Müharibə sadəcə hərb deyil, böyük siyasətdir

Azərbaycan gözlənilən müharibəyə hansı müttəfiqlərlə qoşulmalıdır?

Hərbi eyforiya başa çatandan sonra, mətbuat ermənilərdən aldığını alıb, verdiyini verdikdən sonra, Müdafiə naziri hərbi əməliyyatların dayandırıldığını elan etdikdən sonra, nəhayət, ali baş komandan və prezident Ilham Əliyev Azərbaycana qayıtdı. Onun harada olduğu hərbi sirr deyildi: 2003-cü ildən üzübəri onun harada istirahət etdiyi, nə zaman işdə, nə zaman istirahətdə olduğu barədə heç bir rəsmi məlumat olmur. Kritik situasiyalar yarananda bəlli olur ki, prezident iş yerində deyil, haradasa başqa bir ölkədə istirahət edir. Amma məsələ bunda deyil.

Güclü hökumətin pulları və şəkilləri

Məsələ ondadır ki, müharibə, sözün kökündə “hərb” elementi dayansa da, yalnız hərbi iş deyil, həm də siyasi, diplomatik işdir və bu baxımdan, indiki mərhələdə Azərbaycan- Ermənistan münaqişəsinin müharibə fazasına keçməsi bizim üçün məqbul sayıla bilməzdi. Bir neçə mühüm səbəbə görə.
Hər şeydən əvvəl, Azərbaycan özünün diplomatik-siyasi mövqelərinin ən uğurlu zamanında deyil. Qərb Azərbaycanla siyasi gərginlik ərəfəsindədir. Söhbət, neft alverindən və ya truba layihələrinin razılaşdırılmasından getmir. Söhbət, Azərbaycan vətəndaşlarının şərlənərək həbs edilməsi prosesindən gedir və Qərb bu prosesi ardıcıl bəyanatlarla izləyir.
Azərbaycanla bağlı siyasi baxışlar o qədər nahamardır ki, hətta Ukrayna böhranında birmənalı olaraq, Rusiyanı dəstəkləyən Ermənistana münasibətin daha loyal olduğunu söyləmək olar. Ilham Əliyev siyasi savaşa start verib, bir müddət əvvəl səfirləri də Bakıya çağıraraq, bu siyasi savaşın anonsunu verdi. Onlara tapşırdı ki, olduğunuz ölkələrdə siyasi məhbuslarla bağlı bəyanatları qulaqardına vurun.
Bu baxımdan, Azərbaycanın hərbi əməliyyatları siyasi müttəfiqlər olmadan da üzbəüzdür və bunun nəticələrini proqnozlaşdırmaq üçün xüsusi ağıl sahibi olmaq lazım deyil. Ən dar məqamda güvənə biləcəyimiz Türkiyənin də başı prezident seçkilərinə qarışıb. Hətta xüsusi baş qarışıqlığı olmasa belə, indi Türk diplomatiyasının çox ağır zamanlarıdır. Müharibə ehtimalı gerçəkləşərsə, Azərbaycanın indi güvənə biləcəyi başqa müttəfiqi yoxdur. Doğrudur, Ermənistanın da vəziyyəti daha parlaq deyil, amma onun yanında Rusiya var. Rusiya isə indi Ukraynadakı dilxorçuluğun əvəzini çıxmaq üçün əməlli-başlı fürsət axtarışındadır. Üstəlik, Qarabağ savaşında növbəti məğlubiyyət olarsa, daha Ilham Əliyevin nə qara qaşına-qara gözünə, nə də neft kəmərlərinə heç kim baxmayacaq. Azərbaycanı 20 illik atəşkəsdən sonra bərpa edilmiş hərbi əməliyyatların nəticələrini rəsmən tanımağa məcbur edə bilərlər. Yeni Müdafiə naziri Zakir Həsənovun səngər şəkilləri, havaya uçurulan qırıcılar-mırıcılar da ölkənin işinə yaraya bilməz.
Bəli, diktatorların rəhbərlik etdikləri ölkələrdə hesabat olmur. Buna görə də, əgər beyninə “müharibəni başlayırıq” fikri daxil olsa, oralarda (yəni, yaxın-uzaq çevrəsində) heç kim Ilham Əliyevi bu fikri əməlli-başlı saf-çürük etmək üçün dilə tuta bilməyəcək. Əksinə, hamı hesab edəcək ki, əgər turnikdə 10 dəfə dartına bilirsə, Daşkəsəndəki qızıl yataqlarını ələ keçirə bilibsə, mobil rabitə operatorlarına sahiblik edirsə, nə bilim, offşorlara milyardlarla para yatıraraq Azərbaycanın ən müqtədir oliqarxına çevrilə bilibsə, deməli, müharibəni də uda bilər.

Döyüşə yəhudi oliqarxları gedirmi?

Amma axı, müharibə oliqarxlıq söhbəti deyil. Nə qədər haqlı mövqeyin olsa da, müharibədə müttəfiqlərə ehtiyacın var. Israil balaca bir dövlətdir, amma hərdən, hətta bütün dünyanın da idarəçiliyini onun boynuna qoyurlar. Israilin Qəzzada başladığı hərbi əməliyyatlar qarşısında yalnız Israil davam gətirə bilərdi – özünün lobbisi, başqa dövlətlərin siyasətinə təsir imkanları, olduqca sıx təşkilatlanmış yəhudi icmaları, sərəncamında olan hədsiz media və pul imkanları ilə. Başqa heç bir dövlət bu qədər təzyiqin qarşısında duruş gətirə bilməzdi. Hətta bir çox hallarda Amerika Birləşmiş Ştatları da bu qədər təzyiqin qarşında duruş gətirə bilmir və geri çəkilir.
Azərbaycan Israil deyil və onun malik olduğu göstəricilərin heç birinə sahib deyil. Pilotsuz uçuş aparatlarının Bakı ətrafındakı istehsalına baxmayaraq…

Hökumətin güvənəcəyi xalq hardadır?

Azərbaycanın hansı müttəfiqləri var? YAP-ın ən təəssübkeş politoloqları belə, bu polemikaya qoşula bilərlər. Əlbəttə, Azərbaycanın tələbi haqlıdır. Işğal olunmuş ərazilərini azad etmək onun təbii haqqıdır. 20 illik atəşkəs müddətində buna qadir olan ordu yaradıb-yaratmaması başqa bir məsələdir. Şübhəsiz, müharibə başlasa, on minlərlə könüllü də öz xidmətini təklif edəcək. Amma… Azərbaycan hökumətinin müharibə aparmaq üçün könüllülərə ehtiyacı varmı?
Xalqa heç zaman verilməyən maliyyə hesabatlarına görə, indi Azərbaycan ordusu dünyada ilk 30-luq siyahısına daxil olan bir hərbi birləşmə olmalıdır. Hətta 30 faizlik korrupsiya ehtimalını da nəzərə alsaq. Yenə də, amma… Azərbaycan hökuməti Azərbaycan xalqını müttəfiq hesab edəcək qədər açıq və cəsarətli bir hökumətdirmi? Məncə, hökumətin millətə belə bir etimadı yoxdur. Ikicə günlük atışma da göstərdi ki, hökumət xalqa öz hərbi planları haqqında heç nə demək istəmir. Bu sözləri deyəcək adamın – prezidentin ölkədə olmamasını nəzərdə tutmuram. Onu nəzərdə tuturam ki, Azərbaycan hökuməti bu torpaqlarda yaşayan xalqlara və insanlara güvənmir. Ona görə də oliqarxiya meydana gəlib. Ona görə də insanların şəxsi azadlığı və mülkiyyət hüququ ilə bağlı ağıllarına gələni edirlər. Belə bir hökumət ən kritik zamanda belə, xalqa güvənib onu xarici düşmənlə döyüş üçün silahlandırmaz.
Bundan əlavə, bugünlərdə yayılan bir xəbərə görə, orduda zabitlərin yaxasına Heydər Əliyevin şəkillərini vurmaq tapşırılıb. Əgər bu da doğrudursa, o halda, hökumət aşkar etiraf edir ki, bu, Azərbaycan ordusu deyil, siyasi ordudur və onun xalqa deyil, Əliyevçi hökumətə dəxli var.

Ölmüş dəvənin dərisi

Rusiya Azərbaycanın müttəfiqi deyil. Orada uzun illər boyu Azərbaycanı söyən, təhqir edən Jirinovski kimi tərbiyəsiz siyasətçilər Ilham Əliyevin ünvanına bircə kəlmə xoş söz deyən kimi onu “dost” elan etsələr də, minnətdarlıq etsələr də, Rusiya Azərbaycana dost ölkə deyil və strateji anlamda Azərbaycanın qənimidir. Ermənistanla müharibə başlasa, Rusiya bütün hərbi-siyasi-diplomatik imkanlarından Azərbaycana badalaq vurmaq üçün istifadə edəcək. Buna onun imkanları da var. “Dəvə nə qədər ölü olsa da, dərisi bir eşşək yüküdür”, deyiblər. Üstəlik, indiki halında yaralı Rusiya çox qorxuludur və onun oyunlarında yer almaq olduqca pis nəticələr verə bilər.
Zatən, Rusiya bunu gizlətmir də. Uzağa getməyək, elə bugünkü Soçi görüşündə Rusiyanın özünü Ermənistan tərəfdən, Qazaxıstanı isə Azərbaycan tərəfdən vəkil təyin etməsi faktı Rusiyanın özünün seçimidir. Nə qədər siyasət, nə qədər oyun olsa da, bu, hadisələrin və faktların məntiqi nəticəsində baş verir.ÿ

Türkiyədən gələcək 100 min könüllü

Türkiyə indi bütün mənalarda düşmənlərin əhatəsindədir. “Qonşularla sıfır problem” doktrinasının yanlış hesablanan nəticələri Türkiyəni bütün qonşularla düşmən durumuna gətirib çıxarıb və Güney Qafqazdakı hərbi proseslərə müdaxilə etmək imkanında deyil. Türkiyəli ayrı-ayrı “guerilla”lar Azərbaycana 50 minlik, 100 minlik qoşunla gələ biləcəklərini elan edərlər, amma bu cür adamların hamısı, toplamda 50 nəfəri də gətirə bilməzlər. Hətta 500 nəfər gətirsələr, nə dəyişir ki? Türkiyə dövləti Yaxın Şərqin geosiyasi xəritəsinin dəyişməsi uğrunda diplomatik və sair savaş aparır. Qafqaz onun prioritetləri sırasında deyil. Türkiyədə ən milliyyətçi kəsimlər isə, sadəcə olaraq, romantik bir çevrədir, Bakı bulvarının sərin küləyi onlar üçün Vətənpərvərlik və Millətpərvərlik şarkısıdır. Siyasi dərinliklərdə isə türk milliyyətçilərinin mühüm qismi, təəssüf ki, məzhəbçidirlər və sünni-şiə polemikasına milliyyətçiliyin təməllərini müəyyən edən problematika kimi baxmaqdadırlar. Ayrıca, Türk millətçiləri Türkiyə dövlətinin siyasətinə müdaxilə etmək qüdrətində deyillər.

Tarixi hansı kitablardan oxumaq lazımdır?

Iran və başqa yaxın-uzaq coğrafiyalar haqqında isə ümumiyyətlə, danışmağa dəyməz.
Bu durumda müharibəyə başlamağın hansı nəticələri ola bilər, onu başqaları proqnozlaşdırsın. Söhbət ondan gedir ki, müharibəni başlamaq üçün ona hazırlaşmaq lazımdır. Hərbi və siyasi tədbirlər görmək lazımdır. Yalnız hərbi tədbirlərə güvənib savaşa başlamaq tarixin heç bir zamanında təminatlı qələbə gətirməyib. Zakir Həsənovun tarix barədə hansı biliklərinin olduğunu bilmirəm. Amma oralarda hərb tarixi ilə tanışlığı olanlar, hər halda, var. Bu adamları dinləmək lazımdır. Onları qorxutmadan danışdırmaq lazımdır. Onlar müttəfiqlər haqqında danışacaqlar. Ukraynanın apardığı savaşın müttəfiqlərinə sahib olmağın zəruriliyini xatırladacaqlar. Zatən, Şərqi Ukrayna problemi ilə Qarabağ problemi arasında heç bir fərq yoxdur. Orada da, burada da atan kazaklardır…