Adlar adamlara nə deyir

Baxırsan hər şeyim var, 

Ruhumsa itir-batır. 

Dörd yanım adam dolu, 

Təklikdən qulaq batır… 

Gözlərimi bir anlıq 

Açmağımı görürəm, 

Ətrafa, insanlara 

Acıyıram, yanıram. 

Başa düşəndə ki, mən, 

Özüm də çarəsizəm. 

Qalmayır başqa çarəm, 

Gözümü tez yumuram… 

Dünən saytların səhər xəbərləri arasında ilk gözümə sataşan bir parçasıyla yazımı başladığım bu şeir oldu. Günümün mövzusuna çevrildi. Müəllifi Heydər Əliyev fondunun vitse-prezidenti, Azərbaycan prezidentinin qızı, rusiyalı iş adamının xanımı, iki oğul anası, son zamanlar kədərli şeirləri ilə əzablarını bölüşən Leyla Əliyevadır. 

Iki Leyla

Azərbaycan kimi məmləkətdə prezident qızının belə bir etirafa cəsarətini alqışlayıram: “Dörd yanım adamla dolu, təklikdən qulaq batır”, ƏHSƏN! Və fikirləşirəm: mümkün ola biləcək yaxşı hər şeyə sahib gənc Leyla Əliyeva bunca çarəsizdirsə, yaşı ömrünü qısaldan, dəmir barmaqlıqlar arasında şəkərli canıyla əlləşməyə məhkum edilən, əsla çarəsizlikdən şikayətlənməyən Leyla Yunus neyləsin. Leyla xanım gənc leylaların daha azad ölkədə yaşamasına, tənhalıqdan əzab çəkməməsinə, ətrafda acımalı insanların olmamasına çalışırdı. Azərbaycan dilinin qolunu-qanadını qıra-qıra da olsa Azərbaycan dilində danışırdı, Azərbaycan üçün mübarizə aparırdı… Leyla Əliyeva şeirlərini rus dilində yazır, duyğularını bu dildə bölüşür.

Iki Rəsul

Onun əldə etdikləri mənim üçün nə qədər qaranlıq və əlçatmaz olsa da hərdən on səkkiz ildir ABŞ-da mühacir həyatı yaşayan keçmiş deputat, baş nazirin müavini, parlament sədri, partiya rəhbəri Rəsul Quliyevə acıyıram. Adamı vətəninə, evinə buraxmırlar. Onun da o uzaq, qərib ölkədə təklikdən qulağı batır. Təklikdən. Gənc hüquq müdafiəçisi, “Avqust” əməliyyatının qurbanı Rəsul Cəfərovla müqayisədə Rəsul Quliyev həddən artıq azadlığın içində tənhalığa məhkumdur. Çox qəribədir, ordakı azadlıq onun üçün həbsxana deməkdir. Həbsxanadakı Rəsul Cəfərovsa bu gün daha azad və xoşbəxtdir. Rəsul həmişə deyərdi: hədəfimiz 2018-dir. Hələ 2014-dür. Mən Rəsulun hədəfinə azadlıqda çatacağına inanıram.

Iki Emin

Azərbaycan prezidentinin kürəkəni, biznesmen və müğənni Emin Ağalarov xoşbəxt həyatını böyük sürətlə yaşayır. Azərbaycan üçün edib-edəcəyi ildə bir yol konsert verməkdir. Nə Leyla Yunusu tanıyır, nə Rəsul Cəfərovu, nə adaşı Emin Hüseynovu. Emin Hüseynov da onun kimi yaraşıqlıdır, o da ingilis dilində danışa bilir. Özü də Barak Obamanın “kürəkənidir”. Demokratik dünya onu Ağalarovdan daha yaxşı tanıyır. Amma o, adaşından fərqli Azərbaycana konsert salonu kimi baxmır. Etirazçı gözüylə əzilənlər, döyülənlər, həbs olunanlar ölkəsi, mitinq, mübarizə meydanı kimi baxır. Amerikada gözəl həyat onu gözləsə də, burdakı mübarizəsi ona ikinci qrup əlillik verib. Emin Ağalarov hər yerdədir, Eminin yerini bilən varmı?

Tək İntiqam

Bu gün Bakının ən gözəl kəndi Kürdəxanıdır. Çünki İntiqam Əliyev o kənddə yaşayır. Və mən hər dəfə Pirşağıya Kürdəxanıdan keçib gedirəm. Salam olsun sənə, Azərbaycanın baş kəndi – KÜRDƏXANI!

Azadə