Beynəlxalq təşkilat son repressiyalara görə Əliyev hökumətinə qarşı təcili təzyiqlərə çağırır
İnsan Hüquqları Evi Fondu (İHEF) Azərbaycandakı son repressiya dalğasına etriazını bildirən bəyanat yayıb. “Azərbaycanda analoqu olmayan repressiya: vətəndaş cəmiyyətinin əsas liderləri həbsdədir” başlığı ilə yayılan sənəddə deyilir:
“Azərbaycanın hakimiyyət orqanları bir-birinin ardınca ölkə rəhbərliyinin əsas tənqidçilərinə qarşı misli görünməmiş təzyiqlər həyata keçirir. Onlarla QHT-in bank hesabları bağlanıb və ofislərində axtarışlar aparılır. Beynəlxalq cəmiyyət hədəf alınmış və həbs edilmiş insan hüquqları müdafiəçilərini qorumaq üçün təcili tədbirlər görməlidir. Azərbaycan hal-hazırda Avropa Şurasının sədridir və beynəlxalq standartlara uyğun hərəkət etmək, təqib və repressiyalara son qoymaq və bütün həbs edilmiş insan hüquqları müdafiəçilərini azad etmək üçün daha böyük öhdəliyə sahibdir.
Son iki həftə ərzində Azərbaycan hökuməti ölkədəki vətəndaş cəmiyyətinin tanınmış lider tənqidçilərini həbs edib: insan hüquqları müdafiəçisi Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus, “Demokratiya naminə oxu” kampaniyasının koordinatoru, hüquq müdafiəçisi Rəsul Cəfərov və hüquqşünas İntiqam Əliyev. Onların hamısı eyni ittihamlar üzrə həbs edilib (vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və Leyla Yunusa qarşı əlavə olaraq, vətənə xəyanət).
Bu dörd hüquq müdafiəçisinin işində ortaq cəhət Azərbaycanda siyasi məhbuslar üzrə gördükləri iş və beynəlxalq arenada bununla bağlı məlumat yaymalarıdır. İntiqam Əliyev siyasi məsələlərdə hüquqi məsləhət verən nadir hüquqşünaslardan biridir. Rəsul Cəfərov və Leyla Yunus siyasi motivli ittihamlarla saxlanılmış 100-dən artıq insanın siyahısını birləşdirmək üzərində yorulmadan çalışır və həbsdə olarkən, 8 avqustda yeni siyahı vermişdir.
13 İnsan Hüquqları Evindən olan 64 QHT, prezident İlham Əliyevə ünvanlanmış 5 avqust 2014-cü il tarixli birgə məktubda Leyla Yunusun həbs müddətində sağlamlığı barədə xüsusi narahatlıqlarını ifadə ediblər. O, şəkər xəstəliyindən əziyyət çəkir və müvafiq müalicəyə, həmçinin xəstəliyə nəzarət etmək üçün müəyyən edilmiş vaxtlarda yemək yeməyə ehtiyacı vardır. QHT-lər narahatdırlar ki, həbsdə olan şərait onun sağlamlıq vəziyyətinə mənfi təsir göstərə bilər. çünki göründüyü kimi o bu günədək müvafiq tibbi qayğı ilə təmin edilməyib.
Daha çox QHT-lər araşdırmalarla üzləşir və onların bank hesabları dondurulur. QHT rəhbərləri onlara xaricə səyahəti qadağan edən gizli siyahılara salınır və hər an məhkəmə dinləmələri ilə üzləşə bilir.
14 iyulda regional vətəndaş cəmiyyəti rəhbəri Həsən Hüseynli 6 illik həbs cəzasına məhkum edildi. 8 avqust 2014-cü ildə polis ölkədə QHT-lərin media hüquqlarını müdafiə edən aparıcı təşkilat olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) ofislərinə basqın təşkil etdi. Qrupun rəhbəri Emin Hüseynov beynəlxalq cəmiyyətdə tanınmış, məşhur hüquq müdafiəçisidir. 8 avqustda Emin Hüseynov əleyhinə, özünü prokurorluğa təhvil verməsi üçün məhkəmə qərarı çıxarıldı. Ona görə də o, hər an həbs edilə bilər və təcili müdafiəyə ehtiyacı var.
Biz bilirik ki, cəsur hüquq müdafiəçilərinə qarşı olan bu həbslər siyasi motivlidir. Hakimiyyət orqanları ölkənin beynəlxalq, xüsusilə də Avropa Şurası çərçivəsində olan öhdəliklərini yerinə yetirənləri susdurmaq istəyir.
Azərbaycan 2014-cü ilin may ayından Avropa Şurasının Nazirlər Komitəsinin dövrü sədrliyini öz üzərinə götürüb. 2014-cü ilin iyun ayında Azərbaycanın prezidenti İlham Əliyev Şuranın Parlament Assambleyasında çıxış edərkən Emin Hüseynov, Rəsul Cəfərov və İntiqam Əliyev birlikdə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı Strasburqda etriaz aksiyası təşkil etdi.
Hakimiyyət vəziyyəti beynəlxalq cəmiyyətə cilalanmış şəkildə göstərmək istəyir, buna görə də tənqidləri susdurur. Bu repressiya dalğası Azərbaycanın Avropa Şurasına sədrliyi ilə əlaqədardır və hakimiyyətin tənqidi səslərə divan tutmasıdır.
Bu repressiya dalğası Anar Məmmədli və Bəşir Süleymanlının 26 may tarixində müvafiq olaraq 5 il 6 ay və 3 il 6 ay həbs cəzasına məhkum edilməsindən sonra başlayıb. Bu iki hüquq müdafiəçisi Azərbaycanda seçkilərin monitorinqini keçirən yeganə müstəqil qrupun rəhbərləridir. Eyni zamanda gənclər hərakatı olan NİDA-ın 8 fəalı xuliqanlıq, narkotik və partlayıcı saxlamaq, kütləvi iğtişaşa səbəb olmaq ittihamları ilə həbs olunub. İyulun 4-də başqa bir NİDA fəalı Ömər Məmmədov da satış məqsədi ilə narkotik saxlamaqda ittiham edilərək 5 il həbs cəzasına məhkum edildi.
Biz beynəlxalq ictimaiyyəti Azərbaycanda sürətlə pisləşən vəziyyətə təcili reaksiya verməyə, hüquq müdafiəçilərini qorumağa və həbs olunanların azadlığa buraxılmasını tələb etməyə çağırırıq. Beynəlxalq ictimaiyyətin hərəkətsizliyi ölkənin müstəqil hüquq müdafiəçilərinə qarşı təzyiqlərin daha bir neçə həftə davam etməsilə nəticələnə bilər. Avropa Şurası və onun parlamenti bu repressiyanı sakitcə qəbul edə bilməz”.
Qeyd:
Osloda (Norveç) yerləşən, Cenevrədə (İsveçrə) də ofisi olan İnsan Hüquqları Evi Fondu (İHEF) İnsan Hüquqları Evi Şəbəkəsinin (İHEŞ) katibliyidir. İHEF Birləşmiş Millətlər Təşkilatında məsləhətçi statusa malikdir.
İHEŞ Qərbi Balkanlarda, Şərqi Avropa və Cənubi Qafqazda, Afrikanın Şərqində və Qərbi Avropada yerləşən 13 ölkədən olan 18 müstəqil İnsan Hüquqları Evlərində 90 insan hüquqları QHT-lərinin birləşdiyi qüvvəni təmsil edir. İHEŞ-in məqsədi yerli insan hüquqları təşkilatlarını gücləndirmək və dəstəkləmək və onları İnsan Hüquqları Evlərinin beynəlxalq şəbəkəsində birləşdirməkdir. İHEŞ İnsan Hüquqları Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsinin və İnsan Hüquqları Müdafiəçilərinin Balkan Şəbəkəsinin tərəfdaşıdır.
İHEŞ Avropa Şurasında iştirakçı statusa malikdir.
Azərbaycan İnsan Hüquqları Evi İHEŞ-in üzvlərindən biri olub və müstəqil görüş yeri, resurs mərkəzi və Azərbaycanda insan hüquqları təşkilatları üçün koordinator kimi xidmət göstərib. 2010-cu ildə 6000 insan hüquqları müdafiəçisi, gənc fəal, müstəqil jurnalist və vəkil Azərbaycan İnsan Hüquqları Evinin xidmətlərindən istifadə edib. Təşkilat Azərbaycanda insan hüquqlarının müdafiəsinin və təbliğinin mərkəz nöqtəsinə çevrilib. Onun fəaliyyəti Azərbaycan Ədliyyə Nazirliyinin 10 mart 2011-ci il tarixli qərarı ilə dayandırılıb.