Polis əməkdaşımızın ata evinə basqın etdi FOTO

Natiq Ədilovun qardaşı işgəncəyə məruz qalıb; hazırda “Bandotdel”də saxlanılır; onunla görüşə imkan verilmədi

“Azadlıq” qəzetinin və “Azərbaycan saatı” proqramının əməmkdaşı Natiq Ədilovun qardaşı  Murad Ədilovun “bandotdel”də saxlanılması haqda məlumat vermişdik. Vəkili Yalçın İmanov bu gün Murad Ədilovla görüşmək istəsə də, ona icazə verilməyib.

Yalçın İmanov “Azadlıq”a açıqlamasında bildirdi ki, rəsmi müqavilə bağlayıb, order təqdim etsə də, müxtəlif səbəblər gətirərək müvəkkili ilə görüşə şərait yartmırlar: “Murad Ədilovla görüşməyimə imkan vermirlər. Bunu belə əsaslandırırlar ki, işin istintaqını aparan Hacı Əfəndiyev idarədə yoxdur. Mənə bildirdilər ki, bu gün görüş mümkün olmayacaq, sabah gəlin. Sabah yenə də cəhd edəcəyik ki, Murad Ədilovla görüşüb, vəziyyəti haqqında məlumat əldə edək”.

Natiq Ədilov isə hesab edir ki, qardaşı ilə görüşə imkan verilməməsi,  bədənindəki  işgəncə izlərini gizlətmək üçündür.

***

“Bu həbsin Natiq Ədilova təzyiq olduğu şübhə doğurmu”

AXCP Natiq Ədilovun qardaşı, partiya fəalı Murad Ədilovun həbsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:

“Avqustun 11-də, Sabirabad rayonunda AXCP mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist, “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” teleproqramının əməkdaşı Natiq Ədilovun ata evinə polis basqını olub, onun qardaşı Murad Ədilov həbs edilib.

Məlumata görə, Bakıdan gedən əməliyyat qrupu yerli polislə birlikdə Ədilovların evinə soxulub, qanunsuz olaraq axtarış aparıb və Azərbaycan polisinin ənənəsinə uyğun olaraq evə narkotik maddə ataraq, Murad Ədilovu həbs edib. Bu basqının və həbsin Natiq Ədilovun fəaliyyəti ilə birbaşa bağlılığı heç kimdə şübhə doğurmur.

Eyni zamanda Murad Ədilovun özü də AXCP-nin fəal üzvlərindən və Sabirabadda partiyanın Gənclər Komitəsinin yaradıcılarından biridir. Bu baxımdan onun həbs edilməsi həm də özünün siyasi fəallığına görədir.

Murad Ədilov hələ bir il bundan əvvəl də eyni ssenari ilə həbs edərək polisdə saxlanmışdı və yalnız güclü ictimai reaksiya müqabilində bir azadlığa buraxılmışdı. Görünür, indi hakimiyyətin özü də ölkədə repressiyaları adiləşdirdiyinin fərqindədir, buna görə də heç bir əndazəyə sığmayan qanunsuzluqlarla ictimai-siyasi sektora hücumları davam etdirir. Murad Ədilovun həbsi insanları şərləməklə aparılan repressiya siyasətinin tərkib hissəsidir.

Murad Ədilov həbs edilən gün onun harada saxlanıldığı haqda ailə üzvləri heç bir məlumat ala bilməyib. Bu isə faktiki adam oğurluğu və ya girov götürmə kimi qiymətləndirilməlidir. Bundan başqa evə polis basqınına görə keçirdikləri stresdən Murad Ədilovun azyaşlı uşaqları və anasının səhhəti pisləşib. Bununla da günhasız bir ailənin üzvləri hakimiyyət orqanlarının mənəvi işgəncəsinə məruz qalıb.

Murad Ədilov həbs ediləndən bir gün sonra bəlli olub ki, onu Sabirabad polis şöbəsində döyüblər və o vəziyyətdə də Bakıya, DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətirilib. O, hazırda həmin idarədə saxlanılır.

AXCP Natiq Ədilova təzyiq və özünü siyasi fəallıqdan çəkindirmək məqsədilə Murad Ədilovun həbs edilməsini qətiyyətlə pisləyir. AXCP bəyan edir ki, indiki dövrdə insanları bu cür orta əsr metodları ilə mövqelərindən və fəaliyyətlərindən çəkindirməyə çalışmaq ən ağılsız hərəkətdir. Bu, vətəndaşlara hörmətsizlik, dövlətin adına utanc və hakimiyyətin mədəni dünya qarşısında özünü ifşasıdır.

AXCP tələb edir ki, Murad Ədilovun müdafiəçilərinə dərhal onunla görüşmək imkanı yaradılsın və onun döyülməsi faktı araşdırılsın, bu qanunsuz hərəkətə yol verənlər cəzalandırılsın. Murad Ədilov təcili surətdə azadlığa buraxılsın, onun şərlənməsi əməliyyatının iştirakçıları məsuliyyətə cəlb edilsin.

AXCP xatırladır ki, Azərbaycanda repressiyaların dövlət siyasətinə çevrilməsi ölkəni bütün mütərəqqi dünyadan təcrid vəziyyətinə gətirib, insan haqlarının ən çox pozulduğu ölkələr sırasında bərqərar edib. Ölkə prezidenti və regional idarəçilərdən olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri “Mətbuatın yırtıcı düşmənləri” siyahısına daxil edilib. Ölkədə 100 nəfərdən artıq siyasi məhbus, Amnesty İnternational kimi nüfuzlu beynəlxalq təşkilatın “vicdan məhbusu” elan etdiyi onlarla vətəndaş günahsız yerə və tam saxta ittihamlarla həbsxanalarda saxlanılır. Bu, Azərbaycanda Stalinizmin 37-ci illər repressiyalarının dalğasını doğurmaqdadır.

AXCP hakimiyyətdən bu utancverici mənzərəyə görə daşıdığı məsuliyyəti dərk etməyə, ictimai-siyasi fəallara qaşı repressiyanı dayandırmağa və bütün siyasi məhbusları yubanmadan azad etməyə çağırır”.

***

Aldığımız son məlumata görə, N.Ədilovun qardaşı dünən “bandotdel”ə döyülmüş vəziyyətdə gətirilib.

***

Daxili İşlər Nazirliyi AXCP üzvü Natiq Ədilovun qardaşının həbsinə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonunun Xəlfəli kənd sakini Murad Ədilovdan 114,2 qram həşiş və 7,4 qram marixuana aşkar edilərək götürülüb.

M. Ədilovun yaşadığı evə baxış zamanı isə 685 qram marixuana aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

E. Zahidov deyib ki, M. Ədilovun həbsinə siyasi don geyindirmək doğru deyil: “Murad Ədilov konkret cinayət faktına görə tutulub. Buna siyasi don geyindirmək düzgün deyil. Ortada cinayət faktı var və o, bu fakta görə məsuliyyətə cəlb olunub”. 

DİN-in açıqlamasına N.Ədilov Facebook səhifəsində cavab verib: 

Bir neçə xırda məsələ haqqında

Bir: Qardaşım Murad Ədilov artıq DİN rəsmi ittihamı elan elədi. Birmənalı ittihamı rədd edirik. Qardaşımın, bizim ailənin bu cür işlərlə yaxından uzağa heç bir aidiyyatı yoxdu. Bu Azərbaycanı idarə edən kriminal korrupsiyaçı rejimin adını özgəyə qoymasıdır. İşin mahiyyəti ilə bağlı geniş açıqlama olacaq.

İki: Bu vaxta qədər hələ də qardaşımın evlə, ailə üzvləri ilə əlaqə saxlamasına imkan verilməyib. Onun müdafiə hüququ ciddi formada pozulur.

Üç: Aldığım məlumata görə, ötən gecə Sabirabad polisində ciddi işgəncələrə (yoldaşını və hadisə günü bizim evdə qalan hamilə bacımı polis idarəsinə gətirmək ) baxmayaraq Murad iradəsi əleyhinə ifadə verməkdən imtina edib. Tərtib edilən aktı imzalamayıb.

Dörd: Yenə yarımrəsmi informasiyalara görə, Muradı hazırda “Bandotdel”də saxlayırlar. Onun taleyindən narahatıq. Azadlıqda qalan çox az hüquq müdafiəçisi və vəkillərdən, diplomatik korpusdan Muradın ordakı vəziyyətini diqqətə almağı xahiş edirəm.

Bir daha dəstək üçün bütün dostlara təşəkkür.

P.S: Dostlar, narahatlıq üçün edilən zənglərinizi təbii qəbul edirəm, xoşdu. Fəqət nəzərə alın ki, demək olar bütün günü küçədəyəm, telefonun batareyası buna dözmür. Odur ki, çox əhəmiyyətli hesab etdiyiniz məsələylə bağlı zəng edin.

Murad Ədilov

***

11/08/2014

«Bu, növbəti xain basqın və mənə görə ailəmizin əzaba düçar edilməsidir»

“Azadlıq” qəzetinin və “Azərbaycan Saatı”ı proqramının əməkdaşı Natiq Ədilovun Sabirabaddakı ata evinə avqustun 11-i axşam saatlarında basqın edilib. Bu barədə Natiq Ədilov özünün “Facebook” səhifəsində yazıb:

“Əziz dostlar. Bu dəqiqə kənddən (Sabirabad) aldığım məlumata görə, polis evimizə basqın edib, qardaşımı həbs ediblər. Heç bir açıqlama vermirlər. Ailə üzvlərimizlə əlaqə yarada bilmirəm. Bu, növbəti xain basqındı, mənə görə ailəmizin əzaba düçar edilməsidir. Burdan bəyan edirəm, kişisiniz, sözünüz mənlə olsun. Bu böhtan və yaramazlıq heç bir halda mənim apardığım haqq davasına təsir edə bilməyəcək. Bu cür şərləməklə çox uzağa gedə bilməyəcəksiniz”.

Natiq Ədilov “Azadlıq”a açıqlamasında bildirdi ki, qardaşı Murad Ədilov ötən həftə AXCP-nin Sabirabad rayon şöbəsinin Gənclər Komitəsinin yaradılmasında fəal iştirak edib: “Hələlik hadisənin təfərrüatları bizə məlum deyil. Zəng edirəm, qardaşımın harada və necə saxlanmasıyla bağlı heç nə demirlər. Onun həbsi AXCP fəalı kimi özünə görə də, “Azadlıq” qəzeti və “Azərbaycan Saatı”ndakı fəaliyyətimlə bağlı mənə görə də ola bilər. Mənzilə basqın olub, evdəki azyaşlı uşaqlar sarsılıb. Pis vəziyyətdədilər. Silahla qorxudublar. Anamın bu dəqiqə danışmaq imkanı da yoxdur. Evə gəən silahlılar guya bacımın yastığının altından narkotik tapıblar”.

Qeyd edək ki, Murad Ədilov bir il öncə də həbs olunmuşdu. Sabirabad Rayon Məhkəməsi “polisə müqavimət” göstərməsini əsas gətirərək, onun barəsində 2 sutka inzibati həbs cəzası seçmişdi.

Hadisəni diqqətdə saxlayacağıq.