Aldığımız son məlumata görə, N.Ədilovun qardaşı dünən “bandotdelə” döyülmüş vəziyyətdə gətirilib.
***
Daxili İşlər Nazirliyi AXCP üzvü Natiq Ədilovun qardaşının həbsinə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonunun Xəlfəli kənd sakini Murad Ədilovdan 114,2 qram həşiş və 7,4 qram marixuana aşkar edilərək götürülüb.
M. Ədilovun yaşadığı evə baxış zamanı isə 685 qram marixuana aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
E. Zahidov deyib ki, M. Ədilovun həbsinə siyasi don geyindirmək doğru deyil: “Murad Ədilov konkret cinayət faktına görə tutulub. Buna siyasi don geyindirmək düzgün deyil. Ortada cinayət faktı var və o, bu fakta görə məsuliyyətə cəlb olunub”.
DİN-in açıqlamasına N.Ədilov Facebook səhifəsində cavab verib:
Bir neçə xırda məsələ haqqında
Bir: Qardaşım Murad Ədilov artıq DİN rəsmi ittihamı elan elədi. Birmənalı ittihamı rədd edirik. Qardaşımın, bizim ailənin bu cür işlərlə yaxından uzağa heç bir aidiyyatı yoxdu. Bu Azərbaycanı idarə edən kriminal korrupsiyaçı rejimin adını özgəyə qoymasıdır. İşin mahiyyəti ilə bağlı geniş açıqlama olacaq.
İki: Bu vaxta qədər hələ də qardaşımın evlə, ailə üzvləri ilə əlaqə saxlamasına imkan verilməyib. Onun müdafiə hüququ ciddi formada pozulur.
Üç: Aldığım məlumata görə, ötən gecə Sabirabad polisində ciddi işgəncələrə (yoldaşını və hadisə günü bizim evdə qalan hamilə bacımı polis idarəsinə gətirmək ) baxmayaraq Murad iradəsi əleyhinə ifadə verməkdən imtina edib. Tərtib edilən aktı imzalamayıb.
Dörd: Yenə yarımrəsmi informasiyalara görə, Muradı hazırda “Bandotdel”də saxlayırlar. Onun taleyindən narahatıq. Azadlıqda qalan çox az hüquq müdafiəçisi və vəkillərdən, diplomatik korpusdan Muradın ordakı vəziyyətini diqqətə almağı xahiş edirəm.
Bir daha dəstək üçün bütün dostlara təşəkkür.
P.S: Dostlar, narahatlıq üçün edilən zənglərinizi təbii qəbul edirəm, xoşdu. Fəqət nəzərə alın ki, demək olar bütün günü küçədəyəm, telefonun batareyası buna dözmür. Odur ki, çox əhəmiyyətli hesab etdiyiniz məsələylə bağlı zəng edin.