Sonucsuz savaş sindromu

Son günlər savaş bölgəsində baş verənlər – ermənilərin hücum çəkib 12 əsgərimizi öldürməsi faktı, bunun ardınca ordumuzun sonucsuz-effektsiz kontrhücumu, siyasi rejimdən qaynaqlanan dedi-qodu kampaniyası – bütün bunlar çox geniş, analitik yazı qonularıdır. Ermənilər bir neçə il qabaq da Tərtərdə indikinə bənzər qırğın törətmişdilər. ANS-ə inansaq, ermənilər ən azı ilin 364 günü bizə saldırıda bulunurlar. Yenə ANS-ə inansaq, il uzunu ( illərlə!) ermənilər bizi güllə yağışına tuturlar. Illərlə biz itkiyə uğrayırıq: “ordumuz regionun ən güclü ordusu”, “dövlətimiz regionda ən güclü dövlət” ola-ola. Güclü də bizik, gücsüzə (ermənilərə) yenilən də bizik. Belə də güclülük olurmu? Demək, bizim güclü olmağımız yalandır. Ya da bizim gücümüzü gerçəkləşməyə qoymayan güclər var. Hə, var, özü də ölkə içində! “Bizim ordumuzun büdcəsi Ermənistanın dövlət büdcəsindən qat-qat artıqdır” (I.Əliyev) deyilirkən biz istər taktiki, istərsə də strateji baxımdan ermənilərə uduzuruqsa, demək, ortada satqınlıq, dönüklük-xəyanət var. Bunu mən yox, loqika-məntiq deyir…

Siz bizim rəsmi informasiya kanallarının sözügedən günlərdə yaydığı informasiyaya baxın: “Azərbaycan ordusunun güclü əks-hücumu qarşısında düşmən ölənlərini və yaralılarını götürərək atəş nöqtəsindən uzaqlaşmışdır”. Az-çox savaşdan başı çıxanları belə qondarma- yalançı informasiyalarla aldatmaq olmaz. Indiki çağda belə gülünc, əttökən savaş propaqandası da yapılmaz! Bir yandan Azərbaycan ordusunun güclü artilleriya-raket hücumundan danışılır, o biri yandan düşmənin ölülərini, yaralılarını arxayınca götürüb getdiyi bildirilir. Belədə soruşmaq gərəkir: sizin raket-artilleriya qurğularınız neçə metr uzağı vura bilir – 30, 40, 50 metr, yoxsa 150-200 metr? Acınacaqlıdır…

Albay (polkovnik) Isa Sadıqovun yeni ordu quruculuğu ilə bağlı “Azadlıq”da çox dəyərli yazısı çıxıb (06.08.2014). I.Sadıqov qabaqca soruşur: “Mən üzü o yana atılmış mərmilərin sayını təsəvvür edə bilirəm. Bu, milyonlarla pul deməkdir. Təbii bir sual meydana çıxır: bu müdhiş atəşlərin, raket yağışlarının nəticəsində düşmənin itkiləri, qabaqkı mövqelərindən onun neçə metr o yana atıldığı hansı düşmən mövqelərinin bizim ordunun kontroluna keçdiyi, hansı yaşayış məntəqələrinin geri alındığı ilə bağlı hesabat verə bilərsinizmi?” Yox! Korrupsiyanın DÖVLƏT SIYASƏTINƏ çevrildiyi ölkədə yalnız mərmi-güllə hesabatı olur –  milyonlarla pul silib mənimsəmək üçün. Çağdaş dünyada ordular boş-boşuna haralarasa güllə, mərmi yağdırmır, görünməzi-bilinməzi raket yağmuruna tutmur. Israil-Fələstin savaşından da gördüyümüz kimi, indi çağdaş ordu gücünü gərəkən obyektləri vurub dağıtmaqla göstərir, bir daha deyək: boşuna raket-mərmi yağışıyla yox!

Isa bəy yubanmadan orduda reforma aparmağa çağırır. Ordunu ən azı yarıyadək azaltmaqla professional ordu yaratmaq gərəyindən danışır. “Ordu” şəxsi heyətin 100 faizi, ştat texnikası, yaraq-sursatla birgə poliqonda təlim keçməli, hərb işinin əlifbasını öyrənməli, savaşa hazırlaşmalıdır. Sizi inandırıram: bu cür ordu ilə siz istəyinizə bütünlüklə yetə bilərsiz”, – deyir Isa bəy. Bizə professional odu gərəkdir – buna söz ola bilməz. Bu yöndə biz Isa bəyə bütünlüklə inanırıq, ancaq onun yuxarıdakı inandırmasına… inanmırıq. Indiki korrupsioner rejimə professional ordu deyil, ildə dörd yol çağırışla dolub-boşalan, gəlib-gedən, ayrıca qazanc qaynağına çevrilən ordu gərəkdir. 

Indiki siyasi sistemlə güclü ordu yaradıla bilməz. Korrupsiya fəlsəfəsi, korrupsiya ideologiyası, korrupsiya dünyagörüşü nə doğura bilərsə, onu da doğurub – indiki Azərbaycan! Polisindən məhkəməsinədək hər nəyin alınıb satıldığı, təhsil sisteminin rüşvət içində darmadağın edildiyi ölkədə güclü-uğurlu ordu axtarışları… yersizdir!