Jirinovskiyə “qoyun” təşəkkürü

“Artıq qısa fasilələrlə bir ilə yaxındırdır ki, Bakıdan Binə və Sədərək ticarət mərkəzləri istiqamətindən kənara çıxan maşınlar yol təmiri adı ilə sözün hər iki mənasında aşağı endirilir. Məqsəd buradan keçən hər maşından 50 qəpik qoparmaqdır. Əslində yolun elə təmirə-filana ehtiyacı yoxdur. Məqsəd açıq-aşkar vətəndaşları soymaqdır. Pul vətəndaşlardan Sədərək ticarət mərkəzinə giriş kimi alınır. Bəli, əziz oxucu, dövlətimizin Sədərək ticarət mərkəzinə sevgisi(!) o qədər böyükdür ki, hər rayona gedən maşın mütləq xərac verib keçməlidir. Ilk təəssürat belədir. Ikinci variant isə, dövlətin Sədərək ticarət mərkəzinin rəhbərliyindən… çəkinməsidir. Yəni deyə bilmir ki, o zəhrimar şlaqbaumunu bir az o tərəfə çək, qoy millət sərbəst rayonlara gedib-gəlsin. Və yaxud, get, bazara girən maşınlardan öz ərazində giriş haqqı al. Razılaşın ki, ağlabatan deyil. 

Indi isə bu həngamədəki ən tragikomik məqamı nəzərinizə çatdırmaq istəyirəm, ancaq əsəbiləşməyin…

Sədərək ticarət mərkəzində “alış-veriş”in başa çatmasından sonra da(!) şlaqbaumlar işləyir. Yəni səhər saat 8-dən, axşam saat 19-a qədər hardasa bu giriş-çıxışa haqq qazandırmaq olsa da, razılaşın ki, axşamdan səhərə qədərki “giriş pulu”nun bir adı var – milləti qoyun yerinə qoymaq (ifadəmə görə oxuculardan üzr istəyirəm – X.Ə.). 

Ironiyanı bir kənara qoyaraq deməliyəm ki, ortada Sədərək TM-yə məhəbbət-filan yoxdur, bu pul mənimsənilir. Çox güman ki, bu puldan ticarət mərkəzinə heç qara qəpik də çatmır, əksinə, üstünü düzəldib, verirlər. 

Şəxsən mən(dən) ilk dəfə rüşvəti 1996-cı ildə vermişəm(alıblar). Naxçıvana oradan da Türkiyəyə gedəcəkdim. Hansısa xidmətin əməkdaşları hərbi mükəlləfiyyətim olduğunu nəzərimə çatdıraraq, ölkədən çıxmaq üçün məndən 50 dollar tələb edirdilər. Naxçıvana gedəcəyimi bildirsəm də, faydası olmadı. Təyyarə mənə görə(!) düz 20 dəqiqə… havaya gec qalxdı. Oxşar “proseduru” Sədərək gömrük məntəqəsində də keçdim.

Bəzən haqlı-haqsız bizi rüşvət verdiyimizə, bu qədər müti olduğumuza görə ittiham edirlər. Bu ittihamlara hardasa haqq qazandırmaq olar, amma nəzərə almaq lazımdır ki, bu ölkədə başqa cür, yəni rüşvət vermədən yaşamaq qeyri-mümkündür. Ya həbsxanaya düşəcəksən, ya da ölkəni tərk edəcəksən. Mən sonuncu dəfə rüşvəti atamın – ömrünün 40 ildən çoxunu gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş bir müəllimin dəfn yeri üçün qəbiristanlıq sahibinə verdim. Başqa çıxış yolum yox idi. “Halallıq” dövlət rüsumundan nə az, nə çox, 20 dəfə artıq idi… 

Tarixdə elə bir xalq, millət yoxdur ki, nə vaxtsa zülm altında olmasın. Bu gün dünyaya hakim olan və eləcə də meydan oxuyan xalqlar nə vaxtsa, ya yadelli işğalında inləyiblər, ya da öz millətindən olan diktatorlardan əziyyət çəkiblər. Yalnız XXI əsr olduğuna görə bu proses əcaib görünür. Nə edək, bu da bizim taleyimizdir. 

…Yəqin ki, mənimlə razılaşarsınız ki, Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski qədər Azərbaycan xalqını təhqir edən ikinci bir tanınmış sima tapmaq qeyri-mümkündür. Yəqin ona da etiraz etməzsiniz ki, postsovet məkanda onun qədər simasız siyasətçi tamaq da qeyri-mümkündür. Xalqımız haqqında işlətdiyi təhqiramiz ifadələri heç düşmən erməni siyasiləri belə işlətməyə cürət etmirlər. 

Son dəfə iki ay qabaq Rusiya Dövlət Dumasında o, ümumiyyətlə (!), xalqımızın varlığını inkar etdi. Bundan əvvəlki təhqiri isə, sadəcə dilə gətirmək istəmirəm. Yazının başlığına bir daha nəzər yetirsəniz, özünüz xatırlayacaqsıznız. 

Bu günlərdə məlum oldu ki, Jirinovskiyə Azərbaycanda nifrətlə yanaşı… məhəbbət də var imiş. Özü də hakimiyyətin ən yuxarı eşalonunda, daha dəqiq desək, Prezident Aparatında… 

Aparatın xarici əlaqələr şöbəsinin müdiri, keçmiş filoloq, Novruz Məmmədov bu günlərdə Vladimir Jirinovskiyə təşəkkür edib. Sitat: “Ümummilli lider və prezident Ilham Əliyev haqqında ”Rossiya 24″-də dediyi fikirlərinə görə Jirinovskiyə təşəkkür edirəm”. 

Jirinovskinin Novruz Məmmədov da daxil, qalan 9 milyon haqqında işlətdiyi ifadəni nəzərə alsaq, buna “qoyun təşəkkürü” də demək olar. 

Öz aramızdır, pis səslənmir(!).