Rusiya mass-mediasında il uzunu, illərlə erməni ideologiyasına bağlı antiTürk, antiAzərbaycan kampaniyası aparılır. Dünyaya bəlli yalançı “erməni genosidi” bu qara propaqandanın bel sutunu yerindədir. Sözsüz, burada Rusiyanın Türkə düşmən imperiya siyasəti ermənilər üçün olduqca əlverişli stimul rolunu oynayır. 19-cu yüzildə Türkiyəni, Iranı ələ keçirmək, ən azı gücsüzləşdirmək üçün Rusiya Türkiyədəki, Irandakı dağıdıcı erməni faktorundan yararlanma siyasətlərinə baş vurmuş (Ingiltərə ilə birgə), Türkiyənin varlığı ilə barışa bilməyən iki imperialist dövlətin erməni dönüklüyünə bağlı gizli çalışmalarından ortaya bəlli “genosid” faktı çıxmışdı. Rusiya dövlət düzəyində yalançı “erməni genosidini” tanıyan dövlətlərdəndir. Rusiya dövlətinin dəyişməz antiTürk siyasətinə uyğun olaraq bu ölkənin mass-mediasında erməni-Türk düşmənçiliyi durmadan qızışdırılır. Rusiya dövləti ermənilərə eləcə arxa durmaqla qalmır, erməniliyi hər cür yardımlarla gücləndirmək, Azərbaycanı yenmək yoluyla Qafqazda erməni üstünlüyünə çalışır. Bir daha demək gərəkir: Rusiyanın dövlət siyasətinə uyğun olaraq bu ölkənin mass-mediası illərlə ermənilik axarında ardıcıl savaş aparır – informasiya savaşı! Savaş obyekti: Türklük – Türkiyə, Azərbaycan!!
Göstərilən yöndə Rusiyanın aktiv savaş ruporlarından biri də başında yazıçı-dramaturq Yuri Polyakovun durduğu “Literaturnaya qazeta”dır. Ermənilərə, erməni ideologiyasına illərlə geniş meydan verən bu qəzet sonuncu sayında (N 31, 2014-sü il) Azərbaycandan olan bir söz adamına da yer ayırıb. Gecdən gec də olsa yuxarıda gedən savaşla, başqa gərəkən faktlarla bağlı nəsə deyiləcəyini gözləmək olardı. Ancaq… rusiyalı imperialistlər kimə söz verdiklərini gözəl bilirmişlər. Azərbaycanda çıxan rusdilli “Novaya vremya” qəzetinin baş redaktoru Ağayev Şakir Qabil oğlu. “Lit.qəzetə” görə o, Azərbaycandakı avtoritetli bir qəzetin baş redaktorudur. Adamın necə, nəyə görə avtoritet sayıldığı danışığından bəlli olur.
Ondan Malayziya uçağı ilə bağlı baş verən faciənin Azərbaycanda necə qarşılandığını soruşurlar. O, açıq-aydın Putin komandasından olan funksioner kimi danışır: suçu Ukraynanın üstünə atır. Ukraynanı yamanlayır, Putin başda olmaqla Rusiyaya yarınmaq yolu tutur. Ukraynanın quzey-doğusunda “minlərlə adamın” – qocaların, qadınların, uşaqların qırılmasından üzüntüylə danışır. Ukrayna ordusunun şəhərləri, kəndləri bombalamasını, gülləyə tutmasını görməyən, görmək istəməyən ABŞ-a acıqlanır. Bəlli olduğu kimi, burada söhbət Putin Rusiyasının Ukraynanı parçalamaq üçün yaratdığı “xalq respublikalarından” gedir. Başqa cür desək, Putin Rusiyasının Ukraynada yaratdığı “Qarabağ” problemindən. Manqurtlar üçün Qarabağ adında problem yoxdur, ola bilməz.
Adam ABŞ-ın Qafqazda, bütövlükdə bizim bölgədəki roluna necə acıqla yanaşırsa, Rusiyanın son çağlardakı aktivliyinə bir elə sevincək olur. Bu aktivləşmə Qarabağda bizim son çağlardakı bəlli itkilərinmizə gətirib çıxarsa belə! Bütün bunlar da azmış kimi o, Rusiyanı Qafqazda, Yaxın Doğuda, Avrasiya zonasında daha çox aktivləşməyə çağırır. Rusiyanın Krımı ələ keçirməyinə də Şakir Ağayev çox pozitiv yanaşır – rus torpağının bir parçası kimi. Görəsən, Rusiyanın ələ keçirdiyi Dərbənd hara torpağıdır? Azərbaycanı parça-parça edən, Azərbaycan torpaqlarında qanlı qırğın yoluyla “Ermənistan” adında dövlət yaradan, bu azmış kimi Qarabağı da alıb ermənilərə verən Rusiyaya Şakir Ağayev sevgisi necə sonsuzdursa, o, açıq-aydın Rusiyanı ayrıca olaraq Azərbaycanda aktivləşməyə çağırır. Adam, sənin milliyətin nədir, hansı ölkənin çörəyini yeyirsən? Bilirsənmi BEŞINCI KOLON nədir? Özünə bax! Görünür, BEŞINCI KOLONLAR Azərbaycanı yalnız KOLONIYA gözündə görə bilirlər. Yazıqlar!