Vəkilə Ruslan Nəsirli ilə görüşə imkan verilməyib

Vəkil Fəxrəddin Mehdiyev 30 sutka həbs cəzası alan və Yasamal Rayon Polis Idarəsinin təcridxanasında saxlanılan AXCP fəalı Ruslan Nəsirli ilə görüşə bilməyib. Bu barədə “Azadlıq”a Fəxrəddin Mehdiyevin özü bildirib. “Görüşmək üçün məndən müqavilə tələb edildi. Bildirdim ki, qanunvericilikdə belə bir şey yoxdur. Görüş üçün yalnız vəkillik vəsiqəsi və orderi təqdim olunur ki, mən də bunu etmişəm. Lakin israr etdilər. Mən də müqavilə təqdim etmək qanunsuz olduğu üçün imtina etdim. Sabah yenidən görüş üçün müraciət edəcəm. Əgər yenə eyni hal baş versə yuxarı instansiyalara üz tutacam”.

Vəkil onu da bildirib ki, məhkəmənin qərarı ona təqdim edilib. “Iki günə apelyasiya şikayətini hazırlayıb, Bakı Apelyasiya Məhkəməsinə təqdim edəcəyik”, – deyə Fəxrəddin Mehdiyev bildirib.  

Xatırladaq ki, Ruslan Nəsirli “facebook”da “Ali baş komandan cavab veri!” eventi yaratdığına görə həbs olunub. 3 gün Ruslan Nəsirlinin həbsi barədə rəsmi qurumlar heç bir açıqlama verməyib. Bu da həmin müddətdə onun işgəncəyə məruz qalması ehtimallarını artırır. 

Ruslan Nəsirli xırda xuliqanlıq və  polisə tabe olmamaq maddələrilə təqsirli bilinirək Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 sutka azadlıqdan məhrum edilib.