Anam, analarımız

Bu gün anamın ad günüdür, bu haqda bəzi sözlər demək istəyirəm.

Anam 37 ildir müəllimədir. Nəfəs dərmədən ömrünü müəllimliyə xərcləyən biri. 5 uşağı çətinliklə böyütməyi bir yana, o evimizin çox ağır təsərrüfat yükünü çiyinlərində daşıyır. Özü də dincəlmək nədi bilmədən. Neçə illərdir belədir. Keçən ay güclə onu razı sala bildim ki heç olmaya 27 illik peşə fəaliyyətində bir dəfə sanatoriyaya get. Sentyabra razılaşdıq. Hələ sentyabr öndədir, razılığımız da ümid edirəm başımıza gələnlərə baxmayaraq qüvvədədi)

Mamamı xoşbəxt sayıram. Hərçənd biz ona övlad kimi layiqincə xidmət edə bilmirik. Elə özümü götürüm. Hələ anama verdiyim hansısa bir yaxşı hədiyyəni yada sala bilmirəm. Əksinə həmişə mənə görə gərginlik içində olub, ürək ağrısı qazanıb. O qədər abırlıdır ki, bizi danlamağa da üzü gəlməyib.

Bilmirəm, anam mənim tutduğum yolun məsuliyyətin tam anlayırmı…Yəgin ürəyinin dərinliyində kaş Natiq ayrı Natiq olardı, işinə görə də deyir. Amma tam inanıram ki, o mənim yalançı, yaltaq, alçaq olmağımı, bu yolla mənsəb sahibinə çevrilməyimi heç istəməz. Mən də anamı və bütün anaları xoşbəxt etməyin yolunun ictimai fəaliyyətdən kənarda olmadığımı dərk edirəm və bütün başqa yolla mənə mənasız gəlir. Nə edəsən, ölkədən bir qrup axmaq adamın yaratdığı reallıqlar bizə düzgün yaşamağı işgəncəyə çevirib. Haramxorluq təşviq olunur, köləlik, satqınlıq da elə. Belə şəraitdə normal övlad olmaq çətindi. Analar bunu bilməlidir. Bizim bir çox hallarda xoşagəlməz uşaq olmağımız özümüzdən asılı səbəblərə bağlı deyil. Dövlət adına iddia edənlər buna imkan vermir.

Bir nümunə deyim. Mənim ata nənəm 10 yetimi böyütmüş, onları yerbəyer etmiş, böyük əksəriyyətinə ali təhsil verən sadə kənd qadını olub.

Sovet hakimiyyəti qurulanda bu qadına az zülm etməmişdi. Atası, əmiləri repressiya olub, əmisi uşağları ölkədən didərgin edilib, müharibə adı ilə gedər gəlməzə yollanılır, əllərində olan olmaz nə mülk var müsadirə edilib. Buna baxmayaraq nənəmin Sovet rejiminə qarşı nifrətini eşitməzdim. Bəlkə də qorxudan idi. Ancaq mənə elə gəlirdi ki, o bütün məşəqqətlərdən sonra ona halal yaşaması, övladlarını vicdanla böyüdüb təhsil verməsi üçün şərait yaradılmasına görə dövləti ürəyində əfv etmişdi.

Bəs indikilər necə, əfv olunacaqmı, heç bunu istəyirlərmi. Nəsə, uzun və ağır fikirlər oldu ad günü üçün.

Anamı təbrik edirəm. Bizi öz möizələri, tövsiyyələri ilə yox, fərdi nümunəsi ilə düzgün və halal yaşamağı öyrətdiyi üçün.

Hər şey yaxşı olacaq!