YARAT Müasir Incəsənət Mərkəzi Bakının sökülməkdə olan köhnə yaşayış məhəlləsi “Sovetski”dən çəkilmiş fotoları Avstriyanın nüfuzlu sərgisinə çıxarır. Virtualaz.org saytı “YAREAH Magazine” jurnalına istinadən xəbər verir ki, “Sovetski”dən rəssamlar və fotoqraflar Orxan Hüseynov, Sənan Ələsgərov və Aida Mahmudovanın çəkdikləri yeni video, foto və illüstrasiyalar “VIENNAFAIR” müasir incəsənət sərgisində nümayiş etdiriləcək.
Sərgi bu il oktyabrın 2-dən 5-dək “VIENNAFAIR”in 10 illiyi ilə bağlı təşkil ediləcək.
Ənənəvi olaraq Mərkəzi, Şərqi, Cənub-Şərqi Avropa ölkələrindən müasir incəsənət nümunələrinin nümayiş etdirilməsi üçün platforma sayılan “VIENNAFAIR”ə bu il ilk dəfə Azərbaycan da qoşulacaq.
Sərginin qeyri-kommersiya təşkilatları və mədəni təmsilçiliklər üçün nəzərdə tutulmuş “VIENNA Focus” bölməsində YARAT Müasir Incəsənət Mərkəzi üçün yer ayrılacaq.
Jurnal qeyd edir ki, Azərbaycan paytaxtının “Sovetski” kimi tanınan rayonu sürətlə dəyişən Bakının nadir məhəllələrindən biri hesab olunur.
“Həmin bu ”Sovetski” məhəlləsi bir-birinə bitişik bir-iki mərtəbəli binalardan və xaotik tikintiyə xas olan dar yollardan ibarət olub əvvəllər cinayətkarlığın yüksək səviyyəsi ilə tanınardı” – deyə “YAREAH Magazine” yazır.
Məqalədə bildirilir ki, “Sovetski” məhəlləsinin sakinləri sıx birləşmiş icma şəklindədir və hazırda ora daha təhlükəsiz rayondur. YARAT Müasir Incəsənət Mərkəzinin rəssamları və fotoqrafları Bakının modernləşən landşaftı fonunda “Sovetski” məhəlləsini əks etdirən əsərlərini sərgiyə çıxaracaqlar.
Qeyd edək ki, YARAT Müasir Incəsənət Mərkəzinin rəhbəri professor Nərgiz Paşayevanın qızı, rəssam Aida Mahmudovadır. Bakıda bütün iri layihələrin hakim ailənin diktəsilə həyata keçirildiyini nəzərə alsaq, indi sökülməkdə olan “Sovetski”nin fotolarla sərgiyə çıxarılması başa düşülmür. Yüzlərlə yerli əhəmiyyətli memarlıq abidəsinin yerləşdiyi bu tarixi ərazi “keçmişin tör-töküntüsüdür” deyə, bəyənilmirsə, o halda onu Avropada niyə tanıdırlar?
Sosial şöbə