Hakimiyyət Avropanı şantaj edir

Fuad Isgəndərov: «Azərbaycana bağlı qapılar arxasında hər zaman təşəkkür bildirilir»

Nurəddin Məmmədli: «Hakimiyyətin bu cür tezislərdən istifadə etməsi sırf daxili təbliğata hesablanıb»

Azərbaycanın Belçika Krallığındakı səfiri və Avropa Birliyi (AB) yanındakı Nümayəndəliyinin rəhbəri Fuad Isgəndərov maraqlı açıqlamalar verib. Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı olan basqılara etiraz olaraq beynəlxalq aləmdən gələn reaksiyaya toxunan F.Isgəndərov vurğulayıb ki, hazırda beynəlxalq təşkilatların sərt reaksiyalarına baxmayaraq,  təkbətək görüşlərdə fərqli münasibət sərgilənir. 2Azərbaycana bağlı qapılar arxasında hər zaman təşəkkür bildirilir, hətta digər “Şərq Tərəfdaşlığı” ölkələrinin Avropaya inteqrasiyasında dəstək istənilir, açıqda isə başqa cür davranılır”, deyə F.Isgəndərov vurğulayıb.

Xatırladaq ki, Azərbaycandakı son həbslərə dünyanını nüfuzlu ölkələrindən ABŞ-dan, Böyük Britaniyadan, Norveçdən, Polşadan, Avropa Birliyi və Avropa Şurasından sərt reaksiyalar gəlmişdi. Düzdür, F.Isgəndərov açıqlamasında konkret hansı təşkilatlarla təmaslarında Azərbaycana “böyük minnətdarlığın” bildirildiyini deməyib. Amma gündəmə gətirilən bu tezis birinci dəfə deyil ki, hakimiyyət təmsilçilərinin dilindən səslənir. 

AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, beynəlxalq təşkilatlarda Azərbaycan hakimiyyəti əməkdaşlıq edən xeyli sayda diplomat olsa da, bu korrupsiya əməkdaşlığını bütün beynəlxalq təşkilatlara aid etmək olmaz. Hakimiyyətin bu cür tezislərdən istifadə etməsinin sırf daxili təbliğata hesablandığını deyən N.Məmmədli vurğuladı ki, dünyada demokratik düşərgənin müdafiəsinə qalxan kifayət qədər insan var: “Hakimiyyətin təbliğatını bu istiqamətdə qurması iqtidarın özünü müdafiə instiktindən irəli gəlir. Amma hakimiyyətin bu cür təbliğatı dünyadakı nüfuzlu beynəlxalq təşkilatların imicinə ciddi zərbədir. Ona görə bu tendensiyaya qarşı mübarizə aparmaq lazımdır. Digər tərəfdən diplomatik danışıqlar açıq danışıqlardan həmişə kəskin şəkildə fərqlənib. Diplomatik danışıqları siyasətə çevirmək cəhdi heç də həmişə uğurlu deyil. Bizi ortada olan faktlar maraqlandırır. Beynəlxalq təşkilatlar öncə bəyanat verirsə, sonra isə onun arxasında dayanmırsa, bu cür uğur qazanmaq olmaz”.

Demokratik dəyərlərlə bağlı Azərbaycandakı durumun acınacaqlı olması üzündən ölkəmizin hər an dünya mətbuatının diqqətində olduğunu deyən N.Məmmədli bildirdi ki, bu üzdən hakimiyyətin beynəlxalq imici ciddi şəkildə korlanıb. 

Xəyal