Baş verənlər həqiqətən də utancvericidir. Bu hakimiyyət Azərbaycan tarixinə elə böyük ləkələr vurdu ki, uzun illərdən sonra bu dövrü “ləkəli tarix” adlandıracaqlar. Çünki, tarix öz xalqına bu qədər nifrət edən hakimiyyətlə rastlaşmayıb. Deməli, 20 ildən artıqdır ki, torpaqlarımız işğal altındadır və işğalçının rəsmi adı ermənidir. Yəni vətəndaşımızı qətlə yetirən, uşaq, qoca, qadın bilmədən işgəncəyə məruz qoyan ermənidir. Amma Azərbaycan hakimiyyəti ölkənin ən vicdanlı, vətənpərvər adamlarını “ermənipərsət” adlandırır. Yəni öz vətəndaşını ən böyük düşmənimizin adı ilə çağırır. Əslində, vətənə xəyanətin ən böyük göstəricisi hakimiyyətin vətəndaşa münasibətində əks olunub.
Hakimiyyətin xəyanətinin ikinci görsənişi, atəşkəsin pozulması və cəbhədə əsgərlərimizin şəhid olması fonunda baş verdi. Biz, bu bir neçə günlük müharibə ab-havasında nələri müşahidə etdik?
Onu müşahidə etdik ki, hakimiyyət şəhid olmuş əsgərlərin qisasını öz vətəndaşından almaq yolunu tutdu. Cəbhədən hər ölüm xəbəri gəldikcə, Bakıda bir hüquq müdafiəçisinin həbsinə şahidlik etdik. Həm də o hüquq müdafiəçilərinin ki, yerli və beynəlxalq ictimaiyyət demokrat, vicdanlı və peşəkar hesab edir. Bəli, hakimiyyət əsgərlərimizin həlak olmasından hiddətlənib düşəmi darmadağın etmək əvəzinə, yaranmış vəziyyəti fürsət bilib şəxsi düşəməni hesab etdiyi adamlarla haqq-hesab çürütdü.
Bu isə, Azərbaycan əsgərinə, ərazi bütövlüyümüzə və insan taleyinə verilən qiymət idi. Sanki bu günlər ərzində hakimiyyət “hər şəhid əsgərə görə, bir vicdanlı vətəndaşı həbs edək” şüarı ilə hərəkət etdi.
Təsəvvür edin ki, cəbhədə atəşkəsin pozulduğu vaxtda müxalifət mitinq təyin edir. O zaman bütün rejim telekanlları, qəzetlər, hökumət təmsilçiləri müxalifətə “vətən xaini” damğası vurardılar. Ancaq müxalifət bu vəziyyətdə ordumuza dəstəyini ifadə etdi və müharibə başlayacağı təqdirdə ön cəbhədə olacaqlarını bildirdilər.
Ancaq məlum oldu ki, hakimiyyətin nə müharibə etmək, nə də torpaqları düşməndən təmizləmək fikri var. Çünki, cəbhədə döyüşlərin getdiyi 3-4 gün ərzində hakimiyyət bütün resurslarını səfərbər edərək ölkədə “vergidən yayınan”, “ermənipərəst”, “hüquq pozan” axtarırdı. Əks halda bu həbslər başqa bir vaxta təsadüf edərdi və hakimiyyətin simasında müharibə əhvalı hiss olunardı.
Onsuz da uzun illərin müşahidəsi təsdiqlədi ki, Ermənistanla atəşkəs imzalanmasının əsas məqsədi xalqa qarşı müharibə elan etmək imiş.
Görünür, 20 ildən sonra atəşkəsin pozulması da hakimiyyətin niyyətlərinə xidmət edə bilir. Onu da qeyd edək ki, cəbhədə son baş verənlərdə, hakimiyyətin ermənilərə dəstəyi də hiss olundu. Belə ki, əsgər ölümlərinə və erməni vəhşiliyinə etiraz edən gənc 30 sutka həbs cəzası aldı.
Ancaq istənilən halda hakimiyyət son olaylardan uduzaraq çıxdı. Əvvəla, məlum oldu ki, orduda xeyli nöqsanlar var. Daha sonra aydın oldu ki, hakimiyyət qorxu içindədir və ordusu, pulu, silahı olmayan fərdlərdən çəkinir. Leyla Yunusun, Rəsul Cəfərovun, Intiqam Əliyevin həbsi göstərdi ki, avtoritar rejimlər üçün ən böyük təhlükə vicdanlı insandır. Son olaraq həbs olunmuş bu 3 şəxs rejim üzrində qələbə qazandı.
Bu həbslərə görə hakimiyyətə təşəkkür edən birini gördünüzmü?
Amma beynəlxalq təşkilatlar, dünyanın ən güclü dövlətləri bu həbslərə etiraz edir və həbs olunmuş şəxslər bəşəriyyətin vicdanı kimi qiymətləndirilir.
Bir sözlə, bugün ard-arda həbs olunan ictimai-siyasi fəalları “atəşkəs məhbusları” da adlandırmaq olar.
Bir gün mütləq ədalətsizliklə susqunluq arasındakı atəşkəs pozulacaq. O zaman kimin kim olduğu təsdiqini tapacaq.