Bu günlərdə saytların birində belə bir məlumat oxudum: hökumət tramvayları yenidən Bakıya qaytarmaq istəyir, buna görə isə 1 milyard manat lazımdır. Xəbərdən belə görünürdü ki, Bakıda son tramvay xətti “Xətai” metro stansiyasından Montin bazarınadək məsafədə əhaliyə xidmət edirmiş, onun sökülməsi əməliyyatı isə 2004-cü ildə sona çatıb.
Yəni düz 10 il bundan əvvələdək tramvayların artıq bir sərnişindaşıma vasitəsi kimi gərəksiz olduğunu elan edib onun “fatihə”sini oxuyanlar indi onun əhəmiyyətini “başa düşüb”, bərpasına çalışırlar. Əmin olun ki, bu, büdcəni talan etməyin yeni yoludur. Tramvay xətlərini sökəndə bir gün həmin xətləri yenidən çəkəcəklərini lap yaxşı bilirdilər. Hər şey lap əvvəldən daha bir korrupsiya mənbəyi hazırlamaq üçün düşünülmüşdü.
Soruşacaqsınız: bu həngamənin içində, bu vurhavurda tramvayın yeridir?
Əlbəttə, məsələ tramvay məsələsi deyil.
Yuxarıda yazdıqlarımız illərdir ölkənin sərvətlərinin, neft pullarının talan edilməsinin tipik örnəklərindən biridir. Amma bu, nə qədərimizi narahat edib indiyədək? Nə qədərimiz bu haqda düşünüb? Bu zəngin torpaqlar üzərində yoxsul həyat yaşamağımızın səbəbləri və səbəbkarları barədə nə qədərimiz fikirləşməyə vaxt, həvəs, maraq tapır, ən əsası isə vətəndaşlıq məsuliyyəti və cəsarəti hiss edirik özümüzdə?
Düşünmək bir yana, hamımızın yerinə düşünənləri “vətən xaini” kimi türmələrə dolduranda oturub sükutla seyr edirik. Seyr etmək bir yana, bəzən rejimin təşkil etdiyi ümumi xora qoşulub biz də “vətən xaini” şoularında iştirak etməyi özümüzə rəva görür, vicdanımıza sığışdırırıq.
Bu saat kompüter başında oturub sosial şəbəkələrdə hər gün bir-iki rayon, beş-altı kənd azad edildiyi günlərdə bütün bunları niyə yazıram? Yazıram, çünki bizdəki “sezonnı” vətənpərvərlik adamın qəlbini sıxır, ürəyini ağrıdır, könlünü bulandırır. Bizdə niyəsə əksəriyyət elə hesab edir ki, vətən yalnız erməni güllə atanda vətəndir. Bəs qalan vaxt bu “vətənpərvərlər” hara buxarlanır? Bu vətəni beş-üç oliqarx dədə malı kimi öz aralarında bölüşdürəndə, öz cibləri, öz bank hesabları, öz ofşor şirkətləri boyda görəndə niyə biz həmin “vətənpərvərliyin” heç “v” hərfini belə görmürük. Sonra da belələrinin “vətənpərvər” yox, “vətənşüvən” olduğunu deyəndə xətirlərinə dəyir, kefləri pozulur. Başlayırlar adama nifrin, kin qusmağa.
Axı vətən – həmişə vətəndir. Axı vətən hansısa situasiyada vətən olmur, ilin hansısa günü, ayı vətən olmur. Axı “sezonnı” vətən olmur.
Vətən yalnız atəşkəs pozulanda vətən deyil.
Vətən sərvətləri talananda da vətəndir.
Vətən seçkilər saxtalaşdırılanda da vətəndir.
Vətən neft pulları ofşor zonalara daşınanda da vətəndir.
Vətən yeganə suçu fərqli, müxalif düşünmək olan insanlar şərlənərək türmələrə doldurulanda da vətəndir.
Vətən beş-üç olqiarx dənizi hasarlayanda da vətəndir.
Vətən Qarabağ qazisi məmur zülmünə etiraz edib özünü yandıranda da vətəndir.
Vətən hansısa nazir oğlu bir milyon ayı kababı yeyərkən övladına toy etməyə pul tapa bilməyən atalar intihar edəndə, bir tikə çörək üçün bətnindəki dörd aylıq körpə ilə gənc bir ana Türkiyəyə gedib orada fahişəliyə məcbur ediləndə də vətəndir.
Vətən bir ovuc adam hakimiyyət qəsbkarı qul haqqı yeyib, məzlumun ahını alıb dəbdəbəli villalar ucaldanda, 200 minlik “inomarkalarda” şütüyərkən ömrünün 40 ilini yazıb-yaratmağa həsr edən bir şair müalicəyə 12 min avro pul tapa bilməyib öləndə də vətəndir.
Ən əsası isə: insanın heç bir zaman ölkəsində bütün bu olub-bitənlərə əsl vətəndaş münasibəti olmayıb yalnız erməni güllə atanda vətənpərvər olması hədsiz dərəcədə saxta, dəhşətli dərəcədə bayağı görünür.
Vətəndaş münasibəti olmayanlar, necə vətənpərvər ola bilərlər axı?!