Putin Avropadan gələn kənd təsərrüfatı məhsullarına qadağa qoydu
Məhəmməd Talıblı: «Sanksiyalar Rusiyaya iqtisadi imkanlarını nəinki genişləndirməyə imkan verməyəcək, ölkədə humanitar faciə baş verəcək»
Rusiya prezidenti Vladimir Putin ölkəsinə qarşı sanksiyalar tətbiq edən ölkələrə kənd təsərrüfatı mallarının ixracına qadağa və ya məhdudiyyətlər barədə sənədə imza atıb. Rusiyanın dövlət mediasının bildirdiyinə görə, dövlət başçısı hökumətə gələn il üçün ixrac mallarının siyahısının təşkilinə dair göstəriş verib. Sənəddə hansı mallara məhduyyətlər qoyulduğu bildirilmir. Rusiyanın Krımın ilhaqı və Ukraynanın rusiyapərəst separatistlərini silah və digər hərbi təchizatla təmin etməsindən sonra ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib. Bu arada müstəqil Levada mərkəzinin keçirdiyi rəy sorğularına görə, Vladimir Punin reytinqi 87 faizə qalxıb. 2007-ci ildə bu göstərici 85 faiz təşkil edirdi.
Levadanın Rusiyada anti-Amerika əhval-ruhiyyəsinə dair sorğularına görə, respondentlərin 34 faizi Amerikaya “pis”, 40 faizi isə “olduqca pis” münasibət bəsləyir. «Rusiyanın ABŞ-dan ərzaq idxalına qadağası Rusiyanın beynəlxalq ictimaiyyətdən təcridini dərinləşdirəcək». Ağ Evin sözçüsü Laura Lucas Magnuson ötən gün belə deyib. Bildirib ki, Moskvanın Qərb ölkələrinin sanksiyalarına cavab zərbəsi Rusiya iqtisadiyyatına zərbə vuracaq.
Rusiya Mərkəzi Bankı da bildirib ki, ərzaq idxalına qadağa ölkədə inflyasiyanın artmasına səbəb olacaq. Rusiyanın ərzaq standartları agentliyinin sözçüsü Aleksei Alekseenko yerli mətbuata müsahibəsində ABŞ-da istehsal olunan “bütün növ ərzaq məhsullarının”, o cümlədən “Avropa Birliyindən gətirilən bütün meyvə və tərəvəz”in idxalının dayandırılacağını açıqlayıb. ABŞ və AB ölkələrindən Rusiyaya hər il milyardlarla dollar dəyərində ərzaq idxal olunur. Qərb ölkələri Ukraynadakı münaqişədə iştirakına görə Rusiyaya qarşı bir neçə dəfə sanksiya tətbiq edib.
İqtisadçı Məhəmməd Talıblı bildirdi ki, bu mərhələdə Rusiyaya qarşı yönələn sanksiyalar daha çox iqtisadiyyatın ayrı-ayrı sahələrini təsiri altına alır. Rusiyanın atdığı qarşı addıma gəlincə isə, bunu bir o qədər də təsirli saymayan M.Talıblı vurğuladı ki, Rusiyanın əsas ticarət tərəfdaşlarına qarşı sanksiya tətbiq edəcəyi az inandırıcıdır: «Rusiyanın ərzaq tələbatının ödənilməsində xarici ölkələrin payı var. Rusiyanın kənd təsərrüfatı məhsulları üzrə böyük imkanları olsa da, hər halda Rusiyanın istehlak etdiyi ərzaq məhsullarının böyük bir qismi xarici dövlətlərə məxsusdur».
Tətbiq olunan sanksiyaların, kənd təsərrüfatı məhsullarında çatışmamazlığın Rusiyanın bank sektoruna, maliyyə bazarına ciddi təsir edəcəyini proqnozlaşdıran M.Talıblı vurğuladı ki, bu heç şübhəsiz Rusiya iqtisadiyyatında inflyasiyanın yüksəlməsinə səbəb olacaq. «Baş verənlər isə Rusiyaya iqtisadi imkanlarını nəinki genişləndirməyə imkan verməyəcək, ölkədə humanitar faciə baş verəcək. Nəticə əhalinin gəlirlərinin bir qismi inflyasiyanın yeminə çevriləcəkdir», deyə ekspert vurğuladı.
Xəyal