Hakimiyyətin “heroin əməliyyatı”na qarşı şousu

Yaxud 3 ton heroini görə bilməyən gömrük komitəsi 69 kiloqram heroini necə görüb? 

Azərbaycan Dövlət Gömrük Komitəsi 70 kiloqrama yaxın heroin tutub. Gömrük Komitəsinin rəsmi saytının məlumatına görə,  avqustun 8-də Tovuz Gömrük Idarəsinin “Sınıq Körpü” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə Irandan Gürcüstana gedən Türkiyə vətəndaşı Ateş Rifat Ahmed oğlunun idarə etdiyi, Gürcüstana məxsus yük avtomobilinin qoşqusunun döşəməsinin altından 116 ədəd polietilen bükümə qablaşdırılmış heroin götürülüb. Heroinin xalis çəkisi 69 kq 610,4 qram olub. Fakt üzrə əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, bir neçə həftə əvvəl bu marşrutla gətirilən 3 tona yaxın heroin Gürcüstan polisi tərəfindən tutulub. Hələ Azərbaycan tərəfi bu məsələyə aydınlıq gətirməyib. Yəni, 3 ton heroinin Azərbaycan sərhəddindən necə keçdiyinə heç bir izahat verilmir. Bu məsələ beynəlxalq aləmin də diqqətindədir. Təsadüfi deyil ki, Gürcüstan polisinin əməliyyatı beynəlxalq mediada da geniş işıqlandırılıb. Və əsas diqqət 3 ton heroinin Azərbaycan sərhəddindən necə keçdiyinə yönəldilib.

Azərbaycan hakimiyyəti bu vəziyyətdən çıxmaq üçün müxtəlif manevrlər edib. Əvvəlcə, bu əməliyyatdan Azərbaycan tərəfinin məlumatlı olduğu barədə xəbərlər dövriyyəyə buraxılıb. Həmin xəbərlərdə iddia edilib ki, Gürcüstanın daxili işlər naziri əməliyyatdan Azərbaycan tərəfinin məlumatlı olduğunu bildirib. Yəni, guya Azərbaycan “mal”ı əməliyyat çərçivəsində sərhəddin buraxıb. Lakin bu məlumatı yayın hökmətyönlü media heç bir mənbəyə istinad etməyib. Gürcüstan mediasında, eləcə də bu ölkənin DIN-nin rəsmi internet səhifəsində məlum əməliyyat barədə yerləşdirilən xəbərlərdə Azərbaycan tərəfinin məsələdən məlumatlı olduğu barədə qeyd yoxdur.

Daha sonra Azərbaycan hakimiyyəti ölkədə narkotikya qarşı ciddi mübarizə getdiyi görüntüsü yaratmaq üçün kampaniyaya başlayıb. Gömrük komitəsinin “69 kiloqram heroin əməliyyatı” da bu kampaniyanın tərkib hissəsi sayıla bilər. Hər halda ortaya sual çıxır: 69 kiloqram heroini görən komitə 3 ton heroini niyə görməyib?