Türkiyədəki son Ərdoğan seçkisindən yazmıram, yazmaq istəmirəm. Demək olar, on il qabaqkı yazılarımda Ərdoğanın Türkiyəni hara sürüklədiyinin proqnozunu vermişəm. Ərdoğan Türkiyəsi çağdaşlıq, demokratiya yolundakı Atatürk Türkiyəsi deyil. Bu, turbana bürünüb korrupsiya-geriçilik yoluna yuvarlanmaqla Sovet rejimindən çıxma Türk dövlətlərinə yandaş-yoldaş olan Türkiyədir. Türkiyəni Heydər Əliyevin yaratdığı “Yeni Azərbaycan” yoluna yönəldən Ərdoğan da son çıxışlarında tez-tez “Yeni Türkiyə” yaratdığından danışır. Evindəki oğurluq pullarla bağlı oğluna zəng vurub “Bilal, pulları dağıt”, deyən Ərdoğan bu gün onu oğurluq üstündə tutub səsini yazan polisləri yığın-yığın tutub türməyə göndərir…
Azərbaycandasa türmələr əliyevçi diktatura-korrupsiya rejimi ilə barışmayanlarla, bu rejimə qarşı çıxanlarla doldurulmaqdadır. Hələlik sonuncu tutulan ölkənin ən dəyərli hüquqçularından olan Intiqam Əliyevdir. “Hələlik” deyirəm – bu xamırın hələ çox su aparacağını bildiyim üçün. Intiqam təkcə elə yaratdığı, başında durduğu qurumun adına görə əliyevçi rejimdə türməlik ediləcək kimsədir – Hüquq Marifçiliyi Cəmiyəti. Hakimiyətin bütünlüklə kriminal qruplaşma əlinə keçdiyi bir ölkədə, bu kriminal qruplaşmanın bütünlükülə BIZNESƏ – rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya biznesi! – qurşandığı-uğraşdığı ölkədə HÜQUQ MARIFÇILIYI adına qurum yaratmağın özü KRIMINAL xarakterli bir işdir. Demək, sən xalqa hüquqlarını başa salır, onu rejimə qarşı yönəldirsən. Intiqam bəy neçə illər idi Avropa Məhkəməsinə rejimin kriminal xarakterini bəlirləyən çoxlu işlər aparıb çıxarırdı. Özü də gecə-gündüz yorulmaq bilmədən çalışmaqla!
Rauf Mirqədirovu, Leyla-Arif Yunusları “dövlətə xəyanət” suçlaması ilə tutuqlayan rejim üçün, sözsüz, Intiqam Əliyev də DÖVLƏTƏ XƏYANƏT edənlər kateqoriyasındandır. Əliyevlər üçün “dövlət mənəm!” yönətim prinsipi olduğundan bu ölkədə hüquqların tapdanmasına qarşı çıxmaq görsənişi dövlətə qarşı çıxmaq sayılır. Bu faktın özü dövlət qurumlarında ayrıca düşüncə-baxış faktoruna çevrilib: təpədən dırnağa korrupsioner – Ölkəni, Dövləti, Ulusu satan bir rejim, rejim adamları dövlətlə bir tutulur – rejimə qarşı çıxırsansa, demək, dövlətə qarşı çıxırsan. Bu yerdə “dövlət” korrupsiya rejimi üçün qurtuluş qurşağı rolunu oynayır: ölkəni soyub-yağmalamaqla milyonlara, milyardlara yiyələnənlər qanunçuluq-düzgünlük yolu tutanları Leyla Yunus kimi “dövlətə xəyanətdə”, Intiqam Əliyev kimi “qanunsuz sahibkarlıq fəaliyətində” suçlamaqla türməlik edirlər.
Sumqayıtda 17 zavodu keçi qiymətinə ələ keçirib “Sumqayıt Texnologiya Parkı” adı altında biləşdirib vergidən yayındırmaq, ölkənin neft-qaz, qızıl-gümüş yataqlarını, Təhsil, Sağlamlıq, Vergi, Gömrük sistemlərini, qısaca desək, irili-xırdalı başlıca gəlir qaynaqlarını monopoliyaya almaq düzgün “sahibkarlıq fəaliyəti” sayılır, yurddaş qurumu yaradıb Avropadan, Amerikadan qrant almaqla dolanmaq (eləcə də üç-beş adamı dolandırmaq), “qanunsuz sahibkarlıq fəaliyəti” olaraq “kriminal” xarakter daşıyır.
ANS-in soraqlar bülleteni belə başlayır: “Cəbhə xəttində gərgin döyüşlər gedir”. Bu gün Azərbaycanda gerçək cəbhə xətti korrupsioner-kriminal rejimlə bu rejimə dözməyənlər arasındadır. Ölkənin uğurlu – Özgür, Demokratik gələcəyinə yönəlik başlıca savaş da burada gedir. Bu gün Qarabağ cəbhəsində gedən savaş gerçək Azərbaycan savaşı deyil, stalinçi diktator Putinin yeni rus imperiya planlarına bağlı əlaltı savaşdır. Bizə başqa dövlətin planlarına bağlı yedək, yamsılama savaş deyil, Azərbaycanın Özgürlük, Demokratiya, Böyüklük, Bütövlük ideallarına bağlı gerçək savaş gərəkdir. Strategiyası, taktikası Kremldən gələn bir savaş deyil, Strategiyası da, Taktikası da özümüzə bağlı bir savaş! Bu gün Azərbaycanı bürüyən bəlli tutqulara gəlincə, bunun gerçək adı diktatura dezinfeksiyasıdır – “düşmənlər” yox edilir…