Üzeyir Cəfərov: «Bu görüş faydalı olsaydı, Sərkisyan kimisi Ermənistana çatar-çatmaz Bakını viran qoyacağını deməzdi…»
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a müsahibəsində prezidentlərin Soçi görüşü barədə danışıb. Əli Həsənov Ermənistan prezidenti Serj Sarkisyanın Soçi görüşündə müzakirə olunan məsələlərə dair açıqlamasına da toxunub.
Xatırladaq ki, Prezident Administrasiyasının rəsmisi Soçi görüşündən sonra detallara varmadan, onun pozitiv keçdiyini söyləmişdi.
Ermənistan prezidenti isə görüş barədə öz xalqına, Prezident Administrasiyası rəsmilərinin təbirincə desək, təhrif olunmuş formada məlumat verib. Əli Həsənov Sərkisyanı qapalı görüşü ictimailəşdirməkdə suçlayır.
Erməni tərəfi açıqlamalar verəndən sonra Azərbaycan rəsmiləri də görüş barədə hansısa məlumatı verməyə başlayıb. Halbuki, Soçi görüşü başa çatandan sonra bu barədə xalqa az da olsa məlumat verilməliydi…
Əli Həsənov isə Serj Sərkisyanın qarşılıqlı razılaşmanı pozaraq prezidentlər arasında keçirilən qapalı görüşdə müzakirə olunan məsələlərin bəzi detallarını açıqladığına təəssüf edir. Prezident Administrasiyası rəsmisinin fikrincə, Sərkisyan tərəflərin həmin görüşdə qaldırdığı məsələləri, ortaya qoyduğu mövqeni təhrif edir və öz subyektiv mülahizələrini Ermənistanın maraqlarına uyğunlaşdıraraq saxtalaşdırır.
Maraqlıdır, hansısa açıqlamalar vermək lazım idisə, bunu Azərbaycan tərəfi niyə etmədi?! Nədən düşmən ölkə öz xalqını görüş barədə məlumatlandırandan sonra Azərbaycan rəsmiləri də “fil yuxusu”ndan ayılır?
Hərbi sahə üzrə ekspert Üzeyir Cəfərov deyir ki, görüş barədə xalqı vaxtında məlumatlandırmaqla, ermənilərin təhrif olunmuş fikir bildirməsinə imkan verilməməliydi. Ekspertin sözlərinə görə, Soçidəki danışıqlar barədə erməni tərəfi açıqlama verəndən sonra bizim məmurların hərəkətə gəlməsi uzun illərin vərdişidir: “Mən hesab etmirəm ki, Soçi görüşü faydalı olub. Bu görüş faydalı olsaydı, Sərkisyan kimisi Ermənistana çatar-çatmaz Bakını Ağdamla müqayisə etməzdi və Bakını da viran qoyacağını deməzdi. Azərbaycan məmurlarının məsuliyyətsiz olduğunu mən hər zaman demişəm. Biz düşmənlə təkcə müharibə meydanında deyil, informasiya müharibəsində də yetərincə kəllə-kəlləyə gəlməli, onlara öz sözümüzü deməliyik”.
Üzeyir Cəfərov hansısa bir erməninin çıxıb bizi təhqir edəndən, aşağılayandan sonra ona cavab verilməsini absurd sayır. Yəni, erməni tərəfi Bakını, Mingəçeviri “məhv edəndən” sonra bizim müdafiə naziri Irəvanı eyni formada təhdid edir. Yaxud, erməni bizə hədə-qorxu gələndən sonra bizimkilər ona eyni tonda cavab verir: “Belə olmaz. Sanki özümüzü günahkar məktəbli kimi aparırıq. Torpaqları işğal altında, minbir əzab və işgəncələrə məruz qalan Azərbaycan olduğu halda, nədən özümüzü günahkar kimi aparmalıyıq?! Bəlkə ermənilər bizi özlərindən daha ağıllı və hazırlıqlı hesab edir? Azərbaycanın prezident komandasında bu məsələlərə vaxtında qiymət verən şəxslər olduqca azdır. Məmurlarımızın Azərbaycan üçün taleyüklü vacib məsələlərə ləng tərpənişi arzuolunan hal deyil. Müharibənin ilk vaxtlarında Müdafiə Nazirliyinin sərgilədiyi gecikmiş reaksiya eynilə siyasi müstəvidə də davam etdirilir”.
Informasiya şöbəsi