ABŞ Rusiya təhlükəsini niyə müzakirəyə çıxardı?

Rahim Hacıyev: «Azərbaycan hökumətinin demokratiyanı boğması Rusiya üçün də çox vacibdir»

ABŞ analitiklərinin Cənubi Qafqazdakı durumla bağlı  şərhləri və verdiyi proqnozlar maraq doğurur. Vaşinqtonda Vilson Mərkəzində keçirilən dəyirmi masada səslənən bir sıra fikirlər maraq doğurur. Məsələn, Kennan Institutunun ekspertləri Stiven Cons və Ronald Sani öz çıxışlarında qeyd ediblər ki, Rusiya bu regionda hegemonluğa can atır və öz ambisiyalarını Qərbin dünya hegemonluğuna can atması ilə izah edir. “Cənubi Qafqaz ölkələrinin gələcəyi bir çox halda onların birgə işləmək qabiliyyətindən asılı olacaq. Bəlkə də indi yox, amma uzaq perspektivdə bu, mümkündür”, – deyə R.Sani hesab edir.

Dəyirmi masada müzakirələr regionun üç ölkəsi arasında qarşılıqlı münasibətlər, dövlət quruculuğu məsələləri, demokratiyanın vəziyyəti və iqtisadi durumun yaxşılaşdırlması ilə bağlı olub. “Region üçün ən mühüm, məsələlərdən biri dövlət aparatının cəmiyyətə təzyiqidir. Hər üç ölkədə hökumətlər öz vətəndaşlarının fəaliyyətini və təhlükəsizliyini təmin edə bilməyiblər. Bunu hətta Gürcüstanda da edə bilmədilər. Bu, o deməkdir ki, hər üç ölkədə vəziyyət çox kövrəkdir. Orada hökumət var, amma demokratiya yoxdur. Ən yaxşı vəziyyət Gürcüstandadır, Ermənistanda ortadır, Azərbaycandaÿ demokratiya ən zəifdir”, – deyə S.Cons bildirib.

Ekspertin fikrincə, “hökumətin üstün olduğu və ictimaiyyətdən yüksəkdə durduğu” Ermənistanda belə nüfuzlu və nisbətən cəsarətli vətəndaş cəmiyyəti var. Lakin Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həbsi fonunda demokratiyanın saxlanmasına ümidlər çox azdır.

Siyasi ekspert Rahim Hacıyev hesab edir ki, Krımın işğalı Rusiyanın yeni imperialist niyyətlərini açıq ortaya qoydu. Bundan sonra Qərblə Rusiya arasında münasibətlərin müəyyən mənada “soyuq müharibə” dövrünə qayıtdığını deyən R.Hacıyev vurğuladı ki, Rusiya bütün qonşular üçün ciddi təhlükə mənbəyinə çevrilir: “Cənubi Qafqazı həmişə təsir dairəsi kimi qəbul edən Rusiya bu regiona təsirini artırmaq üçün səylərini gücləndirir. Öz növbəsində Qərb ölkələri bu regiona diqqətlərini artırdılar. Qərbdə çox yaxşı bilirlər ki, Cənubi Qafqaz ölkələrində demokratiyanın inkişafı bu regionun Qərbə inteqrasiyası üçün müstəsna əhəmiyyət kəsb edir. Cənubi Qafqazın demokratiya yoluna çıxmaması demokratik institutlar və dəyərlərin inkişaf etməməsi bu regionun daha çox Rusiyanın təsiri altında qalmasını təmin edir. Azərbaycan hökumətinin demokratiyanı boğması Rusiya üçün də çox vacibdir. Nə qədər ki, Azərbaycan hökumətinin bu siyasəti davam edəcək, o vaxta qədər bu regionda Rusiyanın imkanları daha da artacaq Qərbin imkanları azalacaq”.

Xəyal