Türkiyənin baş naziri kim olacaq?

Turqut Ər: «Hesab edirəm ki, yeni baş nazir Ərdoğanla Abdulla Gülün ümumi razılığı əsasında müəyyənləşəcək»

Türkiyədə ilk dəfə olaraq prezidenti xalq seçdi və keçmiş baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyənin yeni prezidenti oldu. 

Indi əsas müzakirə mövzusu Türkiyənin yeni baş nazirinin kim olacağı ilə bağlıdır. Cəmiyyətdə müxtəlif şəxslərin adı hallanır və adı çəkilən şəxslərin baş nazir olacağı müxtəlif cür əsaslandırılır.

Ancaq daha çox keçmiş prezident Abdullah Gülün adı  çəkilir. Qeyd edək ki, Abdulla Gül özü jurnalistlərə açıqlamasında AKP-yə qayıdacağını bildirib: “Bu partiyanın qurucusuyam. Ilk baş naziri və prezidentiyəm. Partiyaya dönməkdən daha təbii bir şey yoxdur. Türkiyədə çox şeylər dəyişib. Prezidentlik müddətim bitdiyində şübhəsiz ki, partiyama dönəcəyəm. Pis-yaxşı 7 il keçdi. Bu 7 il ərzində çox şey oldu. Mən keçmişlə o qədər çox məşğul olmaq istəmirəm. Gələcəyə baxıram, səbrlə problemlərin həlli istiqamətində addımlar atıram”- deyə Abdulla Gül bildirib.

Türkiyə Baş nazirinin köməkçisi Bəşir Atalay da TRT telekanalına müsahibəsində bildirib ki, Abdulla Gül AKP-yə qayıdacaq və partiyaya yeni güc qatacaq:ÿ”Həm cəmiyyətdə, həm partiyamızda, təşkilatımızın formalaşmasında və partiya qrupumuzda Abdulla bəyin bir əvəzsiz yeri var. Onun partiyaya qayıtmasından daha təbii nə ola bilər? Abdulla Gül bu hərakatın təməl dirəklərindən biridir. Birinci ad Tayyib bəy, ikinci ad isə Abdulla bəydir”.

Uzun müddət Azərbaycanda çalışmış, Türkiyəli diplomat Turqut Ər “Azadlıq”a açıqlamasında bildirdi ki, Türkiyənin yeni baş naziri Ərdoğanla Abdulla Gülün ümumi razılığı əsasında müəyyən olunacaq: “Mətbuatda yazılanlar sadəcə ehtimaldı. Abdulla Gül AKP-yə qayıda bilər, ancaq indiki şəraitdə baş nazir ola bilməz. Abdulla Gül yalnız parlament seçkilərində millət vəkili seçildikdən sonra baş nazir ola bilər. Yəni 2015-ci il seçkilərinin sonuna qədər Abdulla Gül baş nazir ola bilməz. Hazırda kimin baş nazir olacağı ilə bağlı namizədim yoxdur. Yəqin ki, baş nazir Ərdoğanla Abdulla Gül bu məsələdə razılığa gəliblər və qarşıdakı 10 aylıq dönəmdə kimin baş nazir olacağı müəyyənləşib. Onu da qeyd etmək lazımdır ki, indi seçiləcək baş nazirin 10 aydan sonra bu postu Abdulla Gülə təhvil verəcəyi də sual altındadır. Bu məsələlər həmin şəxsin Güllə münasibətlərindən asılı olacaq. Siyasətdə 10 ay uzun müddətdir və bu müddət ərzində çox şey baş verə bilər. 10 ay baş nazirlik etmiş bir adam öz vəzifəsini asanlıqla başqasına verməz. Bu hətta keçmiş prezident olsa belə. Ona görə də qarşıda nələrin baş verəcəyi münasibətlərin səviyyəsindən asılı olacaq”.

Akif