Yezidilər hər il Mosulun şimalındakı Laleş dağında Şeyx Hadinin məzarını ziyarət edirlər. Yaxın Şərqdə İslam Dövləti (əvvəlki adı ilə İŞİD) təşkilatının hücumlarının qurbanı olanlar arasında hazırda ərzaqsız və susuz bir şəraitdə Iraqın şimalındakı dağlarda ilişib qalmış 50 min nəfərlik yezidi qrupu da var. Yazıçı Diana Darke bu sirli dinin davamçılarının kimliyini izah edir.
Düşdükləri vəziyyətlə bağlı diqqət mərkəzinə düşmüş yezidilər, əslində, beynəlxalq maraqdan o qədər də məmnun deyillər. Inanclarına gəldikdə isə, bəziləri onları ədalətsiz olaraq “şeytana sitayiş edənlər” adlandırırlar.
Yezidilərin özləri ənənəvi olaraq Iraqın şimalı, Suriyanın şimal-qərbi və Türkiyənin cənub-şərqi boyunca kiçik təcrid olunmuş icmalarla yaşayırlar.
Onların dəqiq sayını söyləmək çətindir, beləki müxtəlif mənbələrdə bu say 70 min və 500 min arasında təxmin edilir. Şübhə yoxdur ki, qorxudulan, şərlənən və təqiblərə məruz qalan yezidilərin sayı ötən əsrdə xeyli azalıb.
Regionun druzluq və ələvilik dinlərində olduğu kimi yezidizmi də qəbul etmək mümkün deyil. Yezidi kimi yalnız doğulmaq olar.
Hazırda onların əsas məskənləri olan Sincar dağı rayonunda təqiblərə məruz qalmalarının səbəbi adlarının yanlış şərh edilməsidir. ID kimi başqa sünni ekstremistlər inanırlar ki, onların adı Əməvilər sülaləsinin çox da xoşlanmayan ikinci xəlifəsi Yezid ibn Müaviyədən (647-683) qaynaqlanır.
Iraqın Dohuk şəhəri: yezidilər icmasının nümayəndələri bayram mərasimlərinə qatılırlar.
Müasir araşdırmalar göstərir ki, bu adın nə əhli-kef Yezidlə, nə də mənası mələk və ya pəri olan fars şəhəri Yəzdlə heç bir əlaqəsi yoxdur. Onların özləri deyirlər ki, “yezidilər” sadəcə olaraq Allaha sitayiş edənlər deməkdir.
Onlar özlərini Daasin adlandırılar və bu ad Şərq dyakonluğuna aid qədim nəsturi və ya nestorian kilsələrinin birindən götürülüb. Bu da qeyd olunmalıdır ki, yezidilərin bir sıra inancları məhz Xristianlıqdan qaynaqlanır. Onlar həm Qurana, həm də Incilə hörmət bəsləyirlər, lakin öz dinləri şifahi ənənələrə söykənir.
Məxfi həyat tərzlərinə görə onlar haqqında belə bir yanlış fikir də formalaşıb ki, yezidilik işıq-qaranlıq dualizminə söykənən Zərdüştiliklə və ya hətta Günəşə sitayişlə bağlıdır.
Lakin yeni araşdırmalar nümayiş etdirir ki, onların müqəddəs ocaqları çox vaxt Günəş simvolları ilə bəzədilsə də, məzarları şərqə doğru qazılsa da, dinlərində daha çox Xristianlıq və Islamın təsirlərini görmək mümkündür.
Yezidi uşaqları “pir” adlanan ruhani şəxs tərəfindən xaçaçur edilirlər. Toylarda da iştirak edən pir çörəyi ortadan bölərək bir hissəsini bəyə, digər hissəsini isə gəlinə verir.
Yezidi uşaqları “pir” adlanan ruhani şəxs tərəfindən xaçaçur edilirlər.
Gəlinlər qırmızı geyinir və xristian kilsələrini ziyarət edirlər. Dekabr ayında yezidilər üç gün oruc tutur, oruc başa çatanda isə pirlə birlikdə şərab içirlər.
Onlar hər il sentyabrın 15-20-i arasında Mosulun şimalındakı Laleş dağında Şeyx Hadinin məzarını ziyarət edirlər. Həmin ziyarət zamanı onlar özlərini çayda qüsl edib təmizləyirlər. Onlarda qurban kəsmək və sünnət adətləri də var.
Onların tapındıqları ilahi varlıq Yəzdan kimi tanınır. Yezidilərin fikrincə o, elə bir ucalıqdadır ki, ona birbaşa ibadət edilə bilməz. O dünyanın yaradanı, passiv qüvvə sayılır, lakin mühafiz deyil.
Yəzdandan 7 ruh şüalanır ki, onların da içərisində ən böyüyü tovuz quşu şəklində təsəvvür edlən Mələk Tovuzdur. Mələk Tovuz müqəddəs iradənin fəal icraçısı sayılır.
Tovuz quşu erkən Xristianlıqda ölməzliyin rəmzi sayılırdı, çünki onun cəsədi inanclara görə guya heç vaxt çürümürdü. Mələk Tovuz Allahın köməkçisi sayılır, ondan ayrılmazdır və bu mənada yezidilik monoteist və ya təkallahlı inancdır.
Yezidilər Mələk Tovuza gündə beş dəfə ibadət edirlər. Mələk Tovuzun başqa bir adı da “şeytan”dır və bu söz ərəbcə Iblisi bildirdiyindən yezidiləri yanlış olaraq “şeytana sitayiş edənlər” kimi tanıyırlar.
Yezidilər Mələk Tovuza ibadət edirlər
Yezidilər inanırlar ki, ruh davamlı olaraq başqa bədənlərə köçür və ya transmiqrasiya edir və buna görə də təkrar doğulmalar nəticəsində tamamilə paklaşıb cəhənnəmdən xilas olmaq mümkündür.
Yezidi üçün ən böyük cəza onun icmadan qovulmasıdır. Bu o deməkdir ki, həmin şəxsin ruhu daha səfər edə bilməyəcək. Bu səbəbdən də başqa dinə keçmək tamamilə qeyri-mümkün məsələdir.
Türkiyənin Suriya və Iraqla sərhədləri boyunca bir vaxtlar tərk edilmiş yezidi kəndlərində həyat yenidən canlanır. Buradakı yeni evləri icmanının özü tikir.
Buna görə də Türkiyə hökuməti sürgündən qayıdan yezidilərə toxunmur. Əsrlərcə təqib olunmalarına baxmayaraq yezidilər dinlərindən dönməyiblər, bu isə onların heyrətamiz kimliyə və güclü xarakterə malik olduqlarını göstərir.
Əgər yezidilər IŞID tərəfindən Iraq və Suriyadan tamamilə qovulsalar, çox güman, onların asayiş içində yaşamasına imkan verən Türkiyəyə sakin olacaqlar.