Seçki təbliğatı bunu deməyə əsas verir
Türkiyədə prezident seçkilərinə iki gün qalır. Namizədlərin şansları ilə bağlı ən müxtəlif dəyərləndirmələr var. Anket sorğularına görə, bəziləri Ərdoğanı, bəziləri isə CHP və MHP-nin namizədi İhsanoğlunu qalib görürlər. AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi də prezident seçkilərinin nəticələri ilə bağlı proqnozunu «Azadlıq»la bölüşüb. «İstər bundan əvvəlki bədəliyyə seçkilərində, istərsə də prezident seçkiləri qabağı təbliğat və təşviqat zamanı aydın görünürdü ki, AKP-nin namizədi Türkiyə cəmiyyətinin əksəriyyətinin dəstəyini qazanacaq. Son günlərdə keçirdiyi mitinqlər zamanı böyük izdihamla mesajlarını verməyə nail olmuş Rəcəb Tayyib Ərdoğan daha şanslı görünür. Daha çox akademik dairələrlə və qapalı salonlarda görüşlər keçirən İhsanoğlu isə yalnız AKP-nin mexaniki müxalifətinin səsini alacaq. Bundan belə nəticəyə gəlmək olur ki, Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan olacaq», – deyə S.Həzi qeyd edib.
azadlıq.info