Hökumət yalnız qiymət artımı zamanı dünya ilə həmrəy olur
Iki gün öncə məlum oldu ki, Azərbaycanda “Premium Euro-95″ markalı benzinin qiyməti qalxıb. Verilən məlumata görə, ölkəyə xaricdən gətirilən və qiyməti bundan əvvəl 93 qəpiyə satılan bu növ yanacaq 4 qəpik artaraq 97 qəpik olub.
Iqtisadçılar dəfələrlə izahat verib ki, Azərbaycanda benzinin qiymətinin qalxmasının heç bir iqtisadi əsaslandırması yoxdur. Indiki dövrdə benzinin qiymətinin növbəti dəfə qaldırılmasını da zəruri edən səbəb yoxdur.
Ancaq hökumət izah etməyə çalışır ki, benzinin qiymətinin qalxması dünya bazarındakı artımla bağlıdır. Ancaq iqtisadçıların növbəti arqumenti bu fikri də alt-üst etdi.
Ekspertlər bildirir ki, dünyada brend benzinin qiyməti son 10-15 gündə sürətlə enir. Dünənki birja məlumatlarına görə, brend markalı benzinin qiyməti 104 dollar 50 sent olub. Yəni son günlərdə 10 dollara yaxın ucuzlaşma müşahidə edilir. O da bildirilir ki, hazırda bir çox ölkələrdə “Premium Euro-95″in qiymətində ucuzlaşma var: Məsələn, Avropada Norveçdən sonra ən bahalı benzin Türkiyədə satılır. Orda belə benzinin qiymətində ucuzlaşma müşahidə olundu. Azərbaycanda ”Premium Euro-95″in qiymətinin qaldırılmasını dünya bazarındakı vəziyyətlə izah etmək məntiqsizlikdir. Birincisi, Azərbaycan neft istehsalçısı olan ölkə kimi keyfiyyətli benzin istehsalını da təmin etməli idi. Amma hökumət bu 20 ildə bunu etməyi bacarmadı.
Ümumiyyətlə, bugünə qədər istər benzinin, istərsə də digər məhsulların qiymətindəki artımın ağlabatan əsaslandırması olmayıb. Çünki, ölkədə rəqabət mühiti yoxdur və benzinin qiyməti də şəxsi maraqlara uyğun olaraq dəyişdirilir. Daha acınacaqlı məqam bundan ibarətdir ki, benzinin qiyməti qalxdıqca, keyfiyyət aşağı düşür. Ekspertlər hesab edir ki, Azərbaycandakı benzin nəinki AVRO-4, heç AVRO-2 standartlarına da cavab vermir.
Əgər son qiymət artımları həqiqətən də dünyadakı artımla bağlıdırsa, bu da əsaslı arqument deyil. Niyə Tarif Şurası dünyada qiymətlər enəndə də, eyni addımı atmır? Bu necə iqtisadi siyasətdir ki, yalnız artımlarla ayaqlaşmağı tələb edir?
Bütün məsələlərdə “bizim öz yolumuz var” deyən hökumət, qiymət artımı zamanı dünyadakı vəziyyətə istinad edir.
Əslində bundan əvvəlki qiymət artımları kimi, budəfəki qiymət artımı da daha çox qazanmağa və büdcə kəsirlərini bu üsulla azaltmağa xidmət edir.
Bəzi ekspertlər hesab edir ki, qiymət artımları müəyyən aralıqlarla yenə də davam edəcək, uğursuz iqtisadi siyasətin yaratdığı boşluqlar xalqın hesabına sığortalanacaq.
Akif