Bir işıqucunun izincə

Biz bədbəxt millətik. Ona görə bədbəxt millətik ki, yüz illərdir zülmə və haqsızlığa qarşı apardığımız mübarizənin bəhrəsini bir yol tapıb əldə edə bilmirik. Hər dəfə əlləşib-vuruşub min səylə yetişdirdiyimiz o azadlıq meyvəsini bir əcaib div qapıb aradan çıxır. Yüz illər! Neçə nəslin davası, qanlı savaşları, yarımçıq və paramparça ömürləri keçir bu zaman axarından. Və bu gün bölünmüş, talanmış, övladları didərgin düşmüş, içi qanayan yurd mənzərələrindən ibarət bir tablo qalır o uzun illərdən geriyə…

Bu taydakı insanlarımızın dərdi, o taydakından, o taydakıların dərdi bu taydakından betər. Burada zülm, orada zülm, burada istismar, orada istismar, burada həbslər, orada həbslər. Tarixən yaşadığımız məşəqqətlərin nə miqyasında, nə də dərəcəsində elə böyük bir fərq yox. Oxuyanlar bilir, ən yaxşı ədəbiyyat nümunələrimizə də eyni rəngdə, eyni çalarda hopub bu kədər. Əhməd Cavad, Almas Ildırım, Səməd Behrəngi, Bulud Qaraçorlu Səhənd eyni ürəklə yaşayıb sanki o ağrıları…

Taleyimə sən bax!

Düşüncələrim yasaq,

Duyğularım yasaq,

Keçmişimdən söz açmağım yasaq,

Gələcəyimdən danışmağım yasaq.

(Səhənd)

Bəli, yüz illərdir bu amansız yasaqlara bağlı keçib gedir bu xalqın tarixi. Ikiyə bölünmüş o taylı bu taylı bəxtsiz bir ölkənin insanları əsrlərdir ayaqları qanaya-qanaya “azadlıq” deyilən bir idealın arxasınca yol gedir. Lap təbrizli Səməd Behrənginin “Balaca qara balıq” hekayəsində olduğu kimi…

Anasından ayrılıb div dalğalarla çarpışa-çarpışa hüdudsuz, açıq dənizlərə çıxmaq arzusunun arxasınca gedən höcət balaca balığa bənzətmişdi Behrəngi ana yurdumuzu. Böyük təhlükələri gözə alıb qorxmadan azadlıq arzusunun arxasınca uzun-uzun üzən balaca qara balıq!.. Bir gün özü də o balaca balığın arxasınca çıxıb getmişdi 28 yaşlı yazıçı, ölüsünü Araz çayından tapmışdılar…

Ramazan bayramında o taydakı soydaşlarımızın apardığı azadlıq mübarizəsinin simvoluna çevrilən Səid Mətinpuru üç günlük evə buraxmışdılar. Məlum yasaqları pozduğuna, dili uzunluğuna görə səkkiz il həbs kəsib ona Tehran məhkəməsi. Səidin geri həbsxanaya qaytarıldığı gün Bakıda da basqınlar, kütləvi həbslər tüğyan etməkdə idi. O gündən bəri həbslər ara vermir. Ölkənin ən nüfuzlu hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti fəalları sorğu-sualsız həbsxanalara doldurulur. Bir az əvvəl məhbuslar siyahısına hüquq müdafiəçisi Rəsul Cəfərov, məşhur hüquqşünas Intiqam Əliyevin də adı əlavə olundu. Bunlar bəs deyilmiş kimi, qisasçılıq insanların yaxınlarına, doğmalarına sarı uzanmağa başladı. Srağagün əməkdaşımız Natiq Adilovun qardaşı heç bir əsas olmadan kənddəki evlərində həbs olundu. Amma işi əsaslandırmaq üçün ənənəvi olaraq onların da evindən “tutarlı nəsə tapıblar”.

Bəli, biz tarixdə azadlıq mübarizələri ən çox boğulan bədbəxt millətlərdənik. Həm də öz bədbəxtliyinə boyun əyməyən, boyunduruğu qəbul etməyən, zaman-zaman ayağa qalxıb köləliyə üsyan edən bir millət. Bəlkə də, bu, son ümidin uçurumdan atılmasına əngəl olan, insanın ruhunu ölməyə qoymayan yeganə təsəllidir elə. Bəlkə də, bu, sönmüş ocaqların küllərindən yenidən doğulmağın, toparlanmağın, davam etməyin və sonda qazanacağına mütləq inamın tək işıqucudur. Bəlkə də, o işıqucu sona kimi izincə getməyə dəyən ən gözəl şeydir elə!