ozunu-yandiran

Qarabağ qazisi Prezident Aparatı qarşısında özünü yandırdı FOTO

Elçin Salahovu xanımı ilə birgə “odlu etiraz”a sürükləyən nə idi? “Süründürməçilikdən bezdilər”

Avqustun 13-də səhər saatlarında Qarabağ müharibəsi veteranı Elçin Salahov yoldaşı Jalə Salahova ilə birgə Prezident Administrasiyası önündə özlərini yandırıblar.

Hazırda hər iki şəxs 5 saylı xəstəxananın yanıq şöbəsindədir.

Şöbədən “Azadlıq” radiosuna verilən məlumata görə, özünü yandıranlardan birinin vəziyyəti ağırdır: «33 yaşlı Jalə Salahovanın vəziyyəti çox ağırdır. Onun bədəninin 45 faizi yanıb, hazırda reanimasiya şöbəsindədir. 39 yaşlı Elçin Salahovun vəziyyəti nisbətən yüngüldür və o palataya köçürülüb».

Xəstəxanadan onu da bildiriblər ki, adı çəkilən şəxslər evlərinin qanunsuz və konpensasiya verilmədən sökülməsinə etiraz olaraq özlərini yandırıblar. 

“Virtualaz.org”un xəstəxanada olan əməkdaşı isə bildirib ki, Prezident Administrasiyasının işçisi özünü yandıran Sumqayıt sakinləri ilə görüşmək üçün xəstəxanaya gəlib. PA rəsmisi özünü yandıran ailə başçısı Elçin Salahovla təklikdə söhbət edib. Görüş barədə əlavə məlumat almaq mümkün olmayıb.

Elçin Salahovun bacısı Yeganə Mahmudova isə hadisənin səbəblərini “virtualaz.org”un müxbirinə danışıb. Y.Mahmudova bildirib ki, qardaşının və onun həyat yoldaşının özlərini yandırmasının səbəbi evlərinin sökülməsi yox, yaşadıqları evdən çıxarılmaları və onlara ödənilməli olan məbləği ala bilməmələridir.

“Qardaşım 2005-ci ildə öz bacanağı Abuzərdən qanuni sənədləri olan ev aldı. 10 min manat da pul vermişdi. Sumqayıtda Hacı Zeynalabdın Tağıyev (daha çox “Nasosnı” adı ilə tanınır-red.) qəsəbəsində olan həmin evə qeydiyyata da düşdülər. Sonra bacanaqları Rusiyaya getdi. Bunları aldatdı. Qardaşımgilin yaşadıqları evin bir neçə vərəsəsi çıxdı. Vərəsələr də elə bacanağı Abuzərin qardaş və bacıları idi. Onlar qardaşımı məhkəməyə verdilər. Aldıqları sənədlər məhkəmə tərəfindən etibarsız sayıldı. Məhkəmə onların evdən çıxarılması və qardaşımgilə zərərçəkən şəxs kimi 14 min manat pul ödənilməsi qərarını verdi. Lakin həmin evin vərəsələri olan şəxslər bu pulu ödəmədilər. Məhkəmə bir ay ərzində qardaşımın və ailəsinin evdən çıxarılmasını tələb edir. İmkansız ailədir. Süründürməçilikdən beziblər. Məhkəmə onların əleyhinə qərar çıxardı, pullarını da ala bilmədilər. Ancaq belə bir addım atacaqlarını gözləmirdik” – deyə Y.Mahmudova qeyd edib.

Onun sözlərinə görə, qardaşı 1992-1997-ci illərdə Tərtərdə cəbhə bölgəsində döyüşüb. Digər qardaşı isə Qazaxda hərbi xidmətdə olub.
Y.Mahmudova qardaşının rəssam, həyat yoldaşının isə evdar qadın olduğunu deyib.

Ailənin 3 yaşlı qız övladından isə xəbər yoxdur. Özünü yandıran Jalə Salahova qızını bacısıgilə qoysa da, digər qohumları bundan xəbərsizdir.