Qızmar yayın ağrıları

Daha bir qızmar yayı yola verməkdəyik. Kondisionersiz otaqda, təzyiqlərin sağdan-soldan dayanmadan gəldiyi şəraitdə bunun nə demək olduğunun izahına gərək yox. Hələ demək istəmədiyim başqa çətinliklər də var ki, əksəriyyət onu yaşayır. Anlayanlar və bunu yaşayanlar üçün başqa xatırlatmalar artıqdır.

Yay istirahət ayıdır. Hər kəs bacardığı qədər istirahətini qurmağa çalışır. Kəndinə, başqa kəndə, başqa rayona, başqa ölkəyə… Karlovı-Varıya gedənlər var. Adamların haqqı. Məzuniyyət aylarının bir başqa özəlliyi də var. Avtoritar rejimlər bu aylardan öz məqsədləri üçün yararlanmağa çalışırlar. Azərbaycanda olduğu kimi. Yay ayları bu rejimlərin at oynatdığı aylardır. Beynəlxalq qurumların başı istirahətə qarışır, belə demək mümkünsə, dünya yiyəsiz qalır. At ölüb, itin bayramıdır – burda deyirlər. 

Bu yay başımıza gətirilənlərin əks-sədası payızda gələcək. Istər Leyla xanım və Arif Yunusun həbsinin, istər Intiqam Əliyev və Rəsul Cəfərovun tutulmasının, istərsə də hələ başa çatmamış yayda saxlananların bədəlini hakimiyyət artıqlamasıyla ödəyəcək. Buna zərrə qədər də şübhə yoxdur. Tutulanların heç bir cinayət törətmədiyinə, yalnız vicdanlarının səsinə qulaq asdıqlarına, başqalarının vicdanını oyatmağa çalışdıqlarına, haqq-ədalət uğrunda mübarizə apardıqlarına şübhə olmadığı kimi.

Artıq neçə yaydır ki, bizim “istirahətimiz” məhkəmə qarşısında keçir. Adına ədalət məhkəməsi deyilən, ancaq indiyə qədər kimsənin ədalətini görmədiyi məhkəmənin. Onların haqqında dəqiq ifadəni sayğılı vəkil Qurban Məmmədov artıq səsləndirib. Təkrara gərək yox…

Seçkilərin ədalətsiz keçirildiyi, qanunların ədalətsiz olduğu, hakimiyyətin ədaləti didərgin saldığı (mühacirətə göndərdiyi də demək olar) ölkənin məhkəmələri əslində, elə belə də olmalıdır. Təəccüblənmirik. Təəccüb damarımız çoxdan quruyub, kirəcləşib. Indi hansısa siyasinin, gənc fəalın narkotiklə tutulmaması bizi təəccübləndirə bilər… 

Dünən “Azadlıq” radiosu Soçi görüşündə Azərbaycan və Ermənistan prezidentlərinin işlətdikləri sözlərin statistikasını verib. Maraqlıdır ki, burda da təəccüblü heç nə yoxdur. Işğalçı ölkənin prezidenti “münaqişə” sözünü 3 dəfə, torpaqları işğal altında olan ölkənin prezidenti isə bu sözü 1 dəfə işlədib. “Danışıqlar” sözünü Ilhm Əliyev 4 dəfə işlətsə də, Serj Sərkisyan bu sözü dilinə gətirməyib. “Sülh” və “ədalət” sözlərini də yalnız Ilham Əliyev işlədib. “Döyüş” sözüsə işğalçı ölkənin prezidentinin dilindən səslənib. Qarabağla bağlı danışıqlar aparan iki ölkə başçılarından yalnız biri – Ermənistan prezidenti bu sözü (Qarabağ) dilə gətirib. Statistika ilə sizi yormaq fikrində deyiləm, ancaq sadaladıqlarımın yetərli olduğunu düşünürəm. Bu görüş Qarabağda müharibənin qismən də olsa alovlandığı ərəfəyə düşdü. Azərbaycan bir neçə gündə 15 şəhid verdi. Ermənistanın itkiləri barədə dəqiq məlumat olmadı. Hakimiyyət süfrəsinin qırıntılarından dolanan saytların və qəzetlərin yazdıqları şəhid ağrısı yaşayan cəmiyyətin yanğısını söndürməyə hesablandığından onları kənara qoyaq. Ermənistan prezidentinin Qarabağda ölən əsgərləriylə bağlı başsağlığı verib-vermədiyini bilmirəm, “vətən xaini” damğası son aylar dəbdə olduğundan qonşu ölkəyə aid hər hansı xəbərə gözümün ucuyla da baxmıram. Heç onların dəyirmanlarının suyunun olub-olmadığını da bilmirəm, nəyimə gərəkdir.

Məni öz ölkəm maraqlandırır. Izlədim, Azərbaycanın dövlət başçısının bu günlərdəki sonuncu başsağlığı Iran prezidentinə təyyarə qəzası ilə bağlı olub…

Əsgərlərimizə Tanrıdan rəhmət, yaxınlarına və ailələrinə səbr diləyirəm!

Tutulanlarımızın qapısının açılmasının həm də bizdən – məndən, səndən asılı olduğunu düşünürəm. Heç bir səbəbsiz azadlığı əlindən alınan dostlarımızla qürur duyuram!