“Cəbhədən çıxan” jurnalistlə bağlı partiyadan açıqlama
Bu gün hökumətin nəzarətində olan KİV AXCP-dən daha bir “üzv çıxarıb”. Bu, tanınmış jurnalist kimi təqdim edilən Dəyanət Azərsoydu. Bununla bağlı AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədliov bəyanatla çıxış edib. O, facebook səhifəsində yerləşdirdiyi bəyanatda bildirir:
“Dəyanət Məmmədovun adından yayılan açıqlamada AXCP, onun liderinə qarşı hakim ailənin əxlaq və məniyyatına, özünü ifadə tərzinə xas fikir və iddialar yer alıb. Azərsoyun bəyanatında AXCP-dən çıxdığı, “Azərbaycan saatı” ilə əməkdaşlığa son qoyduğu göstərilir.
Yada salım ki, adıçəkilən şəxs bu günlərdə dələduzluq üstündə həbs edilib. Bütün bunlarla bağlı AXCP mətbuat xidmətinin rəhbəri və “Azərbaycan saatı”nın əməkdaşı kimi bildirirəm.
Bir: AXCP-nin Dəyanət Azərsoy adlı üzvü yoxdur, olmayıb. AXCP-yə üzvlük qapalı, gizli yolla aparılmır. Bu nizamnamə tələbi əsasında baş verir. Hər bir üzv hansısa rayon şöbəsində, dayaq dəstəsində qeydə alınır. Qətiyyətlə bildirirəm ki, Dəyanət AXCP-nin heç bir inzibatı təşkilat vahidində qeydə alınmayıb, üzv olmayıb.
İki: “Azərbaycan saatı”nın bu adda heç bir əməkdaşı olmayıb. Proqram Azərbaycan videoməkanında olan maraqlı videolardan istifadə etdiyi kimi, bir-iki dəfə bu adamın çəkdiyi sosial məzmunlu sujetə yer verib. Dəyanət Azərsoy heç zaman “Azərbaycan saatı”nda işə götürülməyib, bunu təsdiq edən heç bir arayış vəsiqə daşımayıb. Redaksiyadan hər hansı mövzu üzrə çəkiliş aparılması ondan xahiş edilməyib. İşdi, kimlərsə bu adam tərəfindən “Azərbaycan saatı” adınan dələduzluğa məruz qalıbsa, bu barədə bizi də məlumatlandırmağınızı xahiş edirik.
Üç: Azərsoyun adından açıqlanan iddialara gəlincə, onlarda zərrə qədər də həqiqət yükü yoxdur. Ağılı və vicdanı yerində olan heç kəs onlara inanmaz. Oarda göstərilən hər hansı bir sözə yanılaraq inanan varsa xüsusi arayış verməyə hazırıq.
Nəhayət; Yayılan açıqlama böhtan və cəfəngiyyat olmaqla yanaşı Azərbaycan hakimiyyətinin nə qədər xəstə təfəkkürün əsarətində olduğunu göstərir. AXCP və onun liderinə qarşı belə axmaq və yüngülməcaz əks təbliğat kampaniyası heç vaxt ayaq tutub yeriyə bilməz. Belə yalanları düzüb qoşanlarla yanaşı onları əks tərəfin – indiki halda bizim mövqeyimizi öyrənmədən yayanlar da utanmalıdır. Azad və müstəqil media adına iddia edən hər kəsdən mövqeyimizi işıqlandırmağı xahiş edirəm. Bunu etmədən ancaq şəri, böhtanı yaymaqla kifayətlənəcəksinizsə, elə o dələduzun tayısınız demək…
P.S. Çox məmnunam ki, bizim üzümüzə duranlar dələduzlardır”.