“Vətən xaini” söhbəti

Azərbaycanda Əliyevçi rejimin bərqərar olması ilə “vətən xaini”, “xalq düşməni” kimi damğalar leksikonumuza yenidən daxil oldu. Bu o damğalardır ki, ondan Sovet hakimiyyəti illərində geninə-boluna yararlanırdılar. Arzulanmayan hər kəsə bu damğanı basıb, zərərsizləşdirmək, sıradan çıxarmaq ən məqbul yol sayılırdı.

Gəlin bir anlıq 30-cu illərdə Azərbaycanın “xalq düşməni” elan edilən adamlara baxaq. Hansı ki, indi onları ədəbiyyat, sənət tariximizin, ictimai fikrimizin parlaq simaları kimi xatırlayır, yad edirik. Əmin olun, onillər sonra bu günün “vətən xainləri”, “xalq düşmənləri” ilə bağlı da vəziyyət fərqli olmayacaq.

Məsələ yalnız Cinayət Məcəlləsinin konkret maddələri ilə vətənə xəyanətdə ittiham olunanlardan da getmir. Rejim onun kimi düşünməyən, ona tənqidi, müxalif mövqe sərgiləyən, onun çağdışı, zalım mahiyyətinə qarşı istənilən şəxsin ünvanına belə damğaları asanlıqla göndərə bilir. Və bu zaman “balıq hafizəli”, unutqan zümrə də 80 il əvvəli, 30-cu illərin “qırmızı qaranlıqlarını” gözardı edərək bu cür damğalara qeyd-şərtsiz çanaq tutur, alqışlayır. Dindirsən, Cavidə görə göz yaşı tökəcəklər, Müşfiqə qıyanları lənətləyəcəklər, Yusif Vəzirdən ötrü fəryad qoparacaqlar. Bir sözlə, səhnə də dəyişməyib, aktyorlar da. Elə tamaşıçlar da. Elə tamaşaçıların alqışları da.

“Vətən xaini”, “xalq düşməni” kimi ittihamlar hər bir xalqın öz yaxın və uzaq keçmişinin ən qaranlıq, ən kirli, ən çağdışı, ən utancverici dövrlərində ortaya çıxır. Şərin əsas silahı funksiyasını yerinə yetirir. Bu ittihamların havada uçuşduğu dönəmlər bir xalqın, vətənin öz tarixinin ən məşəqqətli, məhrumiyyətli, antibəşəri, antiinsani, antidemokratik dönəmlərini yaşaması deməkdir.  

Işin başqa tərəfi də var. Uzağa getməyək, hər gün daha çox “bir millət, iki dövlət” olmağa başladığımız Türkiyənin son 50-60 illik tarixindən misallarla izah edək. 

Nazim Hikmət – Vətənə xəyanətdə ittiham edilərək həbs olundu. Dəfələrlə həbs həyatı yaşadıqdan sonra axırda çarəsiz qalıb Türkiyəni tərk edərək Sovetlər Birliyinə qaçdı.

Əziz Nesin – Türkiyə cümhurbaşqanı Kənan Evren onu “vətən xaini” elan etdi.

Səbahəddin Əli – Ömrünün böyük hissəsi “vətən xaini” ittihamlarına tuş gəlməklə keçdi.

Rıfat Ilgaz – Məşhur “Hababam sınıfı”nın yazarı olaraq bilinən, hazırda türk ədəbiyyatının 100 təməl əsərindən biri olaraq qəbul edilən “Gecələr” romanının müəllifi olan bu yazıçını az qalsın bütün ömrü boyu “vətən xaini”, “türk düşməni” kimi damğalayıb Türkiyəni başına dar etdilər. 

Yaşar Kamal – Nobel ödülü almaq üçün Türkiyəni satmaqda ittiham edildi, Almaniyanın “Der Spiegel” dərgisinə yazdığı yazıdan sonra ona vətənə xəyanət maddəsi ilə cinayət işi açdılar.

Indi Türkiyəni bir zamanların bu “vətən xainləri” olmadan təsəvvür edin. Nə alınır?! Nə qalır yerdə?!

Dediyim odur ki, “xalq düşməni”, “vətən xaini” kimi çağdışı rejimlərin leksikonuna xas damğalara görə dərd eləməyə dəyməz. Xalqı və vətəni üçün doğru olanları etməyə çalışanların bütün zamanlarda və məkanlarda aqibəti eyni olub. Amma sonda elə bir gün gəlir ki, həmin xalqın, vətənin tarixi həyatını həqiqətin, ədalətin, azadlığın, hüququn təntənəsinə həsr edən belə “düşmənlərsiz”, “xainlərsiz” təsəvvür olunmur.

Indilik isə bu saxta, yalançı damğalara veriləcək ən gözəl cavab Nazim Hikmətin o məşhur şeiridir. O məşhur şeir ki, orada:

vatan

kurtulmamaksa kokmuş karanlığımızdan, 

ben vatan hainiyim… 

-, yazırdı böyük ustad. Tapın o şeiri, bütöv halda oxuyun. Vəziyyət o şeirdəkindən əsla və əsla fərqli deyil. Nəinki bənd-bənd, misra-misra, nəinki söz-söz, hərf-hərf, hətta nöqtə və vergülünəcən eynidir.