Ərdoğan Qarabağdan niyə danışmadı?

Türkiyənin yeni prezidenti Azərbaycanda uduzmasına görə incik düşüb?

Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının prezidenti Coze Manuel Barrozo Türkiyədə prezident seçkilərində qələbəsi münasibətilə Rəcəb Tayyip Ərdoğanı təbrik ediblər. Təbrikdə deyilir ki, Türkiyə AB üzvlüyünə namizəd, xarici siyasət müttəfiqi kimi Birlik üçün mühüm önəmə malik qonşu ölkə, önəmli ticarət ortağıdır. AB rəsmiləri bütün bu sahələrdə Türkiyə ilə əməkdaşlığı dərinləşdirməyi səbrsizliklə gözlədiklərini qeyd ediblər.

“Yeni vəzifənizin gərəktirdiyi birləşdirici rolu yerinə yetirəcəyinizə və Türkiyə cəmiyyətinin bütün təbəqələrini, inanclarını, hiss və düşüncələrini, yaşam tərzini əhatə etməyə çalışacağınıza güvənirəm”, – deyə təbrikdə bildirilir.

Rompuy və Barrozo Ərdoğanın Kürd probleminin həlli üçün göstərdiyi səyləri və Kiprdə sülhə nail olmaq naminə dəstəyini davam etdirəcəyini gözlədiklərini bildiriblər.

Bu arada Türkiyə prezidenti Abdulla Gül səlahiyyət müddətinin başa çatacağı 28 avqust tarixindən sonra hansı addımı atacağını açıqlayıb. APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Abdullah Gül jurnalistlərə açıqlamasında Ədalət və Inkişaf Partiyasının (AKP) sıralarına dönəcəyini bəyan edib.

Abdullah Gül AKP-nin qurucusu olduğunu xatırladıb: “Bu partiyanın qurucusu, partiyadan seçilən ilk baş nazir və ilk prezidentəm. Partiyaya qayıtmağım çox təbiidir. Prezidentlik müddətim yekunlaşdıqdan sonra şübhəsiz ki, partiyama dönəcəyəm. Inanıram ki, Türkiyə güclənərək yoluna davam edəcək”.  

Abdullah Gül bu açıqlaması ilə AKP-nin lideri və baş nazir vəzifəsinə iddiasını ilk dəfə açıq şəkildə ortaya qoymuş olub.

Xatırladaq ki, avqustun 10-da keçirilən prezident seçkilərində baş nazir Rəcəb Tayyib Ərdoğan qalib gəlib. Ölkə Konstitusiyasına əsasən prezident partiya üzvü ola bilməz. Bu səbəblə Ərdoğan prezident səlahiyyətlərini icra etməyə başladıqdan sonra AKP özünə yeni lider seçməli olacaq.

Ərdoğanın Azərbaycanda rəqibi Ekmeləddin Ihsanoğluna uduzması isə müxtəlif mülahizələrə səbəb olub. Qeyd edək ki, Anadolu agentliyinin yaydığı məlumata görə, Azərbaycanda Ərdoğan 38.78 faiz, Ihsanoğlu isə 53.78 faiz səs toplayıb.

Bu da Azərbaycanda Ərdoğan əleyhdarlarının üstünlük təşkil etdiyini göstərir. Bəzi iddialara görə, Ərdoğanın “balkon çıxışında” Qəzzada baş verənlərdən danışdığı halda, Dağlıq Qarabağ barədə susması da bununla əlaqədardır.