Hər ötən saatda Qəzzada bir uşaq həyatını itirir
Suriya və Qəzzadakı münaqişələr burda yaşayan uşaqların həyatına dağıdıcı təsir göstərir. BBC müxbiri Lyse Doucet Suriyadan olan 6 uşağın həyatını müşahidə edib və Qəzzadan yenicə qayıdıb. O müharibələrin qarşıdan gələn onilliklərdə uşaqların gələcəklərini necə formalaşdıra biləcəyi barədə mülahizələrini bölüşür:
“Münaqişə real həyatda televiziya ekranlarında olduğu kimi görünmür”
12 yaşlı Syed söykəndiyi dar beton divarın boz üzünə o qədər diqqətlə baxır ki, sanki orada bu həyatdan qaçıb yaxasını qurtamaq üçün dəlik açmağa çalışır.
“Biz təcili yardım ambulansında birlikdə oturanda elə bilirdim ki, o sağ qalacaq və özümü bir qədər yaxşı hiss edirdim” – deyir Syed.
Lakin ambulans xəstəxanaya çatanda onun kiçik qardaşı Mohammad artıq keçinmişdi. Onun daha üç əmi-dayı uşağı həmin faciəli gündə – iyulun 16-da həlak olmuşdu. Israil dalbadal iki dəfə onların yaxınlığında oynadıqları Qəzza limanını atəşə tutmuşdu.
Israil israr edir ki, mülki əhalini bilərəkdən hədəfləmir. Lakin Qəzza çox nazik, uzun torpaq zolağıdır. Əhalinin sıx yaşadığı bu ərazidə uşaqların gizlənə bilməsi üçün yer belə yoxdur. “Həmas” və başqa silahlı qruplaşmalar mülki əhalini insan sipərinə çevirdikləri barədə ittihamları rədd edirlər. Lakin biz binaların içərisindən, açıq çöllərdən raketlərin atıldığını görürdük.
Düşmənə çevrilmiş dostlar
Zəmanəmizin müharibələri küçə və məktəblərdən yan keçməyən qəddar münaqişələrdir. Indi münaqişələrdə uşaqlar getdikcə daha çox tələf olur, uşaqlığın özü məhv edilir. BMT-nin keçən həftə verdiyi məlumata görə, Qəzzada hər ötən saatda bir uşaq həyatını itirir.
Qəzza xəbər başlıqlarına çıxmazdan əvvəl, dünyanın diqqət mərkəzində olan Suriya uşaqları idi. Dörd ildir ki, davam edən cəza xarakterli müharibədə Suriyanın hətta ən azyaşlı sakinləri də snayperlərin nişangahındadırlar.
Milyonlarla uşaq mühasirə altında, ac-yalavac və qorxu içərisində yaşamağa məcburdur. Syed kiçik qardaşını və üç əmisi uşağını Israilin hücumlarında, Qəzza yaxınlığındakı çimərlikdə itirib. Suriyaya hər səfərimdə mən getdikcə daha çox anlamağa başlayırdım ki, uşaqlar təkcə ürəkağrıdan göz yaşlarını axıdan və şən-şaqraq gülən balaca insanlar deyillər. Onlar ön cəbhələrdədirlər və indi mürəkkəb və dağıdıcı zəmanə müharibələrinə dair özlərinin hekayətləri var.
Ötən altı ay ərzində mən rejissor-operator Robin Barnwellə 6 suriyalı uşağın həyatını izləmişik. Onların hekayətləri öz xalqlarının siyasi və sosial xəritəsini cızır və gələcəyin narahatedici bədbin proqnozunu verir.
“Mən təkcə yaşıma və cüssəmə görə uşağam – deyən doqquz yaşlı Izəddin faktlarla danışır, – lakin mənəviyyat və insanlıq baxımından mən artıq uşaq deyiləm. Indi 12 yaşına çatdınmı, mütləq cihada qoşulmalısan”.
Izəddin doqquz yaşlı yaşıdlarından heç nə ilə fərqlənmir. Şıltaqlıqla gülür və məktəb həyətində veyillənir, başına keçirdiyi qulaqcıqlarda musiqi dinləyir.
O, Türkiyənin cənubunda, Suriya Azadlıq Ordusunun sığındığı dünyada yerləşən qaçqın düşərgəsinin sakinidir. Onun yeniyetmə qardaşı isə artıq sərhədin o tayında, Suriya Azadlıq Ordusu ilə birgə vuruşur.
Buradan yüz kilometrlərlə aralıda yerləşən Dəməşqdə 14 yaşlı Cəlalın dünyası prezident Bəşər Əsədin dəstəklənməsinə həsr olunub. Onun atası və əmiləri məhəllənin müdafiə birləşməsindədirlər.
Cəlal təəssüflə deyir: “Böhran bizi dəyişib. Indi uşaqlar siyasəti başa düşür və bu barədə danışırlar. Biz hamımız öz vətənimiz uğrunda ölməyə hazırıq”. Cəlal və Izəddin indi bu dərin parçalanmanın o biri tərəfinə baxanda “beyinləri yuyulmuş” keçmiş dostlarını görürlər.
Indi uşaqlar öz borclarını kəskin bir aydınlıqla dərk edirlər. “Başa düşə bimirəm ki, mən Bəşər Əsədin hakimiyyətdə qala bilməsi üçün niyə ayağımı itirməliyəm?” – deyir mavi və gözəl, lakin polad kimi qətiyyətli gözləri ilə sual edən doqquz yaşlı Məryəm. O, Suriya hərbi təyyarəsinin onun Homs şəhəri yaxınlığındakı kənddə yerləşən evinin üstünə necə şığıdığı günü xatırlayır.
“Bizim böyük bir pəncərəmiz var idi – deyir Məryəm, – Mən həmin pəncərədən baxıb gördüm ki, təyyarə düz üstümüzə gəlir. O, mərmisini atıb getdi…” Həmin gündən Məryəm yemək otağında otura bilmir. O, Türkiyənin cənubundakı başqa uşaqlarla birlikdə həyətdə oynaya da bilmir.
“Gələcəyə nifrət edirəm”
Balacalar üçün münaqişə onların kərpic-kərpic sökülən dünyaları, hətta çörək və kitablarıdır. Ailəsi ilə birlikdə Homs şəhərinin Köhnə məhəlləsindən qaçqın düşmüş səkkiz yaşlı Bəraa xəcalətlə danışır və deyir ki, oxumaq və yazmaq öyrənmək əvəzinə, bütün silah növlərini öyrənib… “Mən bütün güllə adlarını, işıq buraxan və ya rezin güllələri fərqlənidirə bilirəm” – deyir Bəraa.
Biz Dəməşq ətrafındakı Yarmuk fələstin qaçqınları düşərgəsində 13 yaşlı Kifahla görüşəndə, deyirdi ki, “həyat normaldır”. Lakin yeməyə bir şey tapıb-tapmadığını soruşan kimi yeniyetmənin çöhrəsindəki mərdlik əriyib yoxa çıxır. Kifah göz yaşları axıdır və “çörəkləri olmadığını” deyir.
Bax, indi belədir müharibə zonasında yaşayan uşaqlar üçün “normal həyat”. “Uşaqlar çoxmu qorxurlar” – deyə Qəzzanın Zeytun məntəqəsi yaxınlığındakı uçmuş bir evin divarlarına sığınan böyük ailə sahibi Amer Odadan soruşuram. Müxtəlif yaşları olan uşaqları ya pillələr boyunca onun arxasında gəzir, ya da beton döşəmənin üstündə bardaş qurub otururlar.
Bu küçə boyunca daim Israil toplarının və ya tank mərmilərinin gurultuları və ya Israil tərəfə atılan raketlərin fiti eşidilir. Amer Oda 45 nəfərlik ailəsini də götürərək bu ərazini tərk etmək barədə Israilin xəbərdarlığını qulaqardına vurub. Əksər qəzzalılar kimi o da soruşur: “Qəzzadan hara gedək?”
“Bu, indi bunlar üçün normal həyata çevrilib, – deyə Amer qəhvəyi gözləri və mələk siması olan 4 yaşlı Dimanı qucağına alır, – Gördükləri budur”. Balaca Dimanın özü iki Qəzza müharibəsi görüb və yaşı altıdan çox olan hər bir Qəzza uşağı 3 və daha artıq müharibənin şahidi olub. Uşaqlar tez-tez yaşlarından böyük müdrikliklə danışırlar, lakin ürəklərində hələ də gənclik arzuları var.
Qəzzada bir ailənin üç uşağı Israilin “damın döyəclənməsi” kimi tanınan xəbərdarlıq atəşindən həlak olub. Onlar evin damında başqa həmyaşıdları kimi göyərçinlərlə oynayırdılar. Mən sahildə öldürülümüş dörd uşaq barədə ilk dəfə reportaj verəndə, şahidlər deyirdilər ki, həlak olanlar ailələrinə yardım üçün metal qırıntısı toplayırmışlar. Onların balıqçı atalarına dənizə çıxmaq qadağan edilib.
Mən Mohammad və Syedin atası Ramiz Bakrdan soruşuram ki, həmin faciə günündə uşaqlar nə edirmişlər. “Israil və ərəblər arasında dava-dava oyunu oynayırdılar” – deyə ata cavab vermişdi. Müharibə zamanı uşaqların oynadıqları oyunlar gələcəyin oyun qaydalarını dəyişə bilər. “Mən gələcəyə o qədər nifrət edirəm ki, – deyir Suriyadan olan, çəhrayı paltarlar geyinən və səksəkəli yuxular görən 11 yaşlı Daad – biz ya yaşamalıyıq, ya da ölməliyik…”


