“Arifi də, məni də öldürmək istəyirlər”

Leyla Yunus bəyanat verdi

Həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bəyanat verib. Bəyanatda deyilir:

“30 iyul 2014-cü il tarixində mən və həyat yoldaşım Arif saxta ittihamlarla bir sıra ağır cinayətlərdə, o cümlədən, dövlətə xəyanətdə günahlandırıldıq. Elə həmin gün məni həbs edib, Kürdəxanı istintaq təcridxanasına gətirdilər.

 Avqustun 5-də Arifi həbs etdilər və Kürdəxanıya gətirdilər.

Avqustun 7-də isə onu MTN təcridxanasına apardılar. Mən siyasi məhbus problemi ilə uzun müddətdir məşğulam və MTN-dəki işgəncələrdən çox yaxşı xəbərdaram. Qərarı da gözəl anlayıram – ailəmizi – Arifi də, məni də fiziki olaraq, məhv etmək.

2005-ci ildə Elmar Hüseynovun qətlindən sonra məni də öldürüləcəyim barədə xəbərdar etmişdilər. Əlbəttə ki, mən də qorxurdum. Amma, görünür, o zaman – biz bu məlumatı yaymışdıq – öldürmək qərarından vaz keçdilər. Bu günsə, 2014-cü ildə Azərbaycandakı qanlı tiraniya artıq heç bir sərhəd tanımır.

Mən tam aydınlığı ilə anlayıram bunu – mənə və Arifə vəhşicəsinə, ölənəcən əzab verəcəklər…

Əziz əqidədaşlar, danışın bu barədə! Ucadan danışın! Qoy eşitsinlər və bilsinlər ki, Azərbaycanda – Avropa Şurasına rəhbərlik edən ölkədə necə bir qanlı tiranlıq hökm sürür”.

Leyla Yunus

8 avqust, 2014

_____________

Leyla Yunusun hüquqlarını Müdafiə Komitəsindən qeyd: Arif Yunusun həbsindən sonra Leyla Yunusa sovqat, o cümlədən, ərzaq və dərman aparılması üçün dostlar müstəntiqən icazə istəyiblər. Müstəntiq İbrahim Ləmbəranski bu icazənin verilməsini uzadır. Leyla Yunusun dərmanları bitib və bu dərmanlar ona çatdırılmasa, vəziyyəti çox pis olacaq.