Rusiyadan şübhəli Qarabağ təklifi

Azərbaycan hakimiyyətinə hansı sazişi imzalatdırmaq istəyirlər?

Ermənistanla Azərbaycan arasındakı gərginliklə bağlı maraqlı faktlar ortaya çıxıb. Rusiya mətbuatının yazdığına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu ərəfədə Qazaxıstana səfəri təsadüfi deyil. Səfər zamanı Qarabağda son günlərdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi məsələsinə də toxunulacağı ehtimal edilir. Avrasiya İttifaqı İnstitutunun baş direktoru Vladimir Lepexin isə bildirib ki, vəziyyətin sabitləşdirməsi üçün “Azərbaycan və Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü olması vacibdir. Dinc qonşuluq münasibətləri üçün Ermənistan tərəfdən Rusiya, Azərbaycan tərəfdən isə Qazaxıstan zəmanət verməlidir”.

Bu ərəfədə yayılan başqa bir xəbər də diqqətdən yayınmamalıdır. Məlum olub ki, Minsk qrupunun həmsədrləri prezidentlərin görüşündə iştirak etməyəcəklər. Ceyms Uorlik, İqor Popov və Pyer Andriye Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın Soçidə keçirilməsi planlaşdırılan görüşünə qatılmağı planlaşdırmırlar.

Başqa bir məqam isə Prezident Administrasiyasının təmsilçisi Əli Həsənovun açıqlamasıdır. Ə.Həsənov vurğulayıb ki, bəzi qüvvələr gələcəkdə Azərbaycanın hərb yolu ilə Qarabağ problemini həll etməsinin qarşısını almaq üçün onun fəaliyyətini məhdudlaşdırmağa, hansısa müqavilə ilə əl-qolunu bağlamağa çalışırlar.

Vəfa Quluzadə: «Azərbaycanın əl-qolunu bağlayaraq Avrasiya İttifaqına sürükləməyə çalışırlar»

Azərbaycan və Ermənistanın Avrasiya İttifaqına üzvlüklə bağlı Rusiyanın irəli sürdüyü və mətbuatda şərh edilən sonuncu planının gerçəkləşmə şansını olduqca aşağı qiymətləndirən politoloq Vəfa Quluzadə bildirdi ki, Azərbaycanın stabiliyi təmin edəcəyi ilə bağlı Qazaxıstanın qarant kimi çıxış etməsi gülüncdür. Çünki Qazaxıstan Rusiya və Ermənistanın yaxın müttəfiqidir. V.Quluzadə hesab edir ki, əslində bu cür təşəbbüsün irəli sürülməsi Rusiyanın çıxılmaz durumda olmasını göstərir. ATƏT-in Minsk Qrupu üzvlərinin isə Soçidəki toplantıya qatılmamasının təsadüfi olmadığını deyən V.Quluzadə vurğuladı ki, bu bir daha baş verənlərin Rusiyanın təşəbbüsü ilə baş verdiyini göstərir: «Əvvəlla Putin həmsədrləri Soçiyə dəvət etməyib. Digər tərəfdən Rusiya ATƏT-in əl-qolunu bağlamağa çalışır. Belə bir addım atmaqla Rusiya həmçinin münaqişənin həllini də inhisarına almağa çalışır. Rusiyanın hazırda yeganə arzusu Ermənistanla Azərbaycanı Gömrük İttifaqına sürükləməkdir».

V.Quluzadə hesab edir ki, Rusiya atdığı addımlarla Cənubi Qafqazda böyük nüfuz sahibi olduğunu və Azərbaycanın da onu dəstəklədiyi imicini yaratmağa çalışır».

Ə.Həsənovun açıqlamasına gəlincə isə V.Quluzadə hesab edir ki, ciddi əsas olmadan belə bir bəyanat verilməz. «Görünür Azərbaycanın əlinin-qolunun bağlanması istiqamətində həqiqətən də ciddi cəhdlər var ki, Azərbaycan rəsmisi belə bir açıqlama ilə çıxış edir. Azərbaycanın əl-qolunu bağlayaraq Avrasiya İttifaqına sürükləməyə çalışırlar. Əli Həsənovun isə belə bir bəyanat verməsi ona işarədir ki, Azərbaycan iqtidarı Avrasiya İttifaqına qəbul olmaq istəmir»,  deyə V.Quluzadə vurğuladı.

Xəyal