Razi Nurullayev: «Kreml deyə bilmədiyi bütün sözləri, Jirinovskinin dili ilə çatdırır»
Bir müddət öncə Rusiya Liberal Demokrat Partiyasının sədri, türklərin düşməni kimi tanınan Vladimir Jirinovski Rusiya telekanallarının birinə müsahibə verdi və Azərbaycan, ölkə başçısı Ilham Əliyev haqqında yüksək fikirlər səsləndirdi.
O zaman Jirinovskinin bu fikirləri qeyri-adi təsir bağışladı. Hətta PA rəsmisi Novruz Məmmədov buna görə Jirinovskiyə təşəkkür də bildirdi. Onu da qeyd edək bu tərifləri söyləməyənə qədər hakimiyyət təmsilçiləri Jirinovskini təlxək və qeyri-ciddi insan kimi qiymətləndirirdilər.
Bəzi ekspertlər həmin vaxt bildirmişdilər ki, Jirinovskinin Azərbaycanla bağlı tərifləri səbəbsiz deyil. Belə ki, Rusiyanın Qərblə münasibətlərindəki gərginlik, Gürcüstan, Ukrayna və Moldovanın Avropa Ittifaqını seçimi etməsi, Rusiyaya qarşı ağır sanksiyalar və digər bu kimi səbəblər, Azərbaycanla münasibətlərin istiləşməsini zəruri edir. Jirinovskinin indiki şəraitdə Azərbaycanla bağlı müsbət fikirlər söyləməsini də ekspertlər bu amillərlə izah edirdi.
Ancaq, prezidentlərin Soçi görüşünə münasibət bildirərkən Jirinovski bəzi məqamlara yenidən aydınlıq gətirib: “Bir məqam dəqiqdir – Rusiya prezidenti hansı qərarı verəcəksə, bunu həm Kiyev, həm Bakı, həm də Irəvan qəbul etməlidir. Biz bir çox ssenarini nəzərdən keçirə bilərik, amma müharibənin olması, yaxud digər proseslər Rusiya dövlət başçısının iradəsinə tabe olmalıdır. Bəli, biz də istəyirik ki, müharibə olmasın. Azərbaycan, Ermənistan, Gürcüstan da qan içindədir. Bu, yaxşı hal deyil, qəbuledilməzdir. Dünyada sülhün, sabitliyin açarı yalnız Kremldədir, Rusiya dövlət başçısının kabinetindədir. Bu 100 il bundan öncə də belə olub, indi də. Həmişə də belə olacaq. Əminəm ki, Rusiya prezidenti Bakı və Irəvanı razı salacaq qərar çıxaracaq. Prezidentlər üçlükdə məsələni həll edəcəklər. Digər qüvvələr də var ki, öz maraqlarına uyğun ssenarini həyata keçirməyə çalışırlar. Lakin kamillik bu xislətlərə qalib gələcək. Hamımızı rus dili birləşdirir. Onlar rus dilində mükəmməl danışırlar. Hesab edirəm ki, Ilham Heydəroviç qan tökülməsinə imkan verməyəcək” – deyə Jirinovski bildirib.
Jirinoviskinin bu fikirlərində təhdid də, xatırlatma da var. O bir daha qeyd edir ki, Rusiyanın razılığı olmadan heç bir tərəf müharibə edə bilməz və buna cəhd edən tərəf Rusiya tərəfindən cəzalandırılacaq. Jirinovski “Ilham Heydəroviç qan tökülməsinə imkan verməyəcək” fikirini təkrarlamaqla, bir daha Rusiyanın mesajını rəsmi Bakıya çatdırır.
Bəzi ekspertlər hesab edir ki, Jirinovski təlxək, türkün düşməni, qeyri-ciddi adam adlandırılsa da, həmişə Rusiya hökumətinin diktəsi ilə hərəkət edir. Jirinovskinin Soçi görüşünə münasibəti də Putinin mesajlarının çatdırılması kimi qiymətləndirilir.
AXCP sədrinin müavini Razi Nurullayev də hesab edir ki, Jirinovskinin məhz Azərbaycanla bağlı səsləndirdiyi fikirlər Rusiya hökumətinin ssenarisidir: “Mən uzun illərdi bu fikirdəyəm ki, Jirinovski Kremlin danışan dilidir. Kreml hansı sözü danışa bilmirsə, hansı bəyanatı şəxsən səsləndirmək istəmirsə, bunu Jirinovskinin dili ilə edir. Jirinovskinin bəzi fikirləri şəxsi mövqeyi ola bilər. Ancaq, sırf siyasi proseslərələ bağlı səsləndirdiyi fikirlər Rusiya hökumətinin sifarişdir. Onu qeyri-ciddi, ardıcıl olmayan siyasətçi adlandırmaq olar. Ancaq, fakt budur ki, böyük bir partiyanın sədridir, Rusiya siyasətində tanınmış şəxsdir və fikirləri maraqla qarşılanır. Soçi görüşü ərəfəsində sərgilədiyi mövqe də, Rusiya hökumətinin mövqeyinin ifadəsidir”
Akif


