Britaniya təşkilatının rəhbəri hadisələrin dəhşətli ssenari üzrə inkişaf edə biləcəyin deyir
Qarabağda baş verən proseslərlə bağlı beynəlxalq təşkilatlar narahatlıq dolu bəyanatlarla çıxış edirlər. Britaniyanın araşdırmaçı eksperti, LINKS təşkilatının direktoru Denis Sammutla bəyan edib ki, çalışılmalıdır ki, Soçi görüşündən real nəticə ilə yadda qalsın. Ekspert hesab edir ki, əgər bu baş verməsə proseslər məcrasından çıxa və dəhşətli ssenari üzrə hərəkət edə bilər. “Bu zaman müharibə tərəfdarları necə böyük səhvə yol verdiklərini anlayacaqlar”, deyə ekspert vurğulayıb.
Məhşur rus politoloqu Stanislav Belkovski isə hesab edir ki, Putin Qarabağda sülhə nail olmaqla özünün Ukraynada pozulan beynəlxalq imicini düzəltməyə çalışır. Yəni Putin Qarabağda sülpərvər donu geyinməyə müvəfəq olarsa, beynəlxalq aləmdə imicini düzəldə biləcəyinə ümid edir.
Vəfa Quluzadə: «Azərbaycan ya Rusiyaya təslim olmaladır, ya da Avrasiya Ittifaqına daxil olmaqdan imtina etməlidir»
Politoloq Vəfa Quluzadə bildirdi ki, LINKS təşkilatının rəhbərinin açıqladığı bəyanat maraq doğurur. Bəzən Qərbdə Rusiyaya işləyən təşkilatların fəaliyyət göstərdiyini deyən V.Quluzadə vurğuladı ki, bu baxımdan təşkilatın mövqeyini tam anlamaq olmur: “Əgər Azərbaycan seçim qarşısında qalsa ki, ya müstəqillik əldən gedir, ya da müharibə edir. Əlbəttə ki, Azərbaycanın seçimi müharibə etmək olacaq. Bu əslində düzgün seçim olacaqdır. Azərbaycan öz istiqlaliyyəti uğrunda müharibəyə hazır olmalıdır. Bunu LINKS və digər təşkilatlar yaxşı başa düşməlidirlər. Putinlə birləşib bizi qorxutmasınlar. Ikinci Dünya Müharibəsində Hitler Ingiltərəni dəfələrlə bombalamışdı. Amma nəticə nə oldu? Ingilislər savaşı davam etdirdilər. Bu dəfə müharibə olsa, düşmən ciddi şəkildə itki verəcək. Bizim ordumuz Ukrayna ordusundan güclüdür və daha yaxşı silahlanıb”.
V.Quluzadə onu da qeyd etdi ki, Azərbaycanla Ermənistan dəfələrlə razılığa gəlməyə yaxın olub. Amma Rusiya bu razılaşmanın baş tutmasına imkan verməyib: “Azərbaycan ya Rusiyaya təslim olmaladır, ya da Avrasiya Ittifaqına daxil olmaqdan imtina etməlidir. Burada söhbət nə Azərbaycanın, nə də Ermənistanın dikbaşlığından getmir. Burada söhbət Rusiyanın yeni imperialist siyasətindən gedir. Dünya hazırda Rusiyanın imperilist siyasəti ilə üz-üzədir. Böyük Britaniyadan olan təşkilat bunu bilməlidir”.
V.Quluzadə hesab edir ki, Putinin özünə sülhpərvər imici yaratmaq cəhdi də uğursuzluğa məhkumdur. “Rusiya işğal altında olan torpaqlardan Ermənistanın çıxmasını tələb edə bilməz. Çünki işğalçı özüdür. Qarabağ problemini yaradan, ermənilərə Zəngəzuru verən, yeddi rayonu işğal edən də Rusiyadır. Rusiya Qarabağ münaqişəsinin həlli altında Cənubi Qafqaza qoşun yeritmək istəyir. Putinin təkliflərinə razılıq vermək regiondan Qərbin sıxışdırılması deməkdir. Putin Azərbaycanın resurslarını əlinə aldıqdan sonra Gürcüstanı hədəfə çevirəcək”, deyə V.Quluzadə vurğuladı.
Xəyal