Bütün iyrənc vasitələri məqbul sayırlar

Artıq neçənci dəfədir ki, ictimai-siyasi fəallara təzyiq etmək üçün onların ailə üzvlərini girov götürürlər

Bunlar 3 ton heroinlə tutulandan sonra ümid edirdim ki, ən azı bir müddət ictimai-siyasi fəalları narkotiklə tutmazlar, utanarlar. Yanılmışam, utanan üz yox imiş bunlarda. Məqsədə çatmaq (indiki halda hakimiyyətlərini qorumaq) üçün bütün iyrənc vasitələri də məqbul sayırlar.

Natiq Ədliov neçə illərdir ki, ardıcıl olaraq azadlıq mübarizəsi aparır. Hələ 2003-cü il seçkilərində hökumətin saxtakarlığına mane olduğu üçün həbs edilmişdi. Xeyli müddət seçki məhbusu həyatını yaşadı. Hələ o zaman çox gənc olan Natiq bəyi həbsxana həyatı qorxutmadı. Həbsdən sonra mübarizəsini daha da genişləndirdi.

AXCP mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin köşə yazarı, “Azərbaycan saatı”nın aparıcısı, bloqçu Natiq bəyin fəaliyyəti çox rəngarəngdir. Onun əqidəsinə sədaqətli olduğunu, mübarizəsində mərdanəliyini rəqibləri də bilir. Natiq bəy yorulmaz, qətiyyətli, ətrafa enerji saçan azadlıq mübarizəsi ilə gənc yaşlarından simvollaşmış dostlarımızdandır. Hökumət üçün belə simvollar təhlükə mənbəyi sayılır. Neçə vaxtdır ki, Natiq bəyi susdurmaq üçün müxtəlif vasitələrə baş vururdular. Onu açıq hədələyirdilər. Nə hədələr, nə də təxribat, böhtan, şantaj onu qorxutdu. Onu durdura bilmədilər, amma cəzalandırmaq qərarı verdilər. Qardaşı Murad Ədilovu narkotik böhtanı ilə tutdular.

Murad bəy də AXCP üzvüdür. Amma biz yaxşı bilirik ki, onu məhz Natiq bəyə görə tutublar. Biz deyəndə ki, bunlar ölkəni feodal təfəkkürü ilə idarə edirlər, bəlkə də bəziləriniz məsələni bir az şişirtdiyimizi düşünürdünüz. İndi necə, əmin oldunuz? Artıq neçənci dəfədir ki, ictimai-siyasi fəallara təzyiq etmək üçün onların ailə üzvlərini girov götürürlər. Hansı sivil cəmiyyətdə siyasi rəqiblər bu şəkildə cəzalandırılır?

Hökumətin demokratik qüvvələrlə savaşı davam edir. Hər gün hansısa vicdanlı adamı şərləyirlər. Hakimiyyətin bu cəbhədə “atəşkəs” elan etmək fikri yoxdur. Demokratik düşərgə böyük itkilər, qurbanlar versə də, mübarizəni davam etdirir və etdirəcək. Çünki bu mübarizə sabahımız uğrunda, övladlarımız, gələcək nəsillər, nəhayət, Azərbaycan naminədir. Qeyri-bərabər şəraitdə olsa da, biz mübarizəni o vaxta qədər davam etdirəcəyik ki, ayrı-ayrı şəxslərin deyil, bütövlükdə toplumun vicdanı ayılsın.