Hakimiyyətdəki ruspərəstlər pərt vəziyyətdə

«Soçi görüşü»ndə heç nə baş verməməsi onları məyus edib 

“Soçi görüşü” Azərbaycan hakimiyyətindəki ruspərəstlərin pərtliyinə səbəb olub. Hakimiyyətdaxili mənbələrdən daxil olan məlumata görə, iqtidardakı ruspərəst qüvvələr bu görüşə böyük ümid bəsləyirmişlər. Soçi görüşündən bir müddət əvvəl həmin qüvvələrin nəzarətində olan media qurumlarında Rusiyanın təbliğatının aparılması, Dağlıq Qarabağ probleminin həllinin birbaşa Kremlin əlində olması, Azərbaycanın Qərbdən üz çevirərək şimal qonşumuzla sıx münasibətlər qurması barədə fikirlərə geniş yer verilməsi müşahidə olunurdu. Hətta belə iddialar səslənirdi ki, Rusiyanın dəstəyilə Azərbaycan işğal olunmuş 5 rayonu geri ala biləcək. Iqtidardakı ruspərəstlərin bu yöndə təbliğatı cəbhə xəttində atəşkəsin pozulmasından daha da güclənmişdi. Lakin gözləntilər özünü doğrultmadı. Bu görüşdə faktiki olaraq heç nə baş vermədi. “Soçi görüşü” iqtidardakı ruspərəstlərin Rusiya təbliğatını darmadağın elədi. Bu görüşdən sonra Azərbaycan cəmiyyətində Rusiyaya qarşı mənfi münasibət daha kəskinləşdi. Eyni zamanda Rusiyanın Qarabağla bağlı təşkil etdiyi görüşlərin əslində problemin həllinə heç bir töhvə vermədiyi, bütün bunların sadəcə Kremlin özünü bu məsələdə həlledici amil kimi göstərməsinə hesablandığı bir daha aydın oldu.

Doğrudur, görüşün əhəmiyyətli tədbir olduğunu ictimai rəyə sırımağa cəhd göstərənlər var. Məsələn, Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a müsahibəsində deyib ki, heç bir görüş izsiz qalmır. Lakin Əli Həsənov “Soçi görüşü”nün “izləri” barədə danışmayıb…