Döz bu dərdə dözənəcən,
Bu dərd səni üzənəcən,
Oğul gəlib dizinəcən,
Hanı dizdən aşağısı?
(Ramiz Rövşən)
Cəbhədəki son on günün ürək yaxan itkilərindən sonra belə acı bir xəbəri oxumaq insanı yenidən paramparça etməyə yetər. Dünən öyrəndik ki, son atışmalarda yaralanan üç əsgərimiz – Ədalət, Elvin və Sərxan durumu ağır olduğu üçün Türkiyəyə aparılıb. Bu gənclərin hər üçü 19 yaşındadır. Qardaş ölkədə Elvin qarın nahiyəsindən aldığı ağır güllə yarasından əməliyyat olunub, Ədalətin bir gözü amputasiya edilib, Sərxanın isə hər iki ayağı… Sərxan Tahirzadə evin yeganə övladıdır. Bunun necə böyük acı olduğunu bilirsiniz? Özünüzü bir anlığa Sərxanın anasının yerinə qoya bilərsiniz? Onun yaşadığı sarsıntıları, sinəsindən qopan ahı duya bilərsiniz? Mümkün deyil. Yalnız bir ana hiss edə bilər canından qopan həmin o parçanın ağrısını. Yalnız bir ana…
Bu yazını yazdığım anlarda Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü gedir. Görüşün mövzusu Dağlıq Qarabağ məsələsidir. Bu görüşdən müsbət bir sonuc gözləməyə dəyərmi? Ağlım kəsmir. Ən azı ona görə ki, həmin danışıq masasının başında elə araqarışdıran tərəfin öz prezidenti oturub, həm də son illər çevrəsindəki bütün münaqişə ocaqlarının əsas təşkilatçılarından biri. Həm də Qarabağ müharibəsində qarşı tərəfin silahlandırılmasına, təlimləndirilməsinə, vaxtaşırı Azərbaycan tərəfini əldə saxlamaq üçün atəşkəsin pozulmasına rəhbərlik edən şəxslərdən biri. Bu statusda olan bir adamın səmimiyyətinə inanmaq, oturub-durub Xocalı qətliamında iştirakı ilə öyünən Sarkisyanın səmimiyyətinə inanmaq kimi bir şey olar elə.
Putinin dərdi Qarabağ deyil, şübhəsiz. Onun azarı əlindəki bu şanslı kartdan istifadə edib Azərbaycanı özünə tərəf dartmaqdır. Indi durum daha pisdir. Beynəlxalq sanksiyalardan küncə sıxışan, quyruğu qapı arasında qalan birinin ağır vəziyyətdən az itki ilə xilas yolları arayışıdır, bəlkə də bu görüş. Qarabağda gedən canlar, ağlar qalan analar, yetim qalan körpələr onun nə vecinə! Axı evin yeganə övladı Sərxanın iki ayağının kəsilməsi, bir ananın tək balası ilə bağlı qurduğu xəyalların bir anda darmadağın olması onun nə vecinə axı!
Hər yerdə Soçi görüşündən danışırlar. Onun heç bir nəticəsi olmayacağını, kimlərinsə hiyləgərliklərindən irəli gələn bir oyun olduğunu anlaya-anlaya danışırlar yenə. Azərbaycan adına orada iştirak etməyə dəyərdimi? Bilmirəm, yoxsa “diplomatiya” deyilən şey bu yalan və qurama işlərin, saxta gülüşlərin, riyakar masa müzakirələrinin içində gizlənir elə? Gizlənir ki, yenə günü günə sata-sata yeni mənasız görüşlərin vaxtını gözləyək, yenə min bir əziyyətlə boya-başa çatdırdığımız gənc balalarımızı qurban verək, yenə ürəyimiz yansın, tüstümüz təpəmizdən çıxsın…
Müharibə böyük lənətdir. Içində Rusiya şovinizmi olan hər iş də lənətdir. Bizim üçün bu həqiqət dəyişməz. Əsrlərin tarixini vərəqləsəniz belə, bu lənətdən bizim küllərimiz töküləcək. Çünki onların oduna ən çox biz yanmışıq, ən çox bizim cızdağımız çıxıb onların körüklədiyi atəşin alovunda. O alovun tüstüsü hələ də üstümüzdən çəkilməyib. Hələ də günahsız qurbanlar verməkdəyik onların çirkli oyunlarına. Sərxan da o məsum qurbanlardan biridir. Gəncəcik, 19 yaşında, qəlbi sonsuz arzularla dolu idi. Iki ayağını uddu bu çirkin müharibə deyilən şey onun. Indi bu əhəmiyyətsiz görüşlər, yalançı müzakirələr, saxta diplomatiya oyunu onun kəsilmiş ayaqlarına dəyərmi sizcə?