Orduda analoqu olmayan “islahat”

Hərbi geyimlərə Heydər Əliyevin şəkli vurulur

Bir müddət öncə yazmışdıq ki, Azərbaycanda yalnız Heydər Əliyev kursuna əsaslanan siyasi partiyaların qalması istiqamətində rəsmi təbliğat başlanıb. Bu fikrimizi isə “Azərbaycan” qəzetinin “Siyasi sistemdə yeni konfiqurasiya: istinadgah Heydər Əliyev kursudur” məqaləsi ilə gücləndirmişdik. Həmin silsilə məqalələrdə yazılırdı: “Azərbaycanda Heydər Əliyev kursu bütün siyasi partiyaların, qrup təsisatlarının fəaliyyət amalına, əsaslandığı ideyaya, təmsilçisi olduğu siyasi görüşə çevrilir.

ABŞ üçün Istiqlaliyyət Bəyannaməsinin müəllifləri olan ”bani atalar”, Hindistan üçün Mahatma Qandi, Çin üçün Mao Tszedun və Den Syaopin, Türkiyə üçün Mustafa Kamal Atatürk nədirsə, Azərbaycan üçün də Heydər Əliyev kursu o olmalıdır, bu kursu yalnız bir partiyanın, açıq desək, ancaq Yeni Azərbaycan Partiyasının fəaliyyət müstəvisində məhdudlaşdırmaq olmaz”.

Bu yanaşmadan da açıq şəkildə görünür ki, Azərbaycan hakimiyyəti Şimali Koreya nümunəsini reallaşdırmaq üçün əlindən gələni edir və Əliyevlərdən başqa hamının lazımsız olduğu təbliğatı aparılır.

Son günlər orduyla bağlı yayılan məlumatlar bu fikrimizi bir daha gücləndirdi və hakimiyyətin bütün sahələrdə eyni siyasəti apardığını təsdiqlədi.

Belə ki, redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, müdafiə naziri Zakir Həsənovun göstərişinə əsasən bütün zabitlər formalarına Heydər Əliyevin şəkli olan nişan taxmalıdır. Bəzi hərbi ekspertlər də deyilənləri təsdiqlədi. Ekspertlər hesab edir ki, hərbi qulluqçuların formalarında Heydər Əliyevin embleminin vurulması və bunun hərbiçilərdən tələb edilməsi qanunsuzdur. Çünki, nizamnamə, qanunvericilik bunu inkar edir və hərbi qulluqçunun geyimində yalnız nizamnaməyə uyğun emblemlər olmalıdır.

Torpaqlarımızın 20 faizinin düşmən tapdağı altında olduğu bir vaxtda, hakimiyyətin ordudakı bu tipli “islahat”ları əsl məqsədi bir daha üzə çıxarır. Yalnız siyasi arenada deyil, bütün sahələrdə zorla şəxsiyyətə pərəstiş və yaltaqlıq tələb olunur.

Bu tendensiya ilə Heydər Əliyevi sevməyənlər, onun şəklini sinəsində daşımayanlar “vətən xaini” hesab ediləcək.

Ordu dövlətin əsas dayağı, təhlükəsizliyi, qarantıdır. Hakimiyyət isə, bu dayağı öz şəxsi ambisiyaları hesabına sarsıtmaqdadır.

Görünür, Heydər Əliyev parkları, Heydər Əliyev muzeyləri, Heydər Əliyev kompleksləri, Heydər Əliyev prospektləri kifayət etmir. Indi də Heydər Əliyev əsgəri yaradırlar.

Əslində bu məsələyə Müdafiə Nazirliyinin izahat verməsi yaxşı olardı. Biz də bilərdik ki, hərbiçilərin formasındakı bu dəyişiklik torpaqlarımızın geri qaytarılmasında nə kimi köməklik göstərəcək. 

Görünən odur ki, xalq hakimiyyətdən itirilmiş torpaqların geri qaytarılmasını, hakimiyyət isə torpağı geri qaytarmalı olan ordudan “emblem” tələb edir.

Akif