzun illər ərzində Irana nüvə silahı əldə etməklə əlaqədar ciddi sanksiyaların tətbiq olunmasıyla bağlıdır. Iran öz sənayesini yenidən qurması üçün yüz milyarddan artıq dollarlıq maliyyə vəsaitinə ehtiyac duyan bir ölkədir. Bu baxımdan, Iran üçün olduqca böyük əhəmiyyət kəsb edən məsələ Avropaya qaz satıb əldə olunan maliyyə vəsaitilə ölkənin inkişafı üçün işlər görməkdir: “Məhz bunlar Iranı Rusiyanın maraqlarını nəzərə almadan addımlar atmağa məcbur edir. Müəyyən məsələlərdə Rusiya ilə arasında fikir birliyi olsa da, Iranın düşdüyü ağır iqtisadi vəziyyət onu Rusiyaya fikir vermədən Avropa Birliyi ilə bu sahədə əməkdaşlıq etməyə istiqamətləndirir. Iranın bu sahədəki səyləri başadüşüləndir və onun Avropaya qaz satışı müsbət nəticə verə bilər. Çünki nüvə danışıqlarıyla bağlı Iranla Qərb ölkələri arasında müəyyən anlaşma var və bu, Irana enerci daşıyıcılarını Avropa bazarına çıxarmasına imkan yaradır. Eyni zamanda, Rusiyanın bu bazardan sıxışdırılmasına ciddi şəkildə təsir göstərəcək”.
Informasiya şöbəsi


